PDF Oxu

Köşə

  • 1 245

"FƏRDİ ŞURA"...

"FƏRDİ ŞURA"...

"Milli Şura"nın uğursuz fəaliyyəti daha çox bu təsiri bağışlayır

Bu günlərdə Müsavat partiyası icra aparatının rəhbəri Arif Hacılı trend.az saytına müsahibəsində bildirib ki, "Milli Şura"nın avqustun 19-da keçiriləcək toplantısına qədər Rüstəm İbrahimbəyovun namizədliyi ilə əlaqədar yaranmış problemlər aradan qaldırılmasa yəqin ki, yenidən "Milli Şura"nın digər bir vahid namizədinin irəli sürülməsi barədə təkliflər təkrar ediləcək. Lakin Hacılı eyni zamanda bildirib ki, əgər bu məsələdə konsensus alınmasa, bu təklifə qarşı çıxan siyasi partiyalar bu həftə ərzində öz mövqelərini korrektə etməsələr, artıq Müsavat partiyası olaraq onlar seçkilərdə iştirak etməyin digər yollarını aramaq məcburiyyətində qalacaqlar.Belə ki, A.Hacılının apardığı hesaba görə, əgər zamanında "Milli Şura"nın qarşısına çıxa biləcək problemlərlə bağlı Müsavat partiyasının təklifləri qulaqardına vurulmasaydı və bu məsələlərə dair soyuqqanlı qərarlar qəbul edilsəydi, yəqin ki, indi "Milli Şura"nın vəziyyəti böhrana doğru yuvarlanmazdı.

Əslində Müsavat yetkilisinin sözlərində bəzi həqiqətlər mövcuddur. Çünki Müsavat partiyası öz xeyrinə olsa belə, bəzi tövsiyələrini verərək, qurumu düşdüyü vəziyyətdən çıxarmağa cəhd göstərmişdi. Hətta Müsavat başqanı İsa Qəmbərin ehtiyat namizəd kimi irəli sürülməsi ideyası da ortaya atılanda bildirilmişdi ki, partiya öz seçki qərargahını hələ qış aylarından qurub və bu qərargahı "Milli Şura"nın ixtiyarına verməyə hazırdır. Ancaq əlbəttə ki, şəxsi münasibətlər zəminində baş verən qarşıdurmalar "Milli Şura"nın ayaqda qalmasının üzərindən çalın-çarpaz xətlər çəkmiş oldu.

Başqa tərəfədən görünən budur ki, ənənəvi müxalifət cəmləşsə də yola getmədiyi qurumda seçki prosesindən daha çox ziddiyətlər və özünüifşalar nəzərə çarpmaqdadır. Daha dəqiq desək, müxalifət özünüifşa ilə məşğuldur. "Milli Şura" daxilində gedən bu cür proseslərin məntiqi sonluğu təbii ki, qurumun dağılmasına, növbəti qarşıdurmalara və ittihamlara qədər gətirib çıxaraq. Artıq indidən də bəllidir ki, istər Müsavat başqanı İsa Qəmbər, istərsə də AXCP sədri Əli Kərimli hər biri ayrı-ayrılıqda təmsil etdikləri partiyaların nümayəndələri kimi seçkilərə iştirak etməyə can atacaqlar. Lakin hər zaman kölgədə qalaraq, yalnız seçkilər ilində özünə qurumlar, təşkilatlar yaradan Eldar Namazov kimilər isə Rüstəm İbrahimbəyovdan pul qoparmaq üçün növbəti dəfə müxtəlif yollara əl atacaqlar. Bir sözlə, "Milli Şura"da millilikdən əsər-əlamət belə yoxdur. Bu quruma "Milli Şura" deyil, "Fərdi Şura" adını versək, daha düzgün nəticə çıxarmış olarıq. Çünki həmin "liderlər" xalqa deyil, məhz özlərinə gün ağlamağa çalışırlar. Hansı ki, onların özlərinə ağlayanlar lazımdır.

Digər xəbərlər