Bir gün, hələ sovet hökuməti vaxtı bir zəhmətkeş çobana deyirlər ki, bəs sən SSRİ Ali Sovetinin deputatı seçilmisən və sənin yerin artıq dağlar, dərələr, yamaclar deyil, Moskvadır. Ona görə də, get yapıncını çıxart, əyninə kostyum geyin, boynuna qalstuk tax və get Moskvaya. Beləcə yazıq çoban deyilənləri edir və Moskvaya çatır. Növbə kürsüyə çıxaraq nitq söyləməyə yetişəndə, rus dili bilməyən həmin zəhmətkeş çoban əlindəki mətni qoyur bir kənara və öz dilində deyir ki, "vallah, nə deyim, bu günə qədər bir inəkdən altı bala alırdımsa, əynimdəki kostyum-qalstuk mənə dedizdirir ki, bundan sonra bir inəkdən lap onunu doğuzduracam". Və beləcə, həmin çobanın deputatlıq müddəti vur-tut bircə gün çəkir. Qayıdır doğma inəklərinin yanına, kostyumla qalstukunu çıxarıb atır bir kənara və yapıncısını da salır çiyninə. Başlayır çobanlığını etməyə. Yəni sən demə, onu danışdıran həmin bu kostyum və qalstuk imiş.
Sözüm onadır ki, bu gün kostyumlu-qalstuklu müasir çobanlarımız da mövcuddur ki, həmin çobanlar özlərinə, yəni bir-birilərinə "bəy" deyə müraciət edirlər. Hara gedirlərsə, əllərinə yekə portfel alırlar, özlərini də yekəxana "ciddi" aparırlar. Gah səfirlik qapılarında, gah xarici təşkilatların ayaqları altında, gah Qərbdə, gah da Şimalda əl açıb, qrant dilənirlər. Baxmayaraq ki, bahalı kostyum geyinib, "fransuzki" qalstuk taxırlar. Amma nə faydası, çoban elə çobandır ki, var. Və mən burada çobançılıq sənətində heç bir qüsur-zad axtarmıram, haaa. Ona görə ki, bu cürünə "bəy" olmaqdansa, düzgün, çaxmaqlı-toxmaqlı çoban olmaq daha yaxşıdır. Ulu Nizamimiz demişkən, kamil palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan...
Həmin "bəylər" bu gün gah ziya(n)lı qismində, gah siya(pur)sətçi qismində millətin canına daraşmaqdan əl çəkmirlər. Elə bir-birinin ardınca yaratdıqları çoban təşkilatları da heç bir işə yarayıb-eləmir. Ancaq ha səy göstərirlər, ha cəhd edirlər, ha hıqqanırlar... Fəqət, bunu bacarmırlar. Ona görə ki, "çobandırlar" onlarınkı odur ki, gedib qoyundan-moyundan otarsınlar və bununla da sübut etsinlər ki, çobanlıq sənəti bunların alınlarına yazılıb. Amma görünür, bu iş də onların səviyyəsində deyil. Çünki naxırlıq-davarlıq da bunlarlıq deyil.
Hərgah qəzet-sayt səhifələrinə çıxıb qəliz-qəliz siyasi teoremlər üzərində dilləri topuq vurmaqdansa, verilən məsləhətlərimizə qulaq assınlar. Yox, əgər qulaq asmaq istəmirlərsə, demək, bunlar nəinki çobanlığa, heç adamlığa belə layiq deyillər. Onda sual verirəm ki, adam olmayanların adam arasında nə işləri var? Yəqin geyindikləri kostyumları və taxdıqları qalstukları bunları "adam" edib, ortaya çıxarıb. Hələ, üstəlik, "bəy" də olublar. Amma unudublar ki, gədadan bəy olmaz.
Ancaq gəda da elə hər yerdə gəda olaraq qalır. Bu gün USAID adlı təşkilat bunlara qrant layihələri ayırır və bunu gizli saxlayır, ya da hər hansı digər təşkilat həmin gəda-çobanlara pul-para ayırır ki, yenidən düşsünlər ortaya və başlasınlar bu dövlətə qarşı çıxmağa. Ancaq hər şeyin sonu olduğu üçün, bunların da çobanlıqlarının vaxtı tamam olmaq üzrədir. Çünki yavaş-yavaş naxır-davarları da tükənir binəvaların. Naxır-davar olmayandan sonra çobanlıq bunların nəyinə gərək? Elə yaxşısı budur ki, qondarma çobançılıqlarını da yerə qoyub əl çəksinlər bu millətin canından. Yoxsa millətin zopası yaman pis olur eee! Heç olmasa çoban adına xələl gətirməsinlər...