Müxalifət "liderlərinin" qərargahları daxilində apardıqları danışıqlarda əldə edə bilmədikləri birlik formatları yavaş-yavaş iaşə standartlarına uyğunlaşmaqdadır. Yəni bunların hakimiyytə yiyələnmək uğrunda göstərdikləri cəhdləri restoran-kafe səviyyəsində "inkişaf" edir. Restoran-kafe demişkən, yəqin ki, hazırkı müxalifətin, həqiqətən də, "inkişaf" etdiyini demək olar. Çünki 15-20 il öncə məhz həmin bu dəyişilməz müxalifətə çayxana müxalifəti adı verilmişdi. Həmin dövrlərdə də siyasi cəhdlərini qərargahlarında uyğunlaşdıra bilməyən "liderlər" şəhərin müxtəlif "toçkalarında" fəaliyyət göstərən çayxanalarında "möhtəşəm" birliklər "formalaşdırırdılar". Bəs nə bilmişdiniz? "İnkişaf" da budur daaa. Çayxana səviyyəsindən restoran səviyyəsinə qədər yüksəlmək!
İndi, yəqin ki, belə nadir siyasi üsulun duz-çörək "kəsməklə" reallaşmasını istyən "liderlər" növbəti seçkilrə qədər, məsələn, 2015-ci ilin parlament seçkilərinə kimi hələ çox məzhəkələr göstərəcəklər. Necə ki, bunların "Asiman" görüşlərində olduğu kimi. Yəqin ki, oxucular bir neçə müxalifət partiyası sədrinin 2013-cü ilin prezident seçkilərindən öncə, yəni "Milli Şura"nın yaradılması ərəfəsində Bakıdakı "Asiman" restoranında gizli görüş keçirməsi barədə məlumatı unutmayıblar. Hətta bu görüşdən sonra Müsavat partiyasının görüşdə iştirak edən "liderləri" boykot etməsi də mətbuat səhifələrində gen-bol yazıldı. Məsələn, onda bəlli olmuşdu ki, bu Müsavat heç vaxt AXCP ilə bir yerdə ola bilməz. Hətta "Milli Şura"dan çıxdığı zaman "Asiman" görüşü bir daha xatırlanmışdı. Nəticədə, restoran səviyyəsində birlik yaratmaq istəyən partiyaların bu məqsədləri də baş tutmadı. Əslində, nə fərqi var axı? Ya çayxana müxalifəti olsun, ya da restoran müxalifəti. Nə çayxanalarda çay stəkanlara atılan limon, nə də ki, restoranlarda araq badələrinə sıxılan limon nəticəsi vermədi. Limon elə limondur, haraya fırladırsansa-fırlat, turşdur ki, turş! Bir sözlə, bu müxalifəti hətta dağların uca zirvələrinə qalxıb "zirvə görüşü" keçirmək istəsələr belə, siyasi limonluqlar onlarda heç nə alınmayacağını indidən vəd edir.
"Şot" davası
Deyilənlərə görə, yeyib-içməklə siyasi ambisiyalarını yürütmək istəyən "liderlər" belə bir qərara gəliblər ki, növbəti restoran görüşündə "şotu" AMİP sədri verməlidir. Yəqin bu vaxta qədər AMİP-in digər müxalifət partiyalarının yerinə hesab verməsi qaldı köhnədə. Ona görə də budəfəki hesabı da "milli istiqlalçıların" sədri Yusuf Bağırzadə verəcək. Çünki ondan qabaq "şotu" AXCP sədri Əli Kərimli vermişdi. Hətta ofisiantlara çaypulu vermədiyinə görə, restoran rəhbərliyi tərəfindən məzəmmət də olunmuşdu. Mən hələ İsa Qəmbəri demirəm. Çünki Müsavat başqanının, ümumiyyətlə, "şot" verməklə arası-zadə yoxdur.
Və çox yəqin ki, bundan sonra yalnız restoranlarda toplaşmağı qərar verən müxalifət yetkililəri bu səbəbdən, 2015-ci ilin parlament seçkiləri ərəfəsində növbəti yaradacaqları bloklarının da adını "Müxalifətin Siyasi Restoranlar Birliyi" qoyacaqlar. Yəni "MSRB". "MSRB"-nin də növbəti "şotverənləri" isə bunlardır: ADP sədri Sərdar Cəlaloğlu, "Ümid" rəhbəri İqbal Ağazadə, ALP sədri Əvəz Temirxan, VİP rəhbəri Əli Əliyev, KXCP sədri Mirmahud Mirəlioğlu. AXCP sədri Əli Kərimlinin hələ ki, öz "Milli Şura"sı var, Müsavat başqanı İsa Qəmbər də öz biznes məkanını genişləndirərək, "Milli-Strateji Düşüncə Mərkəzi" adlı kontor açıb.
Nə isə, bu, onların öz işləridir, kim nə qədər "şot" verəcəksə, harada biznesini gücləndirəcəksə, hansı siyasi kontoru açacaqsa, özü bilər. Hər halda, heç zaman "vahid namizəd", güzəşt, yervermə məsələsində razılığa gələ bilməyən "liderlər" son anda yenə də "şot" üstündə də dava salacaqlar. Ancaq əsas məsələ bu deyil. Əsas məsələ odur ki, müxalifət, həqiqətən də, 15-20 il içində əməlli-başlı "inkişaf" edib. Zarafat deyil eee, çayxana səviyyəsindən restoran zirvəsinə qədər yüksəlmək də filan qədər zəhmət və mübarizə tələb edir. Deyirəm ki, bu qədər qrantlar alıb, ciblərini doldururlar, amma "şot"a gələndə cığallıq edirlər. Vaallah, adam bu qədər ağciyər olmaz eee, mən ölüm...