Son günlər "Milli Şura"nın yetərsay olmadan sessiyalar keçirməsi iddiaları qurum daxilində narahatçılıq doğurmaqdadır. Belə ki, bu amilin sübut olunması adıçəkilən qurumun həqiqətən də iflasa uğradığını təsdiq edir. Özlərini müxtəlif bəhanələrlə aldadan, eyni zamanda ətrafdakılarına yalan vədlər verən "Milli Şura" rəhbərliyi indi də orada təmsil olunmaq istəməyən şəxslərin adlarını oraya güclə yazdırmağa cəhd göstərirlər. Daha çox "pripiska" əməliyyatına oxşayan bu cəlbetmələr isə söz yox ki, nəticəsiz qalır. Çünki özlərinə hörmət qoyan hər bir fərd "Milli Şura"da təmsil olunmağı özünə ar bilir. Lakin bütün bunlara baxmayaraq, "Milli Şura"nı öz partiyasının dominantlığı altına salan Əli Kərimli, ya da onun siyasi nökərinə çevrilmiş oyuncaq sədr Cəmil Həsənli hələ də kimlərinsə quruma üzv yazılacağını utopikcəsinə xəyal edirlər.
Mirzə Xəzər "Milli Şura"nı ciddi qurum hesab etmir
Bu arada "Azadlıq Radiosu"nun Azərbaycan redaksiyasının keçmiş rəhbəri Mirzə Xəzərin də adının "Milli Şura"ya yazılacaq üzv kimi hallandırılması nəticədə onun etirazı və kəskin qınağı ilə nəticələnib. Belə ki, o, Cəmil Həsənlinin guya quruma üzv yazılması haqqında müraciət etməsini yalan adlandırıb. Mirzə Xəzər mətbuata açıqlamasında "Milli Şura"nın formalaşmadığını və ictimai rəyə təsiri çox zəif olduğunu, eyni zamanda quruma üzvlüklə bağlı dəvəti rədd etdiyini, üzvlüklə bağlı "Milli Şura"ya müraciət etmədiyini bəyan edib. Mirzə Xəzər heç bir şəxsdən, təşkilatdan və ya partiyadan asılı olmaq istəmədiyini, müstəqil, bitərəf və sərbəst olmağa üstünlük verdiyini söyləyib.
Cəmil Həsənlinin tutar qatıq, tutmaz ayran prinsipi
Məhz bu bəyanatdan sonra "Milli Şura" sədri Cəmil Həsənlinin yalanı üzə çıxıb və o, indi də Mirzə Xəzəri yalan danışmaqda günahlandıraraq, guya quruma üzv yazılması haqda müraciət etdiyini iddia edib. Tamamilə ağ yalan danışan Cəmil Həsənli özünü təmizə çıxarmaqdan ötrü deyib ki, guya Mirzə Xəzər onların dəvətini qəbul edib və tələblərə uyğun olaraq özü haqqında məlumat göndərib.
Ancaq görünən budur ki, Mirzə Xəzərin "Milli Şura"dan imtina etməsi və sərt açıqlama verməsi Cəmil Həsənlini qəm dəryasına batırıb. Necə deyərlər, islanmışın yağışdan qorxusu olmur. "Milli Şura"nın sonunun gəldiyini anlamağa başlayan Cəmil Həsənli tutar qatıq, tutmaz ayran prinsipini əlində bayraq etsə də, onun yalançılığı bir daha sübuta yetirilmiş olub.