Ənənəvi müxalifət düşərgəsində "lider" riyakarlıqları nə qədər desən var. İsa Qəmbər, Rəsul Quliyev, Lalə Şövkət, Eldar Namazov, və ən əsası Əli Kərimli riyakarlığı. Çünki onun riyakarlığı digərlərinə nisbətən daha aşkardadır. AXCP sədrinin riyakarlıq məsələsində nisbi çoxluğu həm də onun son günlərdəki davranışlarında, açıqlama və bəyanatlarında da kifayət qədər bəlli olur. Məsələn, "cəbhə" sədri "Milli Şura"dakı mövqeyini yavaş-yavaş dəyişməkdədir. Hansı ki, o, "Milli Şura"nın "vahid namizədi" kimi irəli sürülmüş Rüstəm İbrahimbəyovu az qala bütün dünyanın xilaskarı kimi təqdim edirdi. Ancaq R.İbrahimbəyovun ölkəyə geri dönməməsi məsələsi aktuallaşdıqca, Ə.Kərimli öz namizədliyi üzərində düşünməyə başlayıb. Başlayıb və bu addımından əsla geri çəkilməyəcəyini sərgiləmiş olub.
Bu hal baş verməyəcək
Məsələn, onun müxalifətyönlü "Obyektiv TV" internet televiziyasına müsahibəsi də deyilənləri təsdiq edir. AXCP sədri müxbirin ona ünvanladığı "Hətta Əli Kərimli İsa Qəmbərin namizədliyini dəstəkləyə bilər?" sualını cavablandırarkən deyib ki, bu, mümkündür: "Ola bilər. Bu barədə "İctimai Palata"nın sessiyasında bəyanat da vermişəm. Əgər İsa bəy "Milli Şura"nın "vahid namizədi" olmaq istəsə, mən ona dəstək verməyə hazıram. Ancaq gərək hamının dəstəyi olsun. (Yəni Rəsul Quliyevin də, Lalə Şövkətin də... Hətta iki illik şərtlə də razılaşsın...)
Lakin Ə.Kərimlinin bu bəyanatını nəzərdən keçirərkən, yuxarıda qeyd edilən kimi bir daha siyasi riyakarlığı üzə çıxmış olur. Çünki bu gün hər kəsə gün kimi aydındır ki, nə ACP "lideri" Rəsul Quliyev, nə də ki, ALP-nin "lideri" Lalə Şövkətin Müsavat başqanı İsa Qəmbəri dəstəkləyəcəkləri qətiyyən inandırıcı görünmür və bu hal baş verməyəcək. Eyni zamanda, İ.Qəmbər də öz növbəsində heç vaxt 2 illik "prezident" olmağa razılıq verməz. Ümumiyyətlə, AXCP sədri ilə Müsavat başqanı bir-birinə o qədər patoloji nifrət edir ki, biri digərinin irəli çıxmasına əsla imkan verməz. Onların özləri də yaxşı bilirlər ki, heç vaxt Azərbaycanın prezidenti seçilə bilməyəcəklər.
Əli Kərimli və İsa Qəmbər müxalifətin "lideri" olmaq uğrunda amansız savaşlarını aparacaqlar
Yəni bu amili yaxşı anladıqlarına görə də məqsədlərini tamamilə başqa yöndə reallaşdırmağa cəhd edirlər. Məsələn, onların əsas məqsədləri ənənəvi müxalifət daxilində birinciliyə, "ana müxalifətçiliyə" nail olmaqdır. Çünki iqtidara gəlmək arzuları qalsın bir yana, onların hər ikisi hazırkı müxalifətçilik mövqelərini də itirmək təhlükəsi ilə qarşı-qarşıya qalıblar. Bu səbəbdən də əllərində qalan sonuncu şansı da itirmək onların birdəfəlik sonu ola bilər. Görünür, elə bu səbəbdən də ömürlərinin sonunadək hərt iki partiya rəhbəri - Əli Kərimli və İsa Qəmbər müxalifətin "lideri" olmaq uğrunda amansız savaşlarını aparacaqlar. Məhz siyasi riyakarlıqlar da buradan doğur. Fəqət, riyakarlıq hələ bu vaxta qədər heç kimə xeyir gətirməyib.