Ön sözə, başlığa, hansısa "girişə" ehtiyac yoxdur. O yerdə ki, Azərbaycan telekanallarının efir rəzalətindən danışırsan, insanın abırı bir küncə qısılır, telekanal rəhbərləri utanmasalar da, amma bizim vicdanımız üzümüzə durur. ATV-də yayımlanan "Səni axtarıram" verilişdən sitat, daha doğrusu, Xoşqədəmlə bir xanım arasındakı dialoq:
Fahişə: Məni iki il idi ki, Türkiyəyə qaçırmışdılar, pis yola çəkiblər məni, o vaxtdan cinsi istismara məruz qoyurdular.
Xoşqədəm: Heç olmasa, pulunu vaxtlı-vaxtında verirdilərmi?
Əslində bu dialoq Xoşqədəmin də, ATV telekanalının hansı "dəyərlərə" üstünlük verdiyinə də, orada adını ziyalı qoyub ekspert kürsüsündə çömbələnlərin şəxsiyyətinə də güzgü tutdu. Bundan böyük rəzalət yoxdur. Bəs orada elmlər doktroları, millət vəkilləri, hüquqşünaslar, tanınmış sənət adamları bütün bu iyrənclikləri eşitməyi niyə özünə və bu millətə rəva görür? Əgər qabaqda gedən zəncirlimiz düz pavilyonun ortasında oturub Xoşqədəmin şit reklamlarının, atüstü danışıq tərzinin, heç bir işə yaramayan "peyğəmbərlik" missiyasının şahidi, iştirakçısı olursa, o zaman efir qabağında oturub ümidini ərinin on manatlıq günəmuzd puluna dikən evdar xanımda nə günah axtara bilərik?!
Məgər bu vaxta qədər ölkəmizdə yaxınlarını itirən insanlar yox idimi? İyirmi il bundan öncə özünü bayıra atan birinin efirdən camaata əxlaq dərsi verməsinə don geyindirmək üçün Xoşqədəmin çəkisi buna imkan versə də, yıxılan evlər üzərində "fikir yürütməy"ə hörmətli ziyalıların qalstuku imkan verməməlidir. Efirdə özünə "saray" tikən birinin Saray qəsəbəsində ev yıxmasına şərik olmaqdır bu, dolayısı ilə dəstək verməkdir. Şəxsən Xoşqədəmin ev sökdürməsində özü qədər də günahkar olan elə bu ekspertlərdir.
Yaxud ANS-də sevimli gəlincığaz Elgizin "Adam içində" verilişindən dialoqa fikir verin:
Müğənni: Ay Elgiz, sən səhər bizə gəlsən, görərsən ki, mən qızımı da, özümü də necə bəzəyirəm.
Elgiz: Mənim səhər tezdən sənin evində nə işim var, (Belarus buferinə oxşayan çənəsini açıb-yumur, hırtıldayır).
Mən dəfələrlə demişəm ki, bu Elgizi ərə verin, hər şey düzələcək. Elgiz bir yana qalsın, verilişin digər aparıcısı olan Afət xanım özünü ərşü-fəlada hiss edir, faktiki olaraq efir mədəniyyətini ayaqlarının altına atıb təpikləyir, kimə nə istəyirsə, deyir. Məsələn, dünən bir kişiyə deyirdi ki, "Oğlan dəqiq sizin oğlunuzdur?" Onun sözündən sonra kişi sükuta qərq oldu, dinmədi. Aparıcı da üstünə düşdü ki, "Deyin görək, sizin oğlunuzdur, ya yox?" Kişini öz oğlundan şübhələndirəcək qədər sərsəm suallarla efirdən üfunət yağdırmaq nə vaxta qədər davam edəcək!?
Telekanallara yenidən pul veriləcək, hər birinə 200 min manat. Serialların çəkilişinə dəstək üçün. Bu sizə verilən dəstək, bu da sizin çəkdiyiniz duzsuz, şit, düşük seriallar. Bu haqda növbəti yazıda...