İsa Qəmbər qərarından geri çəkilmədiyini bir daha bəyan edib
Müsavat Məclisinin ötən həftə keçirilən iclasından sonra, "Milli Şura"da mövcud olan gərgin durum daha ağır müstəviyə keçib. Xatırladaq ki, sözügedən iclasda çıxış edən Müsavat başqanı İsa Qəmbər "şura"nın aparıcı təmsilçilərinə ultumativ şəkildə deyib ki, əgər bu gün "Milli Şura" mövcuddursa, buna səbəb Müsavat partiyasının dəstəyidir: "Milli Şura"nın bəyannaməsi qəbul edilərkən, biz Müsavat olaraq bildirdik ki, bəyannamədə qurumun hədəfləri açıq-aşkar göstərilməlidir. "Milli Şura"nın tərkibi ilə bağlı fərqli yanaşmalar var idi. Burada biz həmkarlarımızın mövqeyini nəzərə alaraq, böyük bir birliyin yaradılmasına razılıq verdik. Amma bundan əvvəl biz "Milli Şura"da real müxalifətin təmsil olunmasını istəyirdik".
"Şura" mövcudluğuna görə Müsavata borcludursa, İ.Qəmbərin bu məsələdə qazancı, mənfəəti nədir?
Göründüyü kimi, İ.Qəmbər burada yalnız öz namizədliyinin üzərində dayanacağı ilə bağlı fikirlərini önə sürüb və eyni zamanda, yerdə qalan müxalif siyasi təşkilatları real müxalifət kimi görmədiyini dolayısı ilə nümayiş etdirib. Bu zaman istər-istəməz Müsavat başqanının məlum açıqlaması özlüyündə bir neçə sual yaradır. Birincisi, əgər "şura" mövcudluğuna görə Müsavata borcludursa, İ.Qəmbərin bu məsələdə qazancı, mənfəəti nədir? Nəyə görə belə bir quruma dəstək verir? İkincisi, Müsavat partiyası, xüsusilə də başqan özündən belə müştəbehdirsə, onda "şura" deyil, elə partiya olaraq özü müxalifətin böyük birliyini niyə yaratmırdı? Üçüncüsü, "Milli Şura"da real müxalifət yoxdursa, bəs kim var və onun dediyi real müxalifət haradadır? Dördüncüsü, "Milli Şura"nın "vahid namizədi" olduğu halda İ.Qəmbərin vurhavurla seçki qərargahı yaratması, seçki qərargahının rəhbəri Arif Hacılının təyin olunması və bu sahədə iş aparmasının nə anlamı var?
İsa Qəmbər Müsavat partiyasının digərlərindən üstünlüyünü sərgiləməyə çalışıb
Bütün bu suallara aydınlıq gətirmək elə də çətinlik yaratmır. Belə ki, ilkin olaraq belə qənaətə gəlmək mümkündür ki, "Milli Şura" yaradılmamaışdan öncə, Müsavat "İctimai Palata"da da namizədlik uğrunda savaş aparırdı və bu savaşda qalib müəyyən olunmadı. "Şura"nın yaradılması və AXCP ilə yanaşı, oraya müxtəlif müxalifət partiyaların qoşulmasından sonra, Müsavat partiyasının da həmin quruma üzv yazılmasına məcbur etdi. Əksə halda, Müsavat partiyasının düşərgədaxili proseslərdən təcrid olunardı. Məhz bu səbəbdən də partiya "Milli Şura"ya zorən də olsa qoşuldu. İ.Qəmbərin "şura"ya qoşulmasını minnətlə üzə vurması isə onun mənfəəti kimi başa düşülür. Yəni o, Müsavat partiyasının digərlərindən üstünlüyünü sərgiləməyə çalışıb. Bu səbəbdən, yerdə qalan suallara cavab olaraq həm də bu cür nəticəyə gəlmək mümkündür ki, Müsavat partiyası bütün hallarda seçkilərə "Milli Şura"nın deyil, məhz özünün namizədi ilə qatılacaq və həmin qurumdan çıxacaq. Müsavatın "Milli Şura"nı tərk etməsi ilə İ.Qəmbərin tərəfdarlarının onunla birgə "şura"nı tərk etmələri ilə nəticələnəcək. Bununla da hər bir seçkilərdə olduğu kimi, budəfəki seçki ərəfəsində də müxalifət parçalanaraq rüsvayçı məğlubiyyətə düçar olacaq. Beləliklə, Müsavatın planı işə yaramaqla yanaşı, İ.Qəmbərin partiya başqanlığında qalması məsələsi də bir müddət gündəmdən silinəcək.