"Milli Şura"da daxili mübarizələrin, daha dəqiq desək, fərdi ambisiyaların artması artıq qlobal böhran səviyyəsinə qədər yüksəlib. Bunu görməmək sadəcə mümkün deyil. Bunu yalnız "Milli Şura" təmsilçisi, daha dəqiqi, qurumun "vahid namizədi" Cəmil Həsənli görmür. Çünki bunlar sadəcə öz maraqları xatirinə ölkədə gedən son inkişafı guya görmədiklərini iddia edirlər. Bu onların öz işləridir. Yəni nəyi bir neçə nəfərin görüb, nəyi görməməyi xalqı maraqlandırmır. Lakin xalq bir həqiqəti görür. Xalq görür ki, "Milli Şura" heç də millilik baxımından yaradılan qurum deyil. Çünki xalqın gözü C.Həsənli başda olmaqla bunların hamısınınkından açıqdır.
Beləliklə, görünən nədir? Görünən budur ki, "Milli Şura"da təmsil olunan partiyaların hər biri birlik formatında deyil, məhz müstəqil şəkildə fəaliyyət göstərir və namizədin təbliğatı da müstəqil formada, öz ssenariləri ətrafında aparılır.
Məsələn, Müsavat partiyası öz bildiyi kimi, AXCP öz istədiyi kimi, "EL" hərəkatı da öz qurduğu planlar əsasında guya C.Həsənlinin təbliğatını aparmaqdadırlar. Ancaq bu təbliğat heç də təbliğat xarakteri daşımır. Bu, ilk növbədə, xalqın dəstəklədiyi iqtidara qarşı qarayaxma kampaniyaları, təhqir və təhdidlər fonunda sərgilənir. Belə olan halda, hansı təbliğatdan danışmaq olar? Əlbəttə ki, heç birindən.
Digər tərəfdən, özlərini "demokrat" adlandıran bu qaragüruhçu "qüvvələr" "Milli Şura"da necə deyərlər, "xalaxətrin qalmasın" şəklində "birləşsələr" də, struktur baxımdan birləşmə həyata keçirilməyib. Məsələn, qurumun son sessiyasında strukturlaşma və təşkilatlanma məsələsi qaldırılsa da, bəziləri tərəfindən etiraf olunan bu nəzərəçarpan faktor elə həyata keçirilmədən qaldı. Odur ki, hazırda "Milli Şura"da təmsil olunan partiyaların rayon şöbələri birlikdə deyil, ayrı-ayrılıqda fəaliyyətdədir və hətta bir-biri ilə barışmaz rəqabət də aparırlar.
Beləliklə, istər rüsvayçı mitinqlərində, istərsə də debatlarda geninə-boluna hakimiyyətə qarşı meydan təfəkkürü çərçivəsində "meydan oxuyan" C.Həsənli yaxşı olardı ki, ağzındakı çullu dovşanı çıxarıb atsın bir kənara və qurumdaxili hərc-mərclikləri həll etsin. Onsuz da kor-kor, gör-gördür ki, aparılan rəy sorğuları da onun sıralamada autsayderliyini təsdiq edir. Çox yəqin ki, Həsənli indi seçkilərdən sonra hansı ölkəyə qaşacağı barədə planlar cızır, nəinki seçkilərin nəticələri barədə düşünür.
Bax, məsələnin kökü də budur. "Milli Şura" daxili çəkişmələrdən parçalanmağa, "vahid namizəd" isə hansısa Qərb ölkəsinə qaçmağa doğru istiqamət alıb. Onda soruşmaq lazımdır ki, yaxşı, "a bəylər", bəs bu nə həngamədir ki, öz azsaylı elektoratınızın başına açırsınız?
Yəqin ki, seçkilərdən sonra hər şey həm bizə, həm də aldatdığınız azsaylı elektoratınıza məlum olacaq...