Deyirəm, Məşədi İbad demişkən, bu müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərini və onların müavinlərini yıxasan yerə, ağızlarına-ağızlarına vurasan. Deyə bilərsiniz, həm də sual verə bilərsiniz ki, niyə? Əlavə oluna bilər ki, onsuz da bu biçarələr bir-birini al qana qərq edən yapon xalqları kimi təhqir edib, gözdən salmaqla arzuolunmaz şəxslərə çevriliblər. Bir tərəfdən də müəyyən xarici qüvvələr də onların qabırğalarına döşəməklə, dəyərsiz məxluqlar olduqlarını nümayiş etdiriblər. Bütün bunların fonunda yazarların da onları qınaq obyektinə çevirmələri yaxşı hal kimi dəyərləndirilməməlidir. Bəlkə də Həsən Kərimov, Arif Hacılı, Sülhəddin Əkbər, Gözəl Bayramova və digərləri yazarların haqlı ittihamlarına görə pərişandırlar. Amma bir fakt var ki, yaramazı əməllərinə görə ifşa etmədikdə, o, daha həyasız və qəddar olur. Müxalifət liderlərini də xalqa və dövlətə qarşı yönələn bəd hərəkətlərinə görə ifşa etmədikdə, onlar daha da azğınlaşırlar. Digər tərəfdən, sübut olunur ki, müxalifət liderlərinin bəzilərinin ölkədə iğtişaşlar və qarşıdurmalar yaratmaq üçün dini radikal qruplaşmalardan belə istifadə etməyi planlaşdırırlar. Eləcə də məram və məqsədlərini hələ də anlamayan gənclərdən öz çirkin və yaramaz məqsədləri üçün istifadə etməyə çalışırlar. Misal kimi, AXCP sədri Əli Kərimlinin "Etirazçı gənclər"dən ibarət koalisiyanın yaradılması təklifi ilə çıxış etməsini göstərmək olar. Həmçinin, Müsavat başqanı İsa Qəmbərin dini radikal orduların Müsavat partiyasında fraksiyasının yaradılması ideyasını da misal olaraq qeyd etmək olar. Qısaca o fikri vurğulamaq olar ki, müxalifət təmsilçiləri fəaliyyətlərini, ancaq xalqdan və dövlətdən qisas almağa yönəldirlər.
"Sirkə nə qədər tünd olsa, qabını partladar"
Müxalifət liderlərinin mübarizə hədəflərini qisasçılıq üzərində qurmaları, təbii ki, onların ictimai rəyin gözündən düşmələrini daha da dərinləşdirir. Bu baxımdan, keçirdikləri aksiyaların iflasa uğraması ilə yanaşı, yaratdıqları blok və qurumlar da az sonra tarixin arxivinə atılır. "Milli Şura" deyilən qondarma qurumun sədri Cəmil Həsənli etiraf edib ki, "şura"nın keçirdiyi aksiyaların iflasa uğramasının başlıca səbəbi partiya sədrlərinin cəmiyyət tərəfindən qəbul olunmamasıdır: "Son mitinqlərin təşkilatçıları Rəsul Quliyev və Eldar Namazov olmuşdur. Amma geniş şəkildə təbliğati işin aparılmasına və maddi xərclərin çəkilməsinə baxmayaraq, mitinqə gələnlərin sayı kifayət qədər az oldu. Hesab edirəm ki, bu, müxalifətin faciəsidir".
Qarşılıqlı ittihamlar və çəkişmələr onu deməyə əsas verir ki, bugünkü müxalifəti cəmiyyət qəbul etmir. Çıxış yolu isə hazırkı müxalifət liderlərinin siyasəti tərk etmələridir. Təbii ki, onların bu tələbləri qəbul etməsi real görünmür. Çünki onlar siyasətə gəlir mənbəyi kimi baxırlar.