"Milli Şura"nın uğursuz sədri Rüstəm İbrahimbəyov müsahibələrinin birində bildirib ki, Beynəlxalq Hüquq Fondu onun namizədliyinin qəbul edilməməsi məsələsi ilə bağlı öz rəyini açıqlayıb. Əslində, hər hansı xarici ölkənin və ya beynəlxalq təşkilatın müstəqil ölkənin daxili işlərinə müdaxiləsi heç bir çərçivəyə sığmayan məsələdir. Guya İbrahimbəyovun dediyi fondun rəyinə əsasən, əgər bir şəxs vətəndaşlıqdan imtina ilə bağlı ərizə yazıb iradə ortaya qoyursa və bununla bağlı lazımi sənədləri müvafiq dövlət orqanına təqdim edirsə, həmin andan vətəndaşlıqdan çıxmış hesab olunur (?!-R.). İbrahimbəyovun hələ də hansısa uğura ümid bəsləməsi çox gülünc təsir bağışlayır. Çünki Rusiyanın müvafiq qurumu onun müraciəti ilə bağlı məlumatları yayıb və məlum olub ki, "Milli Şura" sədrinin vətəndaşlıqdan çıxma prosesi 2014-cü ilin ilk aylarına qədər uzana bilər.
ƏLBƏTTƏ Kİ, YENƏ DƏ YOX!
Sözügedən məsələni təhlil etmək üçün bir anlıq ehtimal edək ki, R.İbrahimbəyovun iddiasında hər hansı bir əsas var. Məsələn, R.İbrahimbəyov deyir ki, sənədləri təqdim etmişəm. Bu zaman MSK onun sözünə əsaslanıb, onu seçkiyə buraxa bilərmi? Əlbəttə, yox. Tutaq ki, "Milli Şura" sədri sözügedən sənədləri təqdim etdiyi barədə arayış da gətirib. Bu zaman sual oluna bilər ki, sonradan sənədlərdə çatışmazlıqların olması ilə bağlı onların geri qaytarılmayacağına və ya əlavə sənədlərin tələb olunmayacağına, ümumiyyətlə, zəmanət varmı? Əlbəttə ki, yenə də yox! Belə olan halda R.İbrahimbəyov başa düşmür ki, istənilən məsələnin hüquqi müstəvidə həlli tələb olunan sənədlərin təqdim edilməsi əsasında qərarın verilməsini nəzərdə tutur. Əks-təqdirdə heç seçki qanunvericiliyi və onu həyata keçirən müvafiq qurumlar da olmazdı. Məhz bu səbəbdən MSK, prezidentliyə namizəd olmaq istəyən şəxslərin təqdim etdiyi sənədlərin sırasında, ikili vətəndaşlığın olmasının və digər ölkə qarşısında öhdəliklərinin olmamasını təsdiq edən sənəd də tələb edir. Əgər ömrünün 75 yaşında özünü ağıllı- savadlı, dünya görmüş adam hesab edən bir şəxs bu elementar məsələləri başa düşməkdə çətinlik çəkirsə, demək, ya bu epitetlər ona yapışmır, ya da İbrahimbəyov bilərəkdən özünü bilməzliyə vurub.
RUSİYA FONDUNUN VERDIYI ŞƏRH İBRAHİMBƏYOV ÜÇÜN HÜQUQ MƏNBƏYIDIR?
Yəni "Milli Şura" sədri belə hesab edir ki, Azərbaycan qanunvericiliyinin müddəalarına əsasən Rusiyanın hansısa fondunun verdiyi şərh hüququn mənbəyidir və bizim MSK üçün imperativ xarakter daşımalıdır. Hətta Azərbaycan Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin plenumunun və s. buna səlahiyyəti çatan digər dövlət orqanlarının rəylərinə də ehtiyac yoxdur. Əgər İbrahimbəyov belə bir məsələ ilə bağlı Rusiyanın hansısa qeyri-hökumət təşkilatının şərhini əsas götürürsə, onda prezident ola bilsəydi siyasi qərar qəbul edərkən Rusiyanın rəsmi orqanlarının göstərişlərini yerinə yetirərdi. Allah xalqımızı, millətimizi belə naqis siyasətbazlardan qorusun!