Ermənilərin tapdağı altında qalan Şuşamız var. Bir də qarabağlıların Bakıda "Şuşa" adlı restoranı var, çox bahalıdır, qiymətlər od tutub yanır. Birinə getməyə cəsarətimiz, o birinə getməyə isə, pulumuz çatmır.
"Şuşa" restoranında nahar etmək üçün pul qazanmaq, elə Şuşanın qaytarılması ilə bağlı Minsk Qrupunun apardığı danışıqlara bənzəyir. Nə qədər qazansan da, orda nahar edə bilmirsən ki, bilmirsən. Necə ki, Minsk Qrupu illərdir nə qədər "çalışır" heç bir xeyiri olmur. Mənə nə çatmır? Şəxsən mənim min dənə də restoranım olsa, işğal olunmuş ata yurdumun, torpağımın adını onlardan birinə qoymaram. İyirmi ildən sonra Bakının "Land Mark"ını, "Park Bulvar"ını, möhtəşəm salonlarını, yayda Zəmzəm suyu ətrafında dövrə vuran mələklər kimi Bakı küçələrində süzən qızları, qışda günahdan qəmə bürünmüş insanlar kimi qara dublyonkalara bürünən kişilərini görən adam Şuşaya getmək istəyərmi? Əsil insan istəyər, Şuşanı nə əvəz edə bilər ki...
Məndə belə hallar olur, qarabağlı olmasam da, Qarabağ üçün sızladığım anlarım çox olub, bir dəfə də olsun Şuşada olmamışam. Amma dəfələrlə yuxumda Şuşanın bulaqlarından su içmişəm. Özümə başqa yollarla təsəlli verirəm. Bir şuşalı tapıb onu çaya qonaq edirəm, amma pulunu ona verdirirəm. Niyəsini soruşmayın. Ya da elə cin nömrəm ilə sim nömrəmə sms yazıram. Guya mənə məktub gəlib, qulaqlarımın tamarzı olduğu "dü-dü, dü-dü" notlarını eşitmək üçün.
Çoxuna yazığım gəlir. Bulvarda "Şeytan evi" deyilən yekə bir oyuncaqda kağızdan düzəldilmiş əjdaha biz kişiləri qorxuda bilirsə, karuseldə "yarına" minlərlə insanın gözü qabağında ana itirmiş balasına qovuşurmuş kimi sarıla biliriksə, "Samsung Qalaxy 4" işlətməyənlərə nakişi kimi baxırıqsa, hamımız şeir yazacağıqsa, qızlarımız müğənni, oğlanlarımız biznesmen olmağı arzulayacaqsa, elə qızlarımız biznesmen oğlanlara, oğlanlarımız da müğənni qızlara görə turşu görmüş təzə gəlinlər kimi ağzının suyunu axırdacaqsa...
Deyirlər ki, ermənilər Şuşanın girəcəyində yekə bir plakata öz dillərində yazıblar ki, "ədalət və insanlıq sülhün təməlidir". Artıq olan olub-keçən keçib. İran Şuşanın işğalından bir neçə gün öncə, Şuşaya altı general və yüzlərlə xüsusi təyinatlılar göndəribmiş. Görəsən, Elçibəy niyə İran generallarını xüsusi təyinatlılarla birlikdə Qarabağdan qovmuşdu? Guya Azərbaycanı cənublu-şimallı birləşdirəcəkmiş və buna görə də İranın köməyini qəbul etməyib. Paho, özünə "peyğəmbər" donu biçdirib SSRİ KQB-nin oyuncağı olmaq insanı nə boyda "türk" edirmiş.
Mayın 8-i, Şuşanın işğalı günü gəlir, düz 22 il öncə Şuşa işğal olunub, artıq bir nəsil dəyişib. Kim tanıtdıracaq bugünkü nəslə 22 il öncəki Şuşanı?