PDF Oxu

Köşə

  • 1 658

Rüstəm İbrahimbəyovdan "siyasətçi" düzəltmək

Rüstəm İbrahimbəyovdan "siyasətçi" düzəltmək

Kino çəkən Rüstəm İbrahimbəyovdan "siyasətçi" düzəltmək, əslində, taxtadan, ya da dəmirdən konfet düzəltməyə daha çox bənzəyir. Çünki onun "Milli Şura"nın "vahid namizədi" seçilməsi ətrafında mülahizələr yürüdərkən, məhz belə qənaətə gəlmək mümkündür. Unutmaq lazım deyil ki, Eldar Namazovun Moskva səfərindən sonra ona verilən tapşırıqlardan biri də R.İbrahimbəyovdan namizəd düzəltmək sifarişi olunub. Ona görə də o, ilk növbədə, R.İbrahimbəyovu "vahid namizəd" qismində təqdim etdi və guya "şura" təmsilçiləri də Namazovun bu təqdimatını "yekdilliklə" təsdiqlədi. Gəlin bir daha "şura" təmsilçilərinin İbrahimbəyovun namizədliyini "dəstəklərini" müqayisə edək. ALP sədri Əvəz Temirxan deyib ki, R.İbrahimbəyov məşhur kino çəkəndir və onun "vahid namizəd" olmasını dəstəkləyir (?). Temirxanın bu kimi "dəstəyini" anlamaq olmur. Nə olsun ki, R.İbrahimbəyov kino çəkəndir? Məgər bunun "vahid namizədliyə" hər hansı bir təsirimi var? Onda gərək Hollivudun kino xadimləri bir-bir ABŞ-ın prezidenti seçilməlidilər ki, nədi-nədi, onlar "Oskar" mükafatı laureatlarıdır. Vallah, bu qədər məntiqsiz danışıqdan sonra ALP sədrinin siyasətçi olmağına şübhə ilə yanaşıram.

Ya da götürək VHP-nin mövqeyini. Müxalifət mediası yazır ki, VHP üzvləri İbrahimbəyovun namizədliyini "dəstəkləyir". Axı, VHP üzvləri, bütövlükdə VHP deyil. Gəlin görək, VHP sədri Sabir Rüstəmxanlı İbrahimbəyovun namizədliyini dəstəkləməsi haqqında mətbuata açıqlama veribmi? Verməyib. Ona görə də, bəzi VHP üzvlərinin baş reneqata dəstək vermələri heç nəyi həll etmir.

Müxalifət həqiqətən də birləşmiş olsaydı, "Milli Şura"nın sessiyası ən azından Müsavatın qərargahında deyil, böyük mədəniyyət saraylarının birində keçirilərdi

Görünən odur ki, bu gün Azərbaycanda 50-dən artıq müxalifət partiyası fəaliyyət göstərir. Bu partiyalardan yalnız bir neçəsi "Milli Şura"dadır və oradakı bir neçə partiyanı "birləşmiş müxalifət" kimi təqdim etmək özü-özünü aldatmaq deməkdir. Bir də ki, əgər müxalifət həqiqətən də birləşmiş olsaydı, "Milli Şura"nın sessiyası ən azından Müsavatın qərargahında deyil, böyük mədəniyyət saraylarının birində keçirilərdi. Beş-on nəfərin isə "birləşmiş müxalifət" kimi təqdim olunması cəmiyyətdə sadəcə ironik gülüşlə qarşılanmaqdadır.

ASDP sədri Araz Əlizadə "Milli Şura"nı oyuncaq qurum sayır və bu strukturun nominal rəhbərləri R.İbrahimbəyovla E.Namazovu vəziyyətdən maksimum bəhrələnməyə çalışan insanlara bənzədir. A.Əlizadə hesab edir ki, "ABŞ, Türkiyə və Rusiya Azərbaycan müxalifətinə kömək edəcək" vədləri ilə müxalifətçiləri aldatmağa, onları yalanlara tuş edərək məqsədlərinə çatmağa çalışan R.İbrahimbəyov və E.Namazov cütlyü əsla Azərbaycanı düşünmür: "Məndə belə hiss yaranıb ki, sürəkli olaraq demokratiya, müstəqillik və insan haqlarından danışan bəzi insanlar "böyük qardaş" olmadan keçinə bilmir, sürəkli olaraq özlərinə "xozeyin" arayırlar."

Göründüyü kimi, "vahid namizəd"in müəyyənləşməsi "Milli Şura"nın nə qədər çətin vəziyyətdə qalmasının göstəricisidir. Çünki uzun illərdir ki, hakimiyyətə gələ bilməyənlərin siyasətdən kənar birinin ətəyindən yapışmaları onların səviyyə göstəricisi kimi sıfır həddini göstərir.

Digər xəbərlər