Bəlkə də bu haqda yazmaq, atalar demişkən, bir az köntöy çıxır, amma gördüklərini yazmamaq da günahdır. Allah klaviaturamıza qüvvət versin, düymələri xarab olmasın...
Şəhərimizi dolaşmaq çox maraqlıdır, xüsusilə, axşam vaxtı Nizami küçəsində ecazkar işıq lampalarının yerə saldığı rənbərəng parıltını ayaqlarının altında hiss etmək insanı bir az qürurlandırır, ayaqqabılarını, nə qədər çirkli olsa da bir o qədər parıltılı görsədir. Heç kimin üzündə nursuzluq diqqətini cəlb etmir, sifət quruluşundan, daxili işbazlığından asılı olmayaraq, ətrafa üzündən nur çilənir. Bizi tanımasalar, deyərlər ki, bu millətin elə hamısı mömindir. Hətta sarı ayaqqabı, yaşıl şalvar, qırmızı kofta geyinib saçlarını yeddi rəngli svetofor işıqları kimi rəngləyənlərin, əksər qulaqlardan sallanan qulaqcıqlardan eşidilən "dıp çıs" sədaları da insanın zövq almasına mane olmur, ən azı, rəngbərəng gecəmiz bu rənbərəng eybəcərlikləri örtmüş olur.
Ancaq mənim şəhərimizin işıqlarından danışmaq fikrim yoxdur. Sadəcə günün bütün saatlarında hara getsəm, qarşımda kol kimi bitən bir neçə müxalifətçi var ki, onların yaşam tərzinin necə mümkün olduğu məni çox düşündürür. Və fikirləşdim ki, hər gün 1255 dəfə şəhərimizdə rastlaşdığım bir neçə müxalifətçi var ki, onlar haqqında "təsvirat" aparım. Məsələn, "Nərimanov" metrosunun yaxınlığında bir kafe var, 1 manata səhərdən axşama qədər burda liderlik edə bilərsən. Nə vaxt getsən, İbrahim İbrahimlini, Əbülfəz Qurbanlını orda görə bilərsən. Düzdür, ayrı masalarda otururlar, amma yenə də eyni kafedə nəfəs alırlar. Açığı desək, "Neftçilər"də, "Nərimanov"da rast gəlmək olur bu adamlara.
Ancaq bir azca "şışka" yerdə çay içən müxalifətçilər də var ki, bunların da ucbatından ora girmək olmur. Qulağın ancaq bu sözləri eşidir: "İsa bəy, Əli bəy, Cəmil bəy..." Bir sözlə, "bəy sürüsü"nün qulaq şahidi olmaqdan çətin bir şey yox imiş.
Üzü Konstitusiya Məhkəməsinə doğru gedirsən, görürsən ki, "Araz" kafesində də müxalifətin yazarları şöngüyüb, hərəsinin də qabağında bir pivə, noxud və siqaret qutusu. Bu, həmin yazarlardır ki, 25-35 arası yaşları var, amma öz dilimizdə 25-35 cümləlik yazıçı deyillər. Bu masadan, nə qədər maraqlı olsa da, ancaq "Günel Mövlud" ifadəsini daha çox eşitmək olur. Bu tip "poeziya adamları"nın dağınıq, manyak olduğunu nəzərə alsaq, Güneldən danışmaları heç də qəbahət deyildir.
"Neftçilər" ətrafında həmişə 2-3 şəxs var ki, daima əllərində kameralı telefonla şəkillər çəkirlər, müxalifətçi jurnalsit olmaq istəyən 10 ilin məğlubiyyət daşıyıcılarıdır bunlar. Qınamayın, özlərini indi də bu cür göstərməyə cəhd edirlər.
Müxalifətdə olan tanışlardan biri deyir ki, Arzu Səmədbəyli ilə Pənah Hüseynin çoxlu zarafatları var. Hətta bu yaxınlarda onların etdikləri zarafatı da mənə danışdı. Onların dioloqunu olduğu kimi yazıram:
Pənah: Arzu, Göyçayda narı nə ilə yığırlar?
Arzu: Əl ilə yığırlar.
Pənah: Yox, əl ilə yığmırlar, fikirləş.
Arzu: A kişi, gözümlə görmüşəm ki, əl ilə yığırlar.
Pənah: Göyçayda narı 070-lə yığırlar.
Sən demə, Pənah mobil operatoru nəzərdə tuturmuş. İndi bu tanış deyir ki, Arzu necə uğunub gedibsə, güclə özünə gətiriblər. Allah zarafatınızı bolı eləsin, sizi Allah elə bunun üçün yaradıb.