Bu siyasət nəmənə olan şeydirsə, ora qoşulan məxluq az bir müddət sonra əvvəlki həyat tərzindən fərqli yaşam həyatına malik olur. Onun danışığı, hərəkətləri, verdiyi açıqlamalar da onu tanıyan insanlarda təəccüb doğurur. Müxalifət təmsilçilərinin simalarına, onların davranışlarına diqqət yetirilsə, qeyd etdiyim fikirlərin əsaslı olduğunu görmək olar. Zamanında Eldar Namazov, Rafiq Əliyev, Eldəniz Quliyev, Gültəkin Hacıbəyli və digərləri insanlarda normal məxluq təsəvvürü yaradırdı. Amma elə ki, siyasətə qoşulub təsir altına düşdülər, başladılar hətərən-pətərən hərəkətlər etməyə. Xarici qüvvələr, ayrı-ayrı fondlar biçarələri necə qızışdırdısa, bir növ oda-alova döndülər. Hətta bir ara E.Namazov kinoçəkən Rüstəm İbrahimbəyovu özünə yoldaş etmək üçün "Milli Şura" deyilən qurumun yaradılması ilə bağlı işbirliyi təşkil etdi. Daha doğrusu, Rusiyanın müəyyən maraqlı dairələrinin maddi-mənəvi dəstəyi ilə E.Namazovla R.İbrahimbəyov "Milli Şura" ideyasını reallaşdıra bildilər. Amma onların bu qurumda fəaliyyətləri çox qısa oldu, çünki qeyri-ciddi danışıqları, səhv siyasətləri ilə öz həyatlarını qaranlıq məcraya yönəltdilər. Az sonra qurumun yaradılması prosesində iştirak edən altı nəfər təşkilatçıdan dördü, o cümlədən, E.Namazov və R.İbrahimbəyov "Milli Şura"dan istefa verdiklərini bəyan etdilər.
"Qoymuyun, ayə, üstümə İrasim gəler"
Siyasətə qoşulmaqla yolunu azanlar sırasında bəzən vəzifədə olub, amma bəd əməllərinə görə oradan uzaqlaşdırılan şəxslər də az deyil. Belələrindən biri də son vaxtlar keçmiş səhiyyə naziri Əli İnsanovdur. Bu şəxsin keçmişi, nazir olduğu zaman etdiyi əlləm-qəlləm əməllərdən söhbət açmayacam. Çünki onun əməlləri ilə bağlı cəmiyyət kifayət qədər məlumata malikdir. Deyəcəyim və qeyd edəcəyim fikir onun son vaxtlar səsləndirdiyi fikirlər, verdiyi bəyanatlardır. Ə.İnsanov E.Namazovun və Cəmil Həsənlinin açıqlamalarından nə dərəcədə ruhlanıbsa, gülüş doğuran, həm də təəccüb yaradan bəyanatlarla çıxış edir. Bildirir ki, tərəfdarları mütləq və mütləq müxalifətə qoşulmalıdır. Onun hansı müxalifətə qoşulmaq işarəsi verdiyi məlum olmadığı kimi, hansı tərəfdarlarından danışdığı da şübhəli görünür. Ən azı ona görə ki, Ə.İnsanovun tərəfdarları mövcud deyil. Bu yerdə deyiblər, "Qoymuyun, ayə, üstümə İrasim gəler". Vəzifədə olduğu zaman qohum-əqrəbasından ibarət ona dəstək verənlər olubsa da, onlar artıq ondan üz döndəriblər. Çünki cəmiyyətin Ə.İnsanova olan mənfi münasibətinin onlardan da yan keçməyəcəyini başa düşdüklərindən, ictimai rəyin mövqeyindən çıxış etdiklərini bəyan etmək məcburiyyətində qalıblar. Bu baxımdan, E.Namazov və C.Həsənlinin Ə.İnsanovdan gözlədikləri iflasa uğrayacaq.