PDF Oxu

Köşə

  • 1 822

GERİYƏ DOĞRU İNKİŞAF EDƏN MÜXALİFƏT

GERİYƏ DOĞRU İNKİŞAF EDƏN MÜXALİFƏT

Müxalifət düşərgəsində vəziyyətin həddən artıq kritik olduğu bir dövrdə növbəti problemin yaranması sözügedən prosesi daha şiddətli həddə qədər inkişaf etdirib. Yəni müxalifətin inkişafı yalnız bu kimi hallarda olur - dağılırsa inkişafla dağılır, parçalanırsa inkişafla parçalanır, qruplara bölünərək bir-birləri ilə savaşırsa, burada da inkişafla bölünür və inkişafla savaşır. Hansı ki, düşərgə "liderləri" müxalifətin inkişafını başqa səmtə də yönəldə bilərdilər. Məsələn, sivil mübarizə metodunun inkişafına, doğru-düzgün demokratiyanın inkişafına, xalqı özündən təcrid etmədən, dövlətçiliyə qarşı çıxmadan, xalqa, dövlətçiliyə doğru inteqrasiya inkişafına və s. Ancaq görünən budur ki, "liderlərin" inkişaf məsələsində heç bir səriştələri-filanları yoxdur. Ona görə də irəli inkişaf etmək yerinə, geriyə doğru sürətlə inkişaf etməkdədirlər.

Bu gün özlərini "demokratik qüvvələr" adlandıran ənənəvi müxalifət "liderləri" həqiqətən də demokratik dəyərlərə mənsub olan siyasətçi olsaydılar elə demokratik şəkildəcə siyasi arenanı üzüsulu şəkildə tərk edib, memuarlar yazmaqla məşğul olmağa üstünlük verərdilər. Bu gün düşərgədə son anda demokratik insan olmadıqlarını anlayanlar, belə çıxır ki, vaxtilə özlərinə "lider" seçdikləri fərdlərdən daha ağıllı və daha düşüncəlidirlər. Çünki düşərgədən istefaya gedənlər, yəni hansı ənənəvi müxalifət partiyası, hərəkatı, yaxud təşkilatının üzvü olmasına baxmayaraq, nəticə etibarilə illərini öz "liderlərinin" şəxsi mənfəətlərinə, siyasi dividendlərinə qurban verdiklərinə peşman olurlar. Düzdür, sonrakı peşmançılıq fayda verməsə də, yolun yarısından geri dönmək də xeyirlidir.

Məsələn, elə götürək Müsavat partiyası başqanının müşaviri, partiyada xüsusi fəallığı ilə seçilən Yeganə Hacıyevanı. O, sosial şəbəkədə, öz "facebook" səhifəsində Müsavatdan istefaya getdiyini bəyan edib. Sual yaranır - niyə, hansı səbəbə və hansı arqumentləri əsas gətirərək Yeganə Hacıyeva İsa Qəmbəri "lider" kimi inkar etdi? Ona görə ki, uzun illər dəyərli canını İ.Qəmbərə görə fəda edən bu xanım sonda anladı ki, onun canı daha səmərəli, daha faydalı işlər üçün lazımdır. Belə ki, Yeganə Hacıyeva bildirib ki, normal cəmiyyətin, normal ictimaiyyətin marağı Müsavatın yürütdüyü anlaqsız maraqdan daha üstündür.

Ya da götürək "Milli Şura"dan və AXCP-dən istefaya getmiş Asəf Quliyevi. O da illər uzunu Əli Kərimlinin "liderliyi" altında fəaliyyət göstərdi, nəticədə heç nə, heç Allahın bircə çox sağ olunu da almadı öz "liderindən". Hansı ki, "cəbhə" üçün Asəf Quliyev az iş görməmişdi.

Beləliklə, bu kimi halları çox göstərmək olar. Düz 1993-cü ildən başlayaraq, 2013-cü ilə qədər ənənəvi müxalifət geriyə doğru sürətlə inkişaf edir. Düşərgənin belə "inkişafına" isə Leninin inqilab tezis və direktiv aktlarında işlədilən bir fraza ilə münasibət bildirnək olar - bir addım irəliyə, iki addım geriyə doğru irəliləmək.

Bu gün "Milli Şura"nın "İctimai Palata"nı, "İctimai Palata"nın "Azadlıq" blokunu, "Azadlıq" blokunun "Bizim Azərbaycan" blokunu, "Bizim Azərbaycan" blokunun, "Müxalifətin Koordinasiya Mərkəzini", "Müxalifətin Koordinasiya Mərkəzi"nin "Demkonqres 1"-i, "Demkonqres 1"-in "Demkonqres 2"-ni, "Demkonqres 2"-nin "DUBB"-u, "DUBB"-un "DUH"-u, "DUH"-un isə "SİDSUH"-u əvəzləməsi də məhz bir addım irəli, iki addım geri atmaq kimi qiymətləndirilməlidir.

Hələ "Amal" Ziyalılar Hərəkatını, ANİF-i, "Ziyalılar Birliyi"ni, eləcə də "Ziyalılar Forumu"nu demirəm... Budur, ənənəvi müxalifətin "inkişafı" və "perspektivi". Bəs nə bilirdiniz, "inkişaf" başqa cür necə ola bilər?

Digər xəbərlər