Azərbaycanda 55 siyasi partiya qeydiyyatdan keçib ki, bunların da cəmiyyətdə cəmi 5-6-sı azacıq tanınmağa çalışır. Qalan partiyaları tapmaq yunan filofosu Platonun 2400 il əvvəlki əlyazmalarını aşkara çıxarmaq qədər çətindir. Çünki bu siyasi partiyaların mövcudatı və fəaliyyəti 5 səhifə A4 vərəqinə yazılan nizamnamədən kənara çıxa bilməyib.
Azərbaycanda siyasi partiya var ki, 876 nəfər üzvü var ( bu, 1994-cü ilə istinadən dəqiq rəqəmdir), bu üzvlərin 300-dən çoxu dünyasını dəyişib, bir qismi hansı partiyanın üzvü olduğunu unudub, bir qismi isə, öz işlərinin-güclərinin başındadırlar. İndi cəmi 30-40 nəfər üzvü var bu partiyanın. Partiya var ki, 11 nəfər üzvü var, amma sədri qışqırır ki, 111 min nəfər üzvümüz uzaqvuran və yaxıntutan siyasətlə məşğuldur.
Azərbaycanda siyasi partiyaların normal fəaliyyəti və vətəndaş cəmiyyətinin formalaşması üçün dövlət büdcəsindən siaysi partiyaları vəsait ayrılmışdı, yenə də ayrılacaq. Amma deyilənə görə, müxalifət yenə də narazılıq edir. Lakin bunlar başa düşmək istəmirlər ki, 20 ildə 2 deputatı olmayan, partiya qərargahlarını obyektə çevirən, hər seçkidə Mozambik göbələkləri kimi pırtlayıb çıxan pariyalara 100 min manatı heç cürə vermək olmaz. Lap tutaq ki, verdin, bəs sonra həmin partiyada su yerinə axan qanların qarşısını kim alacaq!?
Mövsümi olaraq 100-200 nəfərin çrtmasayaq alqışları altında meydana daxil olmaqla, diametri 120 santimetr olan qarnını qabağa verməklə, ətrafa qladiator baxışları ilə baxmaqla hansı uğurlu siyasi nəticəyə nail olmaq olar ki, indi də sinəni qabağa verib maliyyələşmə istəyəsən!? Şəxsi istəklər partiya maraqlarını üstələyəndə, maliyyə mənbəyini xarici divarlardan qoparanda partiya sosial bazasız qalır, sosial bazasızlıq məğlubiyyətə aparır, bu məğlubiyyət səni azğınlaşdırır, bu azğınlıq nəticəsində isə xarici əmilərin daha sənə etimad göstərmir və sən başlayırsan ya yeni partiya yaradırsan, ya da pessimizm altında kəmsər bəyanatlar verirsən.
Dövlət pul almaq üçün sosial baza lazımdır, reallaşan hər hansı uğurlu siyasi proqramlar gərəkdir, hər gün siyasi gediş eləmək vacibdir. Daha 3,5 ildən bir "şuqqulu bəy burdadır" deyərək meydana tullanmaqla kimsəyə pay düşməz. Deyirlər ki, Müsavatdan bir neçə adam istefa verəcək və gedib partiya yaradacaq. Mən yüz faiz əminəm ki, həmin adam "Müsavat" adına sadiq qalacaq və bu adlardan birini yeni yaratdığı partiyasına qoyacaq. Təsəvvür edin ki, Müsavatdan kimlərsə istefa verir və özlərinə yeni partiya yaradırlar: "Təzə Müsavat Partiyası, Təptəzə Müsavat Partiyası, Köndələn Müsavat Partiyası, Sağdan Hücum Müsavat Partiyası və sairə. Yada ki, AXCP-dən Azərbaycan Kişi Cəbhəçilər Partiyası, Xalq İstehkam Cbhəsi Partiyasının Partiyası və ilaxır.
Əzizlər, gedin, papağınız qabağınıza qoyub fikirləşin. Bu 1 manatlıq çayxanada nərd oynamaq deyil, siyasətdir! Qısqanmayın, YAP-ın siyasi addımlarına baxın, sosial baza yaratmaq üçün aparılan siyasətdən tutmuş qələbəyə aparan proqramlara qədər hamısına soyuq başla nəzər yetirin. Onda biləcəksiniz ki, dövlət pulu hansı partiyaya verməlidir. Heç olmasa, 3 faizlik barieli də aşmadınız ki, 10 faiz alasınız.