"Milli Şura"nın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli mətbuata açıqlamasında bildirib ki, "Milli Şura" fəaliyyətini genişləndirməklə yanaşı, mitinqlərə də davam edəcək və s. Əslində heç də təəccüb doğurmayan bu cümlələrin davamlı olaraq işlədilməsinin nə ilə nəticələndiyini Azərbaycan xalqı, sağlam fikirlərə və düşüncələrə sahib olan insanlar yaxşı bilirlər. İlk öncə mitinqlərdən sonra ortada qalan zir-zibil töküntüləri, daha sonra isə həmin mitinqlərin nəyə görə uğursuz adlandığını sual edən müxalifət funksionerlərinin qarşılıqlı ittihamları. Bundan o tərəfə siyasət yürüdə bilməyən "Milli Şura" rəsmisinin bu qədər ucuz və populizm xətrinə dediyi sözlər isə insanlarda ona qarşı olan qıcığı, antipatiya hisslərini daha da artırmaqdadır. Üstəlik, "Milli Şura"dan olan qopmaları da bura əlavə etsək, artıq əminliklə deyə bilərik ki, pənahlarını mitinqlərdə axtarmağa başlayan ənənəvi müxalifət "liderləri" həmin mitinqlərin birində məhz C.Həsənlinin özünü də zibil kimi bir kənara tullayıb, oradan uzaqlaşacaqlar.
Bu səbəbdən, də bir daha əmin oluruq ki, əslində "Milli Şura" barədə danışmağın heç bir mənası yoxdur. Necə deyərlər, bu qurum ittiham olunduqca, kifayət qədər reklam olunur. Ona görə də müxalifət iqtidar mətbuatına minnətdar olmalıdır ki, zaman-zaman onların belə lazımsız qurumlarını reklam edir. Çünki bu qurumun fatihəsi çoxdan oxunub. Digər tərəfdən, artıq "Milli Şura"nın olmayan sosial bazası ilə gələcək fəaliyyətinə və mitinqlərə davam edəcəyi sual altındadır. Çünki bundan sonra hər hansı müsbət nəticə əldə etməsi üçün qurumun ətrafında kifayət qədər narazı elektoratı, təbliğat işləri ilə məşğul olacaq funksionerləri belə mövcud deyil. Üstəlik, "Milli Şura"ya daxil olan müxtəlif siyasi qurum təmsilçiləri artıq qurumu tərk etməyə başlayıblar. Belə vəziyyətdə "Milli Şura"nın öz fəaliyyətini genişləndirməsini proqnozlaşdırmaq, yaxud da həmsədr seçmək kimi boş-boş ideyaları ortaya atmaq sadəcə olaraq məntiqsizlikdir. Hətta qurumun sədri Cəmil Həsənli deyil, ATƏT DTİHB-dən olan diplomat olsa belə mövcud vəziyyət dəyişməz qalacaq. Əslində C.Həsənlinin "Milli Şura"ya hər hansı bir yenilik gətirməsi də inandırıcı deyil. Qurum rəsmilərinin açıqlamaları və "Milli Şura"nın gələcək planları barədə açıqlamaları dekorativ bəyanatlardan başqa heç nə deyil. İstər yaxın, istərsə də uzaq gələcəkdə müxalifət ortaya heç bir real nəticə qoya bilməyəcək.
Yerdə qalan isə tör-töküntü, zir-zibil olacaq. Məsələn, götürək "İctimai Palata"nı. Artıq zamanında bəh-bəhlərlə yaradılan bu qurum müxalifət düşərgəsində "liderlərin" ayaqlarına dolaşmağa başlayıb. Bu səbəbdən də, ehtimal etmək mümkündür ki, yaxın gələcəkdə "Milli Şura" da öz keçmiş namizədi ilə digər "liderlərin" əllərinə-ayaqlarına dolaşmağa başlayacaq. Bəs görəsən onda "Milli Şura"nın vayına kim oturacaq? Yəqin ki, bizlər yaxın zamanlarda bunun şahidi olacağıq.