Gözlənildiyi kimi, "Milli Şura"nın birinci və sonuncu aksiyası adıçəkilən qurumda təmsil olunan şəxslər arasındakı kəskin qarşıdurmaları daha da gərginləşdirib. Belə ki, ziddiyyətli məqamların baş alıb getdiyi bir zamanda ortaya çıxan iddialar xüsusilə AXCP və Müsavat partiyaları arasında daha çox nəzərə çarpmaqdadır. Vəziyyət o həddə çatıb ki, vahid namizəd, yaxud da ehtiyat namizəd müəyyənləşməmiş, indi də rüsvayçı mitinqdə daha çox hansı partiyanın bayrağının çox olması ətrafında söz savaçları gedir. Məsələn, "cəbhə" tərəfdarları iddia edirlər ki, AXCP-nin bayraqları Müsavat bayraqlarından çox görünüb. Lakin ədalət naminə deyək ki, həqiqətən də Əli Kərimlinin tərəfdarları İsa Qəmbərin tərəfdarlarından sayca çox olub. Lakin bu amil heç də mitinqə çox adamın toplaşması anlamını daşımır. Beləliklə də, fürsətdən istifadə edən AXCP tərəfdarları Müsavatı zəiflikdə, İsa Qəmbəri isə mitinqi sabotaj etməkdə günahlandırıblar. Bu məsələ isə müsavatçıların "cəbhəçilərə" qarşı antipatiyalarını daha da artırıb. Məsələn, mitinqin uğursuz aparıcısı İbrahim İbrahimlinin AXCP sədri Əli Kərimlini uzun-uzadı vəsf etməsi onun "şəninə" mədhiyyələr səsləndirməsi müsavatçıların kəskin narazılığına səbəb olub. Nəticədə "Milli Şura"nın rüsvayçı 18 avqust mitinqi əvvəlki aksiyalar kimi ənənəvi müxalifətin hələ də bazar, çayxana, kafe, bar mübarizəsi ilə getdiyini bir daha ortaya çıxarıb.
Başqa tərəfdən, o da bəlli olub ki, biabırçı mitinq zamanı müxalifətçilər tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış şüarlar səsləndiriblər. Bəzi çıxışçılar isə küçə ifadələri işlətməklə "Milli Şura"nın siyasi baxımdan nə qədər aşağı səviyyədə olmasını nümayiş etdiriblər. Məsələn, öyrədilmiş adamlar pul müqabilində müxtəlif şüarlarla hüquq-mühafizə orqanlarını təxribata çəkmək, mitinqin baş tutmamasının məsuliyyətini hakimiyyətin üzərinə yıxmağa cəhd göstəriblər. Bir sözlə, qurumun 18 avqust aksiyası gözlənilən nəticəni vermədi və cəmiyyət həmişəki kimi bu dəfə də müxalifətin aksiyasını dəstəkləmədi. Təqribən 3-4 müxalifət partiya və ya təşkilat birləşərək təxminən 20 ildən sonra özlərinin ilk "vahid" mitinqlərini etdilər. Özlərinin statistikasına əsasən mitinqdə 1500-3000 arası adam iştirak etdi. Ancaq reallıqda isə daha az - 900-1000 iştirakçı vardı. Əgər adam sayını təşkilatların sayına bölsək, bu, hər təşkilat üçün 60-70 iştirakçı edir. Hər təşkilatda təmsil olunan insanların ən azından yaxın qohum-əqrəbaları mitinqə gəlsəydi belə bundan daha çox adam edərdi. Siyasətçiyə isə ən birinci gərək yaxın ətrafi inanmalıdır. Əgər insanlar "Milli Şura"nın ardınca gəlmirsə, deməli, problem müxalifətin özündədir.
Budur, Müsavat başqanı İsa Qəmbərin müşaviri Mustafa Hacıbəylinin sosial şəbəkələrdə paylaşdığı fikirləri: "Biz necə demokratıq? Biri deyir ki, sizin qərar (İsa Qəmbərin namizədliyinin irəli sürülməsi) qərar sayilmaz, çünki cəmi 1 səs üstünlüyü ilə qəbul olunub, bir səs boş şeydir. Biri (yəni cəbhəçilər) deyir ki, filan təklif səsə qoyulsa, buradan çıxıb yetərsayı pozacağıq. Digəri deyir, filan təklifə səs verdiyiniz üçün indi sizi boykot edəcəyik. Bir gülməli epizodu da yazım: Gültəkin Hacıbəyli Müsavatla AXCP-nin üstün rolu və üstün məsuliyyəti barədə danışanda, bu, bəzi dostların narazılıgına səbəb oldu. O, izah elədi ki, dedikləri özünün subyektiv fikirləridir. Bu izaha gülməli reaksiya verildi: "Subyektiv fikirləri səsləndirməyin". Əgər kimsənin təklifinə, kimsənin səsinə hörmət qoymayacağıqsa, kimsənin subyektiv fikir səsləndirməsinə qadağa tətbiq edəcəyiksə, onda biz necə demokratıq?"
Bu arada "Milli Şura"nın 19 avqust sessiyasından sonra Müsavat başqanı İsa Qəmbər və "El" hərkatının sədri Eldar Namazov jurnalistlər üçün brifinq keçirərkən müxbiri Natiq Cavadlı ilə İsa Qəmbər arasında mübahisə yaşanıb. İsa Qəmbər ona sual verən jurnalisti qeyri-etik davranmaqda ittiham edərək, "dünyanın heç yerində belə jurnalistika yoxdur" deyib. Bu mübahisənin yer aldığı video sosial şəbəkələrdə yerləşdirildikdən sonra ciddi müzakirə olundu. "Milli Şura"nın çoxsaylı tərəfdarları jurnalist Natiq Cavadlını ittiham etməyə başladılar. Bəziləri hətta irəli gedərək N.Cavadlının ünvanına təhqiramiz ifadələr işlədib.
Müsavatçı gənclər isə "facebook"dakı müzakirələrdə "jurnalist brifinqdən çıxandan sonra biz onun dərsini verdik" deyə qeyd ediblər. Əgər Mustafa Hacıbəyli həqiqətən də demokratiya axtarısa, buyursun - bu da onun arzuladığı və axtardığı "demokratiya"!