"Milli Şura"nın dublyor namizədi Cəmil Həsənli qaragüruhçu müxalifətçi xislətinə sadiq qalaraq qarayaxma, şərləmə kampaniyasına start verdi. Bununla sübut olundu ki, müxalif düşərgə hazırkı iqtidara qarşı mübarizədə alternativ proqrama, platformaya malik deyil. Onlar yalnız iqtidarın fəaliyyəti ucdantutma qaralama taktikası seçdiklərini ortaya qoydular. Lakin normal halda müxalifət iqtidarın çatışmazlıqlarını, səhvlərini göstərməklə yanaşı, təklif etdiyi alternativləri də açıqlamalıdır. Yoxsa C.Həsənli gözünü yumaraq ağzını açmaqla, bir ucdan hansısa qeyri-ciddi mənbələrdən əldə etdiyi yalan informasiyalarla xalqı çaşdırmağa cəhd edir. Özünü ciddi siyasi qüvvənin təmsilçisi, prezidentliyə real namizəd hesab edən birisi üçün isə bu cür taktika qəbuledilməzdir.
C.Həsənlinin sentyabrın 21-də İTV-də keçirilən məlum debatı vaxtından əvvəl tərk etməsi onun opponentlərinin əsaslı arqumentləri qarşısında tab gətirə bilməyəcəyinin göstəricisidir. Belə ki, arqumentsiz və əsassız hədyanlar yağdıran C.Həsənlinin başqa yolu seçəcəyi də inandırıcı deyil.
Yəqin ki, C.Həsənli növbəti çıxışlarında BP-dən 30 milyon funt-sterlinq rüşvət alaraq neft kontraktlarını pay-püş edən AXC-Müsavat hakimiyyəti dövründə baş verən talançılıq faktları barədə də danışacaq. Həm də İ.Qəmbərin, Ə.Kərimlinin və digər partiya "liderləri"nin uzun müddətdir xarici fondlardan vəsait aldıqlarını, xarici dairələr qarşısında öhdəliklər götürdüklərini ifşa edəcək. Bu gün özünü seçici qarşısında "xalqın halına yanan namizəd" kimi göstərməyə çalışan C.Həsənli bu məqamların üzərindən sükutla keçməməlidir.
Ancaq görünən də budur ki, bu gün "Milli Şura"nın platformasının olmaması, özünü seçdiyi "vahid namizədi" ilə daha rüsvayçı duruma salması sadəcə uğursuz taktikanın əməli göstəricisidir. Buna başqa cür qiymət vermək də mümkün deyil.