Bu gün statistikaya görə ölkəmizdə 900000-nə yaxın facebook istifadəçisi var. Və sözsüz ki, yaxın zamanlarda bu rəqəmin 1 milyonu vurub keçəcəyi də olacaq. Çünki reallıq bunu deyir.
Təəssüf ki, sosial şəbəkələrin faydası qədər artıq ziyanları da üzə çıxmağa başlayıb. Məsələn, Azərbaycan regionu üzrə müxalifət partiyaları, bir sıra gənclər hərəkatları sosial şəbəkələrdən aşırı və neqativ həddə istifadə etməyə çalışırlar. Sosial bazası məhdud olan siyasi qurumlar isə, bir çox hallarda sosial şəbəkələr vasitəsi ilə süni şəkildə sosial bazalarını şişirdir və böyük göstərməyə çalışırlar. Bu zaman texniki kələklərdən, facebookun boşluqlarından məharətlə istifadə olunur. Ancaq facebook bütün bunların fərqindədir, təkmilləşdirdiyi texniki imkanlar vasitəsi ilə bu hallar artıq mümkünsüz vəziyyətə gəlməkdədir. Məsələn, oğurlanmış profillərin birləşdirilməsi, başqa adla qeydiyyata alınmış profilin sonradan adının dəyişdirilib tamam başqa profilə çevrilməsi, "layk" dilənçiliyi, aldadıcı, məcburedici, hisslərin istismar edilməsi ilə insanların səhifələrə cəlb edilməsi və s. kimi metodlar get-gedə facebook tərəfindən əngəllənməkdədir.
Çox təəssüf ki, Azərbaycandan olan istifadəçilər arasında böyük bir hissə saxta profillərə üstünlük verməkdədirlər. O zaman nədir saxta profil?
SAXTA PROFİLDƏN SAXTA HƏYATA
Məsələn, elələri var ki, bir deyil, iki də deyil, düz 10-dan çox profil idarə edir. Təbii ki, bu kimi addımların arxasında bir məqsəd, bir məram dayanıb. Belə olan halda, bu şəxslər öz düşüncələrini - sevgi, kin, nifrət, tənqid, təhqir və s. fəaliyyətləri rahat şəkildə şəbəkələrdə ifadə eitməklə, mənəvi rahatlığa qovuşurlar. Bu cür saxta profillər, adətən, şərti ad və soyad ilə adlandırılır.
Qeyd edim ki, bəzi adamlar sosial şəbəkələrdə baş verənləri müşahidə etmək məqsədi ilə də saxta profillərdən kifayət qədər istədikləri kimi istifadə edirlər. Bu cür saxta profillər, adətən, ləqəblə adlandırılır.
Bu gün qara bazarda facebook səhifə biznesi də meydana gəlməkdədir. On minlərlə dollar qiymətinə satışa çıxarılan, ayda 5000-10000 manat gəliri olan səhifələr meydana gəlmişdir. Bu cür səhifələrdə ödənişli əsaslarla məlumat paylaşması da həyata keçirilir. Bəziləri minlərlə dollar vəsait xərcləməklə insanları belə səhifələrə cəlb edirlər. Buna bir növ facebookdakı qara biznes adını da vermək mümkündür.
Belə olan halda, yaxşı olardı ki, insanlar çörəyi ağızlarına apardıqları kimi, digər sahələrdə də normal həyat tərzi qurmağı bacaraydılar. Yoxsa facebookla yanaşı, həyat da saxtalaşa bilər.