Deyirəm, şər-böhtan demək sanki müxalifət başbilənlərinin həyat fəlsəfəsidir. Hər gün kiminsə haqqında yalandan ittihamlar səsləndirmək, şərəf və ləyaqətinə xələl gətirən ifadələr söyləmək müxalifət funksionerləri üçün ənənəvi hal alıb. Amma diqqətçəkən məqam ondan ibarətdir ki, bu biçarələr yalnız silahlarını xalqını sevən, dövlətinə bağlı olan insanalara yönəltmirlər. Əksər hallarda əqidə dostlarına qarşı da təhqiramiz ifadələr səsləndirirlər. Bununla bağlı, çoxsaylı faktlar və misallar göstərmək olar. Sadəcə, son günlər AXCP ilə Müsavat arasında gedən qarşıdurmanı göstərməklə, müxalifət funksionerlərinin hansı səviyyədə olduqlarını bilmək olar. AXCP funksioneri Fuad Qəhrəmanlının "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun "Yazıq və sərsəm adam" adlandırmasının ardınca, ikinci də birinciyə qarşı "Fuad Qəhrəmanlı, Həsən Kərimov kimilər Əli Kərimlinin nayomnikləridir" deyə bildirib. Eyni zamanda, R.Arifoğlu Ə.Kərimlini ifşa edən açıqlamalarla çıxış edib. Baş redaktor bildirib ki, Ə.Kərimli bir neçə dəfə ona Müsavatdan istefa verərək AXCP-yə keçməsini təklif edib. Onun deməyinə görə, Ə.Kərimli Müsavatın parçalanması müqabilində ona böyük məbləğdə pul da vəd edib.
Əli Kərimli SOROS-un pullarını sağa-sola xərcləyir
Kifayət qədər ciddi ittihamlar səsləndirən R.Arifoğlu bununla AXCP-nin kənar qüvvələr tərəfindən maliyyələşdiyinə işarə vurub. R.Arifoğlu AXCP-nin qidalandığı maliyyə mənbələrini göstərməkdən çəkinsə də, görünən odur ki, həmin qüvvələr heç də Azərbaycanda deyillər. Daha doğrusu, AXCP-ni maliyyələşdirən xarici fondlar və ayrı-ayrı qüvvələrdir. Bir balaca səthi araşdırmalar apardıqda, məlum olur ki, AXCP-yə daha çox maliyyə yardımı göstərən tərəf SOROS fondudur. Xatırladaq ki, hələ 2010-cu il parlament seçkiləri ərəfəsi "REAL" hərəkatının sədri İlqar Məmmədov və "VAMBP"-nin sədri Hacıbaba Əzimov AXCP-nin Corc Soros tərəfindən maliyyələşdirildiyini iddia edən açıqlamalarla çıxış etmişdir. Həmin dövrlərdə o məlumat da yayılmışdı ki, xaricdən AXCP-yə maliyyə yardımlarının göstərilməsi Ə.Kərimlinin beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayevin rəhbərlik etdiyi QHT vasitəsilə həyata keçirilir. Ayrılan məbləğin miqdarını müəyyənləşdirmək bir o qədər də asan olmasa da, bu məbləğin 200 mindən yuxarı olduğu qeyd olunurdu. Təbii ki, SOROS-la əsası qoyulan əməkdaşlıq bu gün də davam etdirilir. Məhz bu əməkdaşlığın "müsbət nəticəsi"dir ki, AXCP-yə qərargah alınmışdı. Düzdür, "hayla gələn vayla gedər" məsəlinin səbəbsiz yerə deyilmədiyi AXCP-nin qərargahının partlaması ilə bir daha öz təsdiqini tapıb. Amma Ə.Kərimlinin AXCP-nin qərargahının qəzalı vəziyyətlə üzləşdiyindən, sökülməsindən narahat olmadığı da müşahidə edilir. Bu da onun SOROS-un pullarına aludə olmasından irəli gəlir. Yəni Corc Sorosun canı sağ olsun, bu qərargah olmasın, başqa qərargah olsun. Qısası, Məşədi İbad demiş, "O olmasın, bu olsun".