Mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev deyib ki, Elçibəyə xəyanət edən, onu meydanda tək qoyan, başqa fikirlərə düşənlərin hamısı cəzalanıb. Ancaq cəzalanmayan cəmi bir nəfər qalır. Düzdür, Almurad ağa burada bir balaca simiclik edərək, oxu atıb, yayı gizlətsə də yenə nəyəsə eyham vurub. Və vurulan bu eyhamın kimə aidiyyatının olması da, əslində bəllidir. Ancaq nəyə görəsə oxu atıb, yayını gizlədən Almurad Əliyev AXCP sədri Əli Kərimlinin adını birbaşa ictimaiyyətə açıqlamayıb.
Məsələn, Elçibəyə xəyanət edənlər arasında İsa Qəmbərin, Arif Hacılının, eləcə də digər fərdlərin olduğunu hər kəs yaxşı xatırlayır. Ancaq Əli Kərimlinin satqınlar sırasnda birinci olmasına rəğmən, Almurad Əliyevin nədənsə onun adını bilavasitə çəkməməsi təəccüblü görünür. Yəni burada nə var ki? Almurad bəy "mus-mus" deyincə sözügedən məsələni birdəfəlik mustafalıya da bilərdi. Demək, əgər o yerdə qalan bir nəfər xəyanətkarın - Əli Kərimlinin adını çəkmirsə, ya onun qarşısında gözükölgəlidir, ya da buna cürəti çatmır. Şəxsən mənim fikrimə görə, Almurad Əliyev özünə hörmət qoya bilən adam kimi gərək həmin xəyanətkarın Əli Kərimli olduğunu şappıltıyla onun üzünə vurardı. Amma vurmadı.
O, gərək deyəydi ki, rəhmətlik qardaşı demişkən, komsomolçu Əli AXCP daxilində "Yurd"u formalaşdırarkən, partiyanın bütün strukturlarını əlinə alarkən, sədrin səlahiyyətlərini mənimsəyərək, onu siyasi müqəvvaya çevirərkən məhz həmin xəyanətinin başlanğıcını qoymuşdu. Daha ondan sonra edilən xəyanət və satqınçılıqları deməyə ehtiyac belə qalmır. Çünki bu gün hər kəs, xüsusilə, Elçibəyin dövründəki siyasi qalmaqalları xatırlayanlar yaxşı bilirlər ki, nəticədə onun həyatına sui-qəsd törədildi və bu sui-qəsdi də məh Əli Kərimli onun yeməyinə tökdürdüyü zəhərlə reallaşdırdı. Bax, bu mənada Almurad bəy gərək qorxub-çəkinmədən Əli Kərimlini bir nömrəli satqın adlandırmalıydı.
Düzdür, Elçibəyin zəhərlənməsi ilə bağlı hazırda istintaq gedir və bu istintaqın nəticələri əlbəttə ki, xalqa açıqlanacaq. Ancaq ondan sonra Əli Kərimlinin sui-qəsddə adı hallanarkən, Almurad bəyin "mən o vaxt deyəndə ki, bir nəfər xəyanətkar var, onda Əli Kərimlini nəzərdə tuturdum" deməsi daldan atılan daşa bənzəyəcək. Niyə olmazdımı ki, həmin bu komsomolçu Əlinin adını bəri başdan çəkəydin, ay Almurad bəy?!
Qaldı ki, xəyanət məsələsinə, o da sirr deyil ki, bu gün özlərini müxalifətçi adlandırıb siyasi arenada xozulana-xozulana gəzənlərin hamısı ucdantutma xəyanətkarlar toplumudurlar. Onların hər biri bu ölkəyə, bu xalqa, bu dövlətə qarşı o qədər xəyanətlər törədiblər ki, Elçibəyə edilmiş xəyanət onların içində itib-batıb. Amma Almurad bəy heç də narahat olmasın. Qardaşı Elçibəyə qarşı edilən xəyanətin və həmin xəyanətkarın adını o olmasa da, istintaq açıqlayacaq. Ona görə də ox atıb, yayını gizlətməyin yeri, ümumiyyətlə yox idi...