Seçkilər yaxınlaşır və bu yaxnılaşma ənənəvi müxalifət "liderlərini" bir-birindən uzaqlaşdırır. Bu situasiyanı cəmiyyət 20 ildir ki, görür və şahidi olur. Ancaq məsələ yalnız bundadırmı? Axı nəyə görə hər parlament və prezident seçkilərindən sonra "liderlər" müxtəlif adlarla yaradılan təşkilatlarda "birləşirlər" və son anda, yəni növbəti seçkilərə az müddət qalmış açıq-aşkar düşmənlərə, "hakimiyyətə işləyən xainlərə" (ənənəvi müxalifətçilər söz tapmadıqda, məhz bu cümləni işlətməyi xoşlayırlar - R.) çevrilirlər? Məsələn, götürək AXCP və Müsavat partiyalarını və onların əsas təbliğatçıları, ruporları rolunda çıxış edən "Azadıq" və "Yeni Müsavat" qəzetlərini. Artıq ox yaydan çıxıb və adlarıçəkilən partiyalar arasındakı ittihamlar təhqirlərə, təhdidlərə, şantajlara və s. mənfi çalarlara doğru yönəlib.
SİYASƏTİ ÇİRKİNLƏŞDİRƏN MƏQAMLAR
Hətta sosial şəbəkələrdə vəziyyət daha kəskin xarakterdə inkişaf edir. Necə deyərlər, söyüşün biri bir qara qəpiyə çıxıb. O günləri Müsavat başqanını, eləcə də bütövlükdə müsavatçıları ittiham edən "cəbhəçiləri" qəzetində yerdən-yerə vuran Rauf Arifoğlu facebookda onları it, pişik və şeytan adlandırıb. Yəni demək istəyib ki, müsavatçılardan fərqli olaraq, "cəbhəçilər" qeyri-insani məxluqlardırlar. Qeyri-insani məxluqlar olan "cəbhəçilər" isə R.Arifoğlunu və onun başqanı İsa Qəmbəri mətbu orqanlarında elədən-elə, belədən-belə yıxıb sürüyüblər.
Bu gün belə halları görərkən, yəni onların hakimiyyətə yiyələnmək iddiaları ətrafında baş qaldıran prosesləri, həmin proseslərdən doğan ajiotajları təhlil edərkən, belə nəticəyə gəlmək mümkündür ki, asqıran ağıza, gəyirən mədəyə, fınxıran buruna tövbə yoxdur. Ancaq məni burada daha bir məqam düşündürür. Düşünür və özüm-özümə sual edirəm ki, hər seçkilərdən sonra yaradılan qurumlarda "vəhdət" olub. İqtidara qarşı planlar düzənləyən müxalifət "liderləri" görəsən bir-birlərinin gözlərinin içinə necə baxa bilirlər? Onlar bu qədər həngamələrdən, söyüş və təhqirlərdən sonra hansı üzlə ictimaiyyət, tərəfdar arasında "dostluq-qardaşlıq" münasibətləri sərgiləyirlər? Ümumiyyətlə, "liderlər" onların bir-birlərinə qarşı işlətdikləri rüsvayçı söyüşləri necə həzm edə bilirlər? Edə bilirlərsə, demək, mədələri belə həzmlərə alışıb.
Deyirlər ki, siyasət çirkin oyundur. Amma məncə, siyasəti çirkinləşdirən məqamlardır ki, bu faktoru ortaya çıxarır. Onda sualı məhz ənənəvi müxalifət "liderlərinə" yönəltmək lazımdır ki, onlar öz çirkin siyasətlərini yürütməkdən bezmədilərmi?
P.S.Müxalifətin itinin, pişiyinin kimlər olduğunu isə yəqin ki, seçkilərdən sonra biləcəyik. Çox güman ki, hər zamankı ehtimal variantlar bu dəfə də özünü doğruldacaq.