"Milli Şura" ideyasının iflası, yəni qarşıya qoyulmuş məqsədin reallaşmaması ayın 12-də sübut olundu. Özü də qurum təmsilçilərinin özləri tərəfindən. İki saat ərzində beş müzakirənin ortaya qoyulması və həmin müzakirələrdən heç birinin yekdil rəylə razılaşdırılmaması "Milli Şura"nın sonunun başlanğıcı kimi qiymətləndirildi. Təsdiq olundu ki, bu qurum sadəcə xarici qüvvələrin "otur-dur" komandası ilə "fəaliyyət" göstərir və belə bir iş birliyində ümumi razılığın əldə edilməsi zatən, mümkünsüz görünürdü. Çünki birinin ağzı Şimala, digərinin də ağzı Qərbə tərəf yönəlib. Şimal Qərbin, Qərb də Şimalın dediklərini həzm edə bilmir. Rüstəm İbrahimbəyovun "vahid namizəd" kimi saxlanılması isə, sadəcə və sadəcə siyasi oyunbazlığın tərkib hissəsidir.
HƏR ŞEY TƏRSİNƏ FIRLANDI
Bu gün hər kəs çox gözəl başa düşür ki, hətta İbrahimbəyovun bu günlərdə ikili vətəndaşlıq məsələsi həll olunsa belə, o, Azərbaycana geri dönməyəcək. Vallah da, billah da gəlməyəcək! Ona görə ki, o, qorxur və qoca vaxtında düşdüyü mürəkkəb vəziyyətdən çıxış yolunu xarici ölkələrdə yaşamaqda axtarır. Beləliklə, qondarma "Milli Şura" qondarma sessiyasını keçirdi və hər şey tərsinə fırlandı. Bu məqamı gözləyən AXCP-Müsavat rəhbərliyi isə, artıq iddialarını ortaya qoymaqla geri çəkilməyəcəyini bəyan etməkdədir. Məsələn, "Milli Şura"nın sessiyasında "şura" üzvü Gültəkin Hacıbəyli deyib ki, R.İbrahimbəyovun namizədliyi alınmayacağı təqdirdə (artıq bunu özləri də etiraf edirlər!), partiya "liderlərindən" deyil, "ziyalılardan" biri "şura"nın "vahid namizədi" olmalıdır. O, bu dəfə Cəmil Həsənlinin namizədliyini irəli sürüb. Lakin G.Hacıbəylinin bu fikirləri birmənalı qarşılanmadı və etiraz edənlər xanımcığazı yerində oturtdu. Yəni bu da gözlənilən haldır, əlbəttə ki, "Milli Şura"da.
GÖRƏK "MİLLİ ŞURA"DAKI QARA FƏLƏK NƏ SAYACAQ?
Başqa tərəfdən, Müsavat başqanının müşaviri Səxavət Əlisoy öz "facebook" səhifəsində müxalifətin miskin durumda olması ilə bağlı status yazıb: "Son 20 il ərzində heç bir vaxt müxalifət indiki qədər miskin durumda olmayıb. Seçkiyə iki aydan az bir zaman qalır və hələ də müxalif düşərgənin nə edəcəyi bəlli deyil. Son günlər bir neçə siyasətçi ilə söhbət etdim. Depressiyaya məruz qaldıqlarının özləri də fərqindədirlər. "facebook"da statuslara baxıram, depressiya açıq-aydın görünür."
Nəticədə cəmiyyət də görür ki, İbrahimbəyov "Milli Şura"nın fəaliyyətini tamamilə çətinləşdirib. Çünki "şura" sədrinin ikili vətəndaşlıq problemi hələ həllini tapmayıb. İkili vətəndaşlıq məsələsi onun namizədliyinin qeydə alınmasında ən böyük problemlərdən biridir. Problemin yaxın müddətə həlli gözlənilmir. Hətta ənənəvi müxalifətin göz dikdiyi Putinin Azərbaycana səfərindən sonra da məsələnin çözüləcəyi də inandırıcı deyil. Yəni R.İbrahimbəyovun namizədliyinin irəli sürülməsinə baxmayaraq, onun qeydə alınması ciddi problemlərlə üzləşəcək. Prosesin uğurla başa çatacağı isə, ümumiyyətlə, inandırıcı görünmür.
İndi əsil savaş da bundan sonrakılardır. İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov və s. və i. Necə deyərlər, İbrahimbəyov öz saydığını saysa da, "Milli Şura"dakı qara fələk görək nə sayacaq!