"Milli Şura"nın başabəla mitinqi AXCP-Müsavat partiyaları arasındakı uçurumu elə gərgin vəziyyətə qədər sürükləyib ki, artıq bu faktor özünü adıçəkilən qurumun daha bir tədbirində - 19 avqust sessiyasında da təkrarladı. Mətbuatın da yazdığı kimi, "Milli Şura"nın sessiyasında kəskin ziddiyyətlər və iddialar fonunda qarşıdurma baş verib. Xatırladaq ki, Müsavat üzvü "cəbhə" sədri Əli Kərimlinin fəaliyyətindən, daha dəqiq desək, siyasi iddialarından qəzəblə narazılığını ifadə edib, sonra isə onun ünvanına təhqiramiz ifadə işlədib. Təhqiramiz ifadə dedikdə isə burada, əlbəttə ki, "cəbhə" sədrinin hər hansı fiziki çatışmazlığı nəzərdə tutulub. Çünki Əli Kərimli haqqında bir çox siyasi kuluarlarda müxtəlif siyasətçilər bənzər, müvafiq ifadələr işlədilib və həmin ifadələrin hansı mənanı kəsb etdiyini yəqin ki, bir çoxları bilir. Görünür bu səbəbdən də AXCP üzvləri Əli Kərimlini sərt qaydada təhqir edən binəva və haqlı müsavatçını haqsız yerə əzişdirməyə məcbur olublar.
Cərəyan edən hadisələrdə həm Əli Kərimli, həm də İsa Qəmbərin dırnaqarası əməkləri kifayət qədərdir
AXCP və Müsavat partiyaları arasında artıq ənənə şəklini almış qarşıdurmalar kökündə şəxsi mənfəətlərdən doğan siyasi ambisiyaların dayanması heç kimə sirr deyil. Yaxın tarixə müraciət edək. 1998-ci ildən başlayaraq hazırkı seçki dövrlərinə qədər cərəyan edən hadisələrdə həm Əli Kərimli, həm də İsa Qəmbərin dırnaqarası əməkləri kifayət qədərdir. Məsələn, hələ o zamanlar İsa Qəmbər özünə lider qəbul etdiyi Əbülfəz Elşibəyin xeyrinə namizədliyini geri götürməyərək AXCP-yə badalaq vurmuşdu. Əvəzində növbəti seçkilərdə Əli Kərimli son anda İsa Qəmbərlə razılaşmanı pozaraq, AMİP-in o zamankı sədri Etibar Məmmədovun cinahına keçmişdi. Məhz həmin zamanlarda hər iki siyasi təşkilat arasında əməlli-başlı qarşıdurmalar, əlbəyaxa döyüşlər baş vermiş, təhiqlərin hərəsi isə bir qara qəpik dəyərinə enmişdi. Belə olan halda AXCP-Müsavat qarşıdurmasının "Milli Şura"dakı nəticəsindən təəccüblənməyə də dəyməz. Bir halda ki, bu gözlənilən idi.
Axı binəva isaçını necə qınayasan ki...
Bu baxımdan, "cəbhəçilər" tərəfindən qanına qəltan edilən müsavatçının həqiqəti söyləməsinə haqq qazandırmaq olar. Axı binəva isaçını necə qınayasan, yazıq qəzəbini necə boğsun? Bu yaxınlarda "Milli Şura"nı elədən-elə, belədən-belə sürüyən ACP "lideri" Rəsul Quliyev demişkən, o "badbaxt" müsavatçı nə deyib ki?! Hamının dediyini təkrar edib də. "Cəbhəçilər" özlərindən niyə belə çıxırlar? Onlar həqiqətə qarşı belə qəddar yanaşmaqdansa, səbrlərinə arxalanıb Ə.Kərimlinin həqiqətən də hansı tipli siyasətçi olduğunu sülh yolu ilə araşdırsaydılar daha məqbul olmazdımı? Amma söz yox ki, bu dava hələ ki, anonsdur. Qoy seçki qurtarsın, bax, onda nəyin necə olacağını 20-ci sahədəki duellər, bataliya, qanın su yerinə axması göstərəcək.