PDF Oxu

Köşə

  • 1 484

AZƏRBAYCANIN GƏLƏCƏYİNİ XARİCDƏ AXTARANLAR

AZƏRBAYCANIN GƏLƏCƏYİNİ XARİCDƏ AXTARANLAR

"Milli Şura"nın Sem dayılara, İvan qospodinlərə və digər serlərə, misterlərə satılmış aparıcı qulları yenidən səfərlərə çıxıblar. Belə ki, "Milli Şura"nın sədri Rüstəm İbrahimbəyov Belçikaya, qurumun üzvü və "EL" hərəkatının sədri Eldar Namazov ABŞ-a, "EL" hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev isə Türkiyəyə səfər ediblər. E.Quliyev müxalifət mətbuatına açıqlamasında bildirib ki, bu üç səfər "Milli Şura"nın ümumi işi çərçivəsində həyata keçirilir. Yəni bu gün hər kəs çox gözəl bilir və anlayır ki, "Milli Şura" bu ölkənin siyasi məhsulu deyil, məhz xarici qaranlıq dairələrin "brak" istehsalıdır. Belə istehsalların ömrü isə çox az olur. Məsələn, "İctimai Palata" kimi.

Orada çox simasız siyasilər oturublar və ağızlarını Qərbə, Şimala açaraq sümük umurlar

Məsələ ondadır ki, E.Quliyev iddia edib ki, "Milli Şura" ümumi iş çərçivəsində sözügedən səfərlərini müəyyənləşdirib. "Milli Şura"nın ümumi işi isə, əlbəttə ki, yeni-yeni sifariş xarakterli təlimatlar almaq və həmin təlimatları Azərbaycanda icra etməkdən ibarətdir. Bunu durbinlə, binoklla, başqa optik cihazla deyil, sadə gözlə görmək mümkündür. Çünki E.Quliyev də yaxşı bilir ki, onun "Milli Şura"dakı təmsilçiliyi tamamilə qeyri-milli məsələlərə söykənib. Çünki E.Quliyev daim ölkədə separatçılıq və bölücülük fəaliyyəti göstərən adam kimi tanınır. Belələrinin isə "şura"da olması təəccüblü deyil. Çünki E.Quliyevlə yanaşı, orada çox simasız siyasilər oturublar və ağızlarını Qərbə və Şimala açaraq sümük umurlar.

Yəni onlar qapı-qapı, dalan-dalan, tin-tin düşüb Azərbaycanın gələcəyini çörəyini yeyib, suyunu içdikləri ölkədə axtarmaq yerinə, onu xaricdə axtarırlar. Özü də necə... Biri Ankarada, biri Brüsseldə, digəri də Vaşinqtonda Azərbaycanı, onun xalqını, iqtisadiyyatını və yerdə qalan bütün sahələrini Türkiyənin, AB-nin və ABŞ-ın protektoratlığına vəd edirlər. Yəni təki bu hakimiyyət getsin, yerinə kim gəlir-gəlsin. Daha hesablamaq yoxdur ki, bunların hər birinin də öz maraqları var. Hələ Moskvanı, Tehranı demirik. Ona görə də çox düz olaraq deyilir ki, bu, milli müxalifət deyil, satılmış, xəyanətlər törədən "5-ci kolon"dur.

Onları hər zaman tərəzidə necə aldadıblarsa, bu dəfə də aldadacaqlar

Sabah bunlar növbəti dəfə çıxacaqlar müxalifət mediasına və uğurlu səfərlərdən dəm vuraraq, guya seçkilərdə qalib gələcəklərini bəyan edəcəklər. Ancaq onlar unudurlar ki, siyasi gələcəyini xaricdə axtaran istənilən tərəf rüsvayçı məğlubiyyətdən o tərəfə keçə bilməyəcək. Bu, daha öncələr də belə olub, indi də belədir. Yox, əgər "Milli Şura"nın aparıcı qulları öz dividendlərini ölkə daxilində aparmağa güc tapa bilərdilərsə, onda başqa söz deməyə də ehtiyac qalmır. Ancaq göründüyü kimi, xalq belələrindən imtina etdiyinə görə, onlar da üzlərini tutublar xaricə və Azərbaycanın gələcəyini axtarmaqla yanaşı, bu ölkənin milli-dövlətçilik maraqlarını satmaqla məşğuldurlar. Fəqət, unudurlar ki, xarici bossları onları hər zaman tərəzidə necə aldadıblarsa, bu dəfə də aldadacaqlar. Üzləri də Azərbaycan xalqının yanında olacaq qapqara. Əgər onlarda həmin üz tapılarsa...

Digər xəbərlər