PDF Oxu

Köşə

  • 1 268

SİYASİ FİLMİN UĞURSUZ SÜJETLƏRİ

SİYASİ FİLMİN UĞURSUZ SÜJETLƏRİ

Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtması qaldı "şahgəldisinə"

Qərb siyasi dairələrinin daha bir oyuncaq qurumu olan "Avropa Azərbaycanlıları Milli Birlik Şurası" adlı qondarma təşkilatı xaricdə mühacir həyatı yaşayan azərbaycanlıları (daha dəqiq desək, bu ölkənin çörəyini yeyib, sonradan ona təpik atanlar toplumunu - M.) avqustun 2-də Rüstəm İbrahimbəyovla birgə Azərbaycana qayıtmağa çağırıb. Əslində, belə tipli çağırışın edilməsi arxasında müəyyən qaranlıq qüvvələrin dayanması şübhəsizdir. Çünki bu ünsürlər həqiqətən də Azərbaycana qayıtmağı, törətdikləri müxtəlif əməllərinə görə qanun qarşısına çıxaraq cavab verməyi düşünürlərsə, bu zaman sözügedən çağırışı etməz və daha öncələr ölkəyə geri dönərdilər. Ancaq ortada necə deyərlər, iki iş var, bir əməl. İşin biri budur ki, Azərbaycanda seçkiləröncəsi proseslərə müdaxilə edərək, siyasi-iqtisadi maraqlarını təmin etmək istəyən dairələr bunun üçün məhz belə təşkilatlardan maksimum şəkildə yararlanmağa çalışırlar. Nəticədə bu kimi "çağırışlar", "bəyanatlar", "müraciətlər" meydana çıxır.

İşin ikinci və ən maraqlı tərəfi də budur ki, "Milli Şura"nın baş ssenaristi R.İbrahimbəyov da Azərbaycanın çörəyini yeyib, suyunu içən, lakin sonradan ona bu kimi şəraitləri yaradan hakimiyyətə qarşı üzüdönük edən ünsürlərdəndir. Bu səbəbdən də hazırda xarici ölkələri daban-daban gəzən R.İbrahimbəyov ölkəyə qayıtmağa cürət etmir. O çox yaxşı bilir ki, Azərbaycana geri dönəcəyi təqdirdə vergilərdən yayındığına, dövlətin ayırdığı pulları mənimsədiyinə görə məhkəmə qarşısına çıx bilər. Eyni zamanda, onun ikili vətəndaşlığı da seçkilərdəki iştirakına əngəllər yaradan amillərdəndir. Bu səbəbdən də xarici siyasi dairələr "Avropa Azərbaycanlıları Milli Birlik Şurası" adlı təşkilatına təlimat veriblər ki, qeyd olunan çağırışı etsinlər. Bununla da Azərbaycanda hökm sürən sabitliyi pozsunlar.

Söz yox ki, bütün bu sadalananlar rejissoru Qərb dairələri olan, ssenaristi isə İbrahimbəyov tərəfindən çəkilən siyasi filmdr. Belə ki, avqustun 2-si Milli Kino Günüdür və belə olan halda R. İbrahimbəyov siyasi film çəkir. Siyasi filmdə isə ona kütləvi səhnə (seçkiöncəsi sabitliyi pozmaq və s.) lazımdır. Başqa tərəfdən, "Milli Şura"nın baş ssenaristi pulunu xərcləyib qurtarıb, müxalifətdə də o qədər adam yoxdur. Ona görə də əlac qalıb xaricdəki özü tipli məkrli ünsürlərə. Amma ünsür hara, millilik hara?! Görünən budur ki, nə R.İbrahimbəyov, nə də ona sözügedən çağırışı edənlər Azərbaycana gəlməyəcəklər. Buna onların cürəti heç vaxt çatmayıb, bundan sonra da çatmayacaq. Qısası, R.İbrahimbəyovun Azərbaycana qayıtması el dili ilə desək, qaldı "şahgəldisinə".

Digər xəbərlər