PDF Oxu

Köşə

  • 1 473

"Gelandevaqen"lə Qarabağa gedə bilərikmi?

"Gelandevaqen"lə Qarabağa gedə bilərikmi?

Ən sürətli, prestijli maşınlardandır, şütüyür şəhərimizin küçələrində. Çox uzaq ucqarlara getmir, Bakının bir ucundan girib, o biri ucundan çıxa bilir. Ərəb pəmbələri kimi heç vaxt bir dərdə dərman olmayan bir çox gənclərin ilham mənbəyidir bu maşın. Yavaş sürmək, 150 km sürətlə getmək xəcalət verir bu gənclərə, iradələrini qırır, əksildir, əzir, dodaqlarına çat çalır, alınları qırışır, gözləri bir nöqtəyə zillənir bu gənclərin.

"Azneft" dairəsindən bulvarla düz banklara tərəf yollanırsan, 20 qəpik də cibində olmaya bilər ki, 120 nömrəli marşruta verib bankda növbəyə düşməyəsən. Elə "Azneft" dairəsindən getdiyin banka qədər olan yolda cəmi bir xorultu ilə ödədiyin məbləğ qədərində benzin yandırır bu maşın. Adamın atasına od vururlar elə bil.

Mən Qarabağa gedirəm, getməsəm nakişiyəm, əliyalın da gedərəm. Sən də "Gelandevaqen"lə, öz dilinlə desək, "Qalik"inlə gəl. Qorxma, mən sənin maşınının qabağında gedib səngərə girəcəm, yenə də səni qoruyacam. Mənim burnum düşmən gülləsinin qoxusunu udanda, qulaqlarıma qurğuşun töküləndə, qollarımın arasında can tapşırılanda onsuz da, ölkənin bu biri başında - Bakıda sən yenə də "Gelandvaqen"in bir yumşaq oturacağında "cüt otururdun. İkinizi də qoruyurduq. Biz çalışırdıq ki, sən bir oturacaqda iki nəfərlə otura biləsən, "Qalik"ini xoruldada biləsən, arabir başını qismən bayıra çıxarıb yol polisinin üstünə anqıra biləsən, xoşun gəlmədiyi adamı döyə biləsən. Ölməmişik ki. Heç narahat da olmurdunuz, biz orda idik, narahat olmamalı da deyildilər.

Amma məntiqlə baxanda heç kim boş torpağı qorumur, onun da kökündə öz qeyrətin durur, heç kim boş torpağı müdafiə etmir. Hər kəs orda öz ailəsinin, ana-bacısının qeyrətini qoruyur, bunu da edə bilmirsənsə... Cəbhədə əlimizə silah verilib "al, bu sənin anandır, qoru onu" deyəndə, sənin əlinə bu zibilə qalmış "Qalik"in gül qoxuyan sükanı verilirdi, bitlər-birələr bədənimizi yeyib deşik-deşik edəndə sənin kürəyin ceyran dərisindən düzəltdirdiyin oturacağa söykənirdi.

Kimin oğludur, kimin nəyidir bilmirəm, amma dünən yol polisinə "ə, nömrəyə bax, sonra saxla məni, yoxsa qoşa "DD"-dən xoşun gəlmir, uç burdan" deyirdi bir uşaq. 18-19 yaşı olardı, 100 metrdən ətirinin qoxusu vururdu adamı, həlləm-qəlləm olurdu insan.

P.S. Ay "əzizlərim", siz "Qalik"lərinizi götürün, gedək Qarabağa tərəf. Çox demirəm, elə Bəhmənli kəndinə çatan kimi atanıza zəng edib "ə, vapşe getmirəm" deyəcək və "Qalik"in ulaq batıran xorultusu ilə ordan uzaqlaşacaqsan. Amma əmin ol, o xorultunu səngərdəki ermənilər eşidəcək, çox yaxındır məsafə.

Digər xəbərlər