Deyərdim ki, insan ömründə üç dəfə təsir altına düşə bilər. Birinci uşaqlıq, ikinci gənclik və üçüncü qocalıq dövründə. Bəlkə də birinci və ikinci hallara görə təsir altına düşən insanı bağışlamaq olar. Ancaq qocalıq dövründə insanın səhv etməsinə təəssüf hissi keçirmək, təbii ki, başa düşülən deyil. Çünki bu dövr elə bir dövrdür ki, gənclər və ya orta nəsildən olan insanlar ağsaqqallardan məsləhət alıb, onların göstərdikləri yolla getməyə ehtiyac duyurlar. Zaman-zaman qeyd etdiyim hallarla bağlı fikirlər səslənib, yazılar yazılıb, televerilişlər yayımlanıb. Amma təəssüflər olsun ki, yaşlı insanın səhv etməkdən çəkinməsi məsələsini aradan qaldırmaq mümkün deyil. Faciə ondadır ki, səhv edən insan növbəti dəfə eyni səhvi təkrarlayır. Misal kimi, Müsavat başqanı İsa Qəmbər siyasi fəaliyyəti ərzində dəfələrlə pozuculuq aktlarının törədilməsinin müəllifi olub. Buna görə neçə-neçə gənc həbs edilərək azadlıqdan məhrum edilib. Amma nə yazıqlar ki, bu səhvləri törətməkdən çəkinməkdənsə, İ.Qəmbər yeni-yeni səhvlərini təkrarlamaqdadır. İsmayıllıda baş verən məlum hadisələr zamanı İ.Qəmbərin əsas rolda çıxış edən aktyorlardan olduğu hər kəsə bəllidir. Cəzalanan, həbsə atılan isə onun müavini Tofiq Yaqublu və qondarma hüquq müdafiəçisi İlqar Məmmədov oldu. Yəni bir qocanın səhv hərəkətlərinin ağır nəticəsini onun ətrafında olan gənclər dadmalı olub.
Tükənmiş ziyalı "daley-daley" deyir
Bədbəxtçilik ondadır ki, sözləri qurtaran, elmdə tükəndiklərini başa düşən ayrı-ayrı nəslin insanları da səhv hərəkətlərini açıq şəkildə cəmiyyətə nümayiş etdirməkdədirlər. Buna misal kimi, Rafiq Əliyevi, Cəmil Həsənlini, Eldəniz Quliyevi, Rüstəm İbrahimbəyovu və digərlərini göstərmək olur. Sözügedən bu şəxslər bir araya yığışıb "Ziyalılar Forumu" adlı bir qurum yaratdılar. Aradabir yığışıb Avropa dəyərlərindən, Ukraynada, Gürcüstanda baş vermiş hadisələrdən danışdılar. Hətta bir qədər də uzağa gedib üçüncü qüvvə olaraq önə çıxmaq üçün təkliflər və ideyalar səsləndirdilər. Nəhayət, bu təkliflərdən birini - "Milli Şura" adlı qurumu yaratmaqla prezident seçkilərinə qatılmaq fikrində olduqlarını bəyan etdilər. R.İbrahimbəyovu "Milli Şura"nın prezident seçkilərində "vahid namizədi" olmaq üçün toplantı da keçirdilər. Ancaq R.İbrahimbəyovun iradəsizliyi, başlıca qərarsızlığı ideyanın reallaşmasına imkan vermədi. Yəni R.İbrahimbəyov Moskvadan Azərbaycana gəlməkdən çəkindiyi üçün onun "Milli Şura"nın "vahid namizədi" olması baş tutmadı. Nəticədə, ardıcıl səhvlərinin qurbanı olduğu üçün yüksək elm mərkəzlərindən uzaqlaşdırılan Cəmil Həsənli "Milli Şura"nın namizədi olaraq seçkilərə qatıldı. Amma məlum olduğu kimi, C.Həsənliyə xarici və daxili maraqlı qüvvələr maddi və mənəvi dəstək göstərmələrinə baxmayaraq, onun qazandığı səs cəmi 3 faiz oldu. Məhz buna görə də R.İbrahimbəyov "Milli Şura"nı və onun namizədi olmuş C.Həsənlini hədəfə alaraq onları "boşboğazlar və cəmiyyət tərəfindən qəbul olunmayan qüvvələr" adlandırdı. R.İbrahimbəyov, eyni zamanda, "Ziyalılar Forumu"nun əhəmiyyətsiz bir quruma çevrildiyini də mətbuata açıqlamasında bildirib: "Ziyalılar Forumu" buraxılmalıdır. Çünki əhəmiyyət və fəaliyyətsiz bir quruma çevrilməlib".