PDF Oxu

Köşə

  • 1 466

RUS KNYAZI RÜSTƏM "QAĞA"NIN XORUZU

RUS KNYAZI RÜSTƏM "QAĞA"NIN XORUZU

Bu günlərdə Rüstəm İbrahimbəyov mətbuatın "Lalə Şövkət Müsavat rəhbərliyinə ünvanlı ittihamlar səsləndirib..." fikrinə cavab olaraq deyib ki, "Onlar 20 ildir bir-birinə qarşı ittihamlarla çıxış edirlər. Bunlar 20 ildir bir-birilərini didirlər, onların öz işləridir. Mənim tarixi addımım odur ki, mən bunları birləşdirdim. İndi bunların nə qədər imkanı olacaq ki, bir-biri ilə iş görsünlər, bu, məndən asılı deyil, xalqın xüsusiyyətlərindən, bizim tariximizdən, ərazimizdən asılıdır. Azərbaycan onlarla xanlıqlara bölünmüşdü, birləşə bilmirdi, indi o problemləri də mən öz üzərimə götürməliyəm? Bunların münasibətlərinin də öz tarixi və xüsusiyyətləri var".

BU, LAP AĞ OLDU!!!

Rüstəm İbrahimbəyov müəyyən mənada haqlı olsa da, yəni müxalifətin 20 ildir ki, bir-birini didməkdə, çeynəməkdə, həzm etməməkdə olduğunu desə də, yenə də hər zaman olduğu kimi, xoruzunu buraxıb. Bu adam elə bilir ki, Azərbaycanın xanlıqlardan vahid məmləkətə çevrilməsi ilə onun müxalifəti "birləşdirməsi" arasında hər hansı "bənzərlik" var. YOX DAHA!!! BU, LAP AĞ OLDU!!! İnsanda iddia olar, amma bu qədər yox. Bir də ki, ay İbrahimbəyov "cənabları" axı sən həqiqətən də müxalifəti bir araya gətirməsinsə, demək, onu bir arada saxlamağa da borcluydun. Edə bilmədinsə, vallah da, billah da belə hətərən-pətərən sözlər işlətməyin, ümumiyyətlə, yeri yoxdur.

"MİLLİ ŞURA"NIN BİR-BİRİNİ QIRAN BOYARLARI

Bir də ki, görəsən, Rüstəm İbrahimbəyov Rusiya tarixindən niyə misallar gətirmir? Hər halda Azərbaycan tarixindən bixəbər olsa da, Rusiyanın tarixini yaxşı bilir. Özünü az qala rus torpaqlarını birləşdirən Vladimir knyazı İvan Kalitaya bənzədir, onun yerinə göz dikərək, "Milli Şura"nın digər üzvlərini də bənzədir bir-birini qıran boyarlara. Demək istəyir ki, onlardan bir baş yuxarıda dayanıb. Onun "şəxsiyyəti" qarşısında digərləri heç nədir. Onun "tarixi missiyası" ilə müqayisədə digərlərinin fəaliyyəti uşaq oyunudur. Deyirəm, utanmasan, oynamağa nə var ki. Bu heç "tarixi addımım" deyəndə, bir az da olsa utanıb qızarırmı? Ancaq nə edəsən, onda utanan sifət, şəxsiyyət siması mövcud olsaydı, hər halda kallıqdan yetişməyə doğru olan pomidor rəngi alardı. Ancaq indi utanmaq nədir, kal xiyar kimi göm-göy sifətini qoyur ortaya. Hanı o "birlik", ay rus knyazı Rüstəm İbrahimbəyov? Axı özün deyirsən ki, bir-birini didirlər. Az- çox məntiqi olan insanların fikirlərində də ziddiyyət tapmaq olar. Amma "dünyada məşhur ziyalı" kimi təqdim edilən İbrahimbəyovun cümləsinin başı ilə ayağı hər zaman ziddiyyət təşkil edir. Yuxarıda qeyd etdiyim kimi, bu qoca artıq o qədər ağlını itirib ki, xoruz buraxır.

İBRAHİMBƏYOVUN XORUZ BURAXMASI KİMİ PƏJMÜRDƏ EDİB?

AXCP sədri Əli "bəy" də inciməsin, deyəsən, onun banlamağı əldən getdi. Çünki hazırda daha çox banlayan vaxtilə onu öz gözündə "xilaskar" gördüyü rus knyazı İbrahimbəyovdur. Deyirəm, binəva Kərimlinin var-yox xoruzluğu qalmışdı, onu da Rüstəm əlindən aldı.Yazıq daha pəjmürdə olub.

Beləliklə, Müsavat xanı İsa Qəmbər AXCP bəyi Əli Kərimli ilə, banu Lalə Şövkət Müsavat xanlığına daxil bəylərdən biri ilə, KXCP xanı Mirmahmud Mirəlioğlu AXCP xanı ilə, ACP xanı Rəsul Quliyev bütün xanlarla vuruşur, didişir, "El" xanı Eldar Namazov da kənar qüvvələrin əli ilə məkrli planlar qurub "Milli Şura" adlı "səltənəti" öz əlinə almağa çalışır. Bunlar həqiqətən də Azərbaycanı feodalizmə sürükləyirlər. Elə rus knyazı Rüstəm İbrahimbəyov "qağanın" fikirləri də onu təsdiq edir ki, bunlar xanlıq dövrünün üsul-idarəsi ilə yaşayırlar. Ancaq nə olardı ki, İbrahimbəyov "qağa" bir dəfə də xoruz buraxmayaydı...

Digər xəbərlər