"Milli Şura"nın sədri Rüstəm İbrahimbəyov rəhbərlik etdiyi qurumda həmsədrlik institutunun yaradılması təklifi ilə çıxış etsə də, onun təklifi qurumda birmənalı qarşılanmadı. Məsələ ondadır ki, İbrahimbəyov Cəmil Həsənli ilə yanaşı öz namizədliyini deyil, əlaltısı Eldar Namazovun namizədliyini təklif edib. Lakin bəribaşdan demək mümkündür ki, əslində, Cəmil Həsənlinin dublyorluq şərti altında seçkilərdə "vahid namizəd" olması onsuz da qurumun ənənəvi müxalifətin əlinə keçdiyini təsdiq etdi. Nəticədə, qurumun əldən çıxdığını görən İbrahimbəyov son anda həmsədrlik institunun yaradılması təklifi ilə çıxış etdi və bu gün onun öz yerinə Namazovu təqdim etməsi özü-özülüyündə bir çox məsələləri üzə çıxarmış olur. Məsələn, AXCP-ni çıxmaq şərti ilə heç bir şəxs papkadaşıyanın onlar üzərində rəhbərlik etməsinə imkan verməsini istəməz. Ona görə də sözügedən vəziyyət getdikcə daha da qəlizləşməkdə davam edir.
İbrahimbəyov gedir və...
Məhz bu səbəbdən, Müsavatın timsalında "Milli Şura" təmsilçiləri İbrahimbəyovun adamı Eldar Namazova qarşı çox qəzəblidirlər. Söz yox ki, bütün bunları İbrahimbəyov da görürdü. Əslində, onun seçki kampaniyası dövründə ənənəvi müxalifəti çətin duruma salması da unudulmayıb. Ona görə də İbrahimbəyov "Milli Şura" sədrliyindən çıxacağını ehtimal edib. O, ehtiyat variantını işə salaraq, öz əlaltısını - Namazovu öz yerinə xələfi kimi qoymağa cəhd edib.
Digər tərəfdən, ənənəvi müxalifətin əsas məqsədlərindən biri də "Milli Şura"nı ən yaxşı halda parlament seçkilərinə qədər qoruyub saxlamaq, hazırkı tərkibin dağılmasının qarşısnı almaqdan ibarətdir. Lakin bu iddianın reallıqdan nə qədər uzaq olduğunu da düşünmək olar.
AXCP-Müsavat cütlüyü yeni siyasi cəngə çıxmış olacaqlar
Ehtimal etmək olar ki, "Milli Şura"nın növbəti toplantısında Cəmil Həsənli qurumun həmsədri (daha dəqiq desək, rəhbəri) seçiləcək. Ancaq həmsədr kimi sürpriz adın da ortaya çıxacağına şübhə etmək olmaz. Bu, AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, hətta VHP təmsilçisi də olar bilər. Ancaq görünən budur ki, bütün hallarda həm Rüstəm İbrahimbəyovun, həm də onun namizəd kimi gördüyü Namazovun iddialarına son qoyulmuş olacaq. Yəni İbrahimbəyovun özü də kənarda qalmış olacaq.
Lakin həmsədrlik institutu ilə bağlı ilginc məqam yenə də Cəmil Həsənlinin adı ilə bağlıdır. Məsələn, ehtimal etmək mümkündür ki, Həsənli də bir müddət sonra İbrahimbəyovsayağı "öz işimlə məşğul olacağam" deyib kənara çəkilə bilər. Nəticədə, "Milli Şura"nın həmsədrliyi, hətta sədrliyi belə boş qalacaq. Bu zaman "İctimai Palata"da baş verənlər "Milli Şura"da da təkrarlana bilər. Sədrlik və monopoliyanı ələ almaqdan ötrü AXCP-Müsavat cütlüyü yeni siyasi cəngə çıxmış olacaqlar. Onda hər şey, daha dəqiq desək, ənənəvi müxalifətin dəyişilməz tarixi bir daha təkrar olacaq.