Və ya Maqsud İbrahimbəyovun real, doğru və uğurlu seçimi
Dünya şöhrətli ziyalı, tanınmış mədəniyyət xadimi, xalq yazıçısı Maqsud İbrahimbəyov rəhbəri olduğu Milli Sülh Komitəsinin uğurlu seçimini və qərarını bəyan etdi. O, qarşıdan gələn prezident seçkilərində Cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcək. Əslində, bu gözlənilən qərar idi və Maqsud İbrahimbəyov kimi ağsaqqal, hörmətli bir şəxsin cərəyan edən ictimai-siyasi hadisələrə doğru qiymət verməsi də gözlənilən qərarın tərkib hissəsi kimi qəbul olunmaqdadır. Çünki o, həm də bir mədəniyyət xadimi kimi dövlətin ona verdiyi yüksək qiyməti dəyərləndirməyi bacaran insanlardandır. Belə ki, Maqsud İbrahimbəyov uzun illərə söykənən yaradıcılıq fəaliyyəti dövründə həm Ulu Öndər Heydər Əliyevin, həm də Onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin qayğısı, etimadı ilə qarşılaşıb ki, bu faktor xalq yazıçısının işinə kifayət qədər stimul verib. Bu gün yazıb-yaradan Maqsud müəllim, ilk növbədə, Azərbaycan dövlətçiliyinin inkişafı istiqamətində etdiyi seçimi ilə daha da ucaldı. Bu seçim həm də Onun haqqıdır. Ancaq...
HEÇƏ ENDİRİLMİŞ HÖRMƏT
Ancaq təəssüfedici məqam budur ki, Maqsud müəllimin qardaşı Rüstəm İbrahimbəyov ondan fərqli olaraq nəinki dorğu yolda deyil, həmçinin, yaşının ahıl çağında bu günə qədər əldə etdiyi bütün uğurlarını və hörmətini ayaqlar altına ataraq heçə endirdi. Çünki bir neçə il bundan öncəyə qədər R.İbrahimbəyov da M.İbrahimbəyov kimi yaradıcılıq karyerasının ən yüksək nöqtələrində yer alan şəxsiyyət kimi formalaşmışdı. Belə ki, bu formalaşmanın təməlində Azərbaycan dövlətinin ona göstərdiyi qayğı və etimad amilləri dayanırdı. O da yazıb-yaradırdı. O da yeni-yeni filmlər üzərində işləyərək, potensialını nümayiş etdirirdi. Ona da Azərbaycan dövləti və rəhbərliyi tərəfindən fəxri adlar verilirdi. R.İbrahimbəyov Azərbaycan Kinomatoqrafçılar İttifaqı kimi təşkilata rəhbərlik edərək, fəaliyyətini aparırdı.
Hətta o zaman-zaman bugünkü iqtidarı dəstəkləyərək, bir çox çıxışlarında bu hakimiyyətə heç bir alternativin olmaması haqqında geniş nitqlər, söyləyir, məqalələr yazırdı. Ancaq haradan bilinməliydi ki, R.İbrahimbəyov bu kimi çıxışlarını boğazdan yuxarı, qeyri-səmimiyyətlə ictimailəşdirirmiş. Sən demə onun məqsədi tamamilə başqa məcraya yönəlmişdi. Şəxsi məqsədlər, şəxsi mənfəət və s. Nəticədə, hər şey göz qabağındadır.
MAQSUD İBRAHİMBƏYOV: "MƏN ARTIQ ÖZ SEÇİMİMİ ETMİŞƏM..."
R.İbrahimbəyov bu gün Azərbaycanda siyasi-iqtisadi maraqları olan qaranlıq siyasi dairələrlə, erməni lobbisindəki aşnaları ilə, eləcə də 20 ildir ki, eyni aqibəti yaşayan dağıdıcı müxalifət "liderləri" ilə əlbir olaraq, dövlətçilik maraqlarını satmaqla məşğuldur. Bu gün ona qarşı haqlı etirazlarını bildirən tərəflər isə sən demə "düzgün adamlar" deyilmiş (?!-R.). Belə çıxır ki, R.İbrahimbəyov qardaşı Maqsud İbrahimbəyovun etdiyi ədalətli, uğurlu və şərəfli seçimini də kölgə altına qoymuş olur. Beləliklə, o, həm də öz ailəsinə qarşı xəyanət etmiş olur.
Gəlin daha bir reallığa baxaq. Son aylar iqtidarı ittiham edən açıqlamaları ilə gündəmə gələn, vaxtaşırı olaraq müxalif mətbuata müsahibə verərək, Azərbaycan xalqını inqilaba səsləyən "Ziyalılar Forumu"nun təsisçisi, "Milli Şura" ideyasının müəllifi R.İbrahimbəyovun müxalifətin "vahid namizədi" olacağına dair müzakirələr gündəmə ilə gəlib. Ancaq Maqsud İbrahimbəyov, qardaşı olmasına baxmayaraq, R.İbrahimbəyova dəstək verməyəcəyini deyib: "Mən artıq öz seçimimi etmişəm. Qarşıdakı seçkilərdə Cənab Prezident İlham Əliyevə səs verəcəm. Heç kim də şübhə etməsin ki, seçkilərin qalibi İlham Əliyev olacaq".
Göründüyü kimi, bu iki qardaş arasındakı iki böyük fərq də ondadır ki, onlardan biri - Maqsud müəllim əsil Azərbaycan ağsaqqalına, ziyalısına yaraşan addım ataraq, şərəfli seçimini edib. R.İbrahimbəyov isə ziyalılığını, vicdan və ləyaqətini arxa plana keçirərək yanlış seçim üzərində dayanıb. Bu yanlışlıq isə ona gələcəkdə heç də başucalığı gətirməyəcək.