Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Söz yox ki, demokratik mühit çərçivəsində ayrı-ayrı siyasi təşkilatların hər biri oktyabrda baş tutacaq marafona öz maraqları və platformaları çərçivəsində qatılacaqlar. Təbii ki, ənənəvi müxalifət partiyaları da müxtəlif adlar altında yaradılan qurum və birliklərdə təmsil olunmaqla seçkilərə gedəcək. Belə partiyalardan biri də AXCP sədri Əli Kərimlidir. Ə.Kərimli özünün namizəd olmayacağını bildirməklə, hazırda yaradılmış yeni "birlikdə" - "Milli Şura"da Rüstəm İbrahimbəyovun "vahid namizəd"liyini dəstəkləyir. Həmin Kərimlidir ki, hazırkı dövrə qədər bir neçə seçkidə rüsvayçılıqla məğlub olub.
Öz siyasi fəaliyyətində qeyri-konstruktivliyi, dağıdıcılığı təbliğ edən "cəbhə" sədri, seçkidə kimi müdafiə etməsindən asılı olmayaraq, öz təşviqatının mühüm komponenti hesab etsə də, onun seçicilər tərəfindən boykot edilməsi reallıqdır. Eləcə də Ə.Kərimliylə yanaşı addımlayan Müsavat başqanı İsa Qəmbərə. Həm İ.Qəmbər, həm də Ə.Kərimli vaxtilə Azərbaycanda 1992-ci ildə cəmi 1 il ərzində uğursuz siyasi hakimiyyətdə təmsil olunmuş insanlardır və onların hakimiyyəti dövründə respublikamızın ictimai-siyasi həyatında yalnız uğursuz, xoşagəlməyən, qanlı-qadalı hadisələr baş verdi. Hər iki partiya sədri yenidən siyasi hakimiyyətə can atmaqla sanki uğursuzluqlarını yada salmağa çalışırlar. Şübhəsiz, Azərbaycan xalqı, cəmiyyət isə heç nəyi unutmur, İ.Qəmbərin, Ə.Kərimlinin hakimiyyətdə olduğu dövrdə Azərbaycana yaşatdıqları bəlaları yaddan çıxarmayıb. Xalqımız növbəti dəfə öz üzərində eksperiment aparılmasına razı deyil və razı olmayacaq. Bəziləri deyirlər ki, biz yenidən hakimiyyətə gəlmək, siyasi hakimiyyətdə təmsil olunmaq istəyirik. Siyasi hakimiyyətdə təmsil olunmaq üçün əhali arasında müəyyən nüfuza malik olmalısan. Əgər sən siyasi hakimiyyətdə təmsil olunub ölkəni bərbad vəziyyətə salmısansa, bunun acısını xalq çəkibsə, bunu heç vaxt unutmayacaq. "Günahımız yalnız məğlubiyyətimizdir" deyərək siyasi hakimiyyətdə olduğu dövrdə yol verdiyi nöqsanlardan yaxa qurtarmaq istəyən cütlük xalqın tənəsindən heç vaxt azad ola bilməyəcək. Çünki hər iki şəxs real fikirlər, proqramlar ortaya qoymaqdansa, ümumi sözlərlə, qeyri-obyektiv, həqiqətə söykənməyən, populist tənqidlərlə öz təşviqatlarını qurublar. Bir ara mətbuat qarşısında müxtəlif "mehribançılıq" fotoları çəkdirən, çay və mürəbbə süfrələri arxasında oturan sonra isə özlərinə yaxın mətbu orqanlarda bir-birlərini kəskin tənqid, hətta təhqir edən AXCP və Müsavat rəhbərlərinin son 8 illik siyasi davranışları sübut edir ki, həm Ə.Kərimli, həm də İ.Qəmbər tərəfdaşlıq, qarşılıqlı etimad məsələsində də uğurlu partnyor deyillər. Məhz buna görə də onlar hansısa qrantlar və xaricdən alınan sifarişlər əsasında fəaliyyət göstərirlər. Siyasi səhnədə arxivə gömülmüş "İctimai Palata" üzvləri, həmin qurumun mehriban düşmənləri görəsən yenidən başqa bir formatda - "Milli Şura"da nə üzlə toparlanıblar? Hansı məqsədlərlə yenidən bir araya gəliblər? Bunu yaxın 3 ayda baş verəcək siyasi proseslər göstərəcək. Ancaq görünən budur ki, bunlar elə bənzər aqibətə doğru sürətlə addımlayırlar. Tarix isə hər zaman göstərib ki, belə sürətlə addımlayanlar tez-tez büdrəyirlər.