PDF Oxu

Köşə

  • 1 655

Bir söhbətin şahidi oldum...

Bir söhbətin şahidi oldum...

Bu gün Suriyada və İraqda tüğyan edən İŞİD qaniçənliyi arxasında hansı qüvvələrin dayanması kimsəyə sirr deyil. Əslində, islam amilini qan tökən din kimi dünyaya tanıtdıran İŞİD-in hər halda özbaşına olmadığı da məlum məsələdir. Yəni burada sözügedən terror təşkilatının idarə olunmasından tutmuş, baş kəsmələrinə qədər verilən təlimatları bəzilərinin pul kisələrini yaxşıca doldurur. Ancaq məsələ yalnız bunda deyil.

Bu gün istər İŞİD olsun, istərsə də digər qanlı qruplaşma Nüsra olsun, onların tökdükləri müsəlman qanları hesabına qazanan Qərb "demokratları" indi də bu vasitə ilə inkişaf edən ölkələri öz caynaqlarına keçirməyə cəhdlər göstərirlər. O cümlədən, Azərbaycan da belə ölkələrdəndir.

Bu günlərdə yolda iki gənc arasında istəmədən eşitdiyim bir söhbəti dəyərli oxucularımıza çatdırmaq istərdim. Belə ki, şəhərin mərkəzində qarşımda gedən iki gənc (onlardan biri sələfi inancına malik saqqallı və ətəkləri qısa şalvarlı idi) yanındakı digər gəncə israrla deyirdi ki, həyatda insanlarla yumşaq davranmaq olmaz və aqressivlik bütün problemlərin açarıdır. Maraqlısı da o idi ki, saqqallı gəncin yanındakı yol yoldaşı normal geyim tərzində idi. Nə saqqalı var idi, nə də ki, şalvarının ətəkləri gödək idi.

Saqqalı olmayan sələfilər saqqal da əkdirəcəklər

Görünür həmin gəncin dünyəvi baxışını dəyişdirməyə nail olmuş bu sələfi indi də həmin gəncə Suryaya və İraqda getməyi təşviq edirmiş. Əgər belə olmasa idi o, deməzdi ki, üzündən tük çıxmırsa, müəyyən yerlərdən yaxşı pul verirlər, get al və həmin pula saqqal əkdir (?!). Bax, məsələ də bundadır ki, bir gəncə aqressivlik təşviq edən radikal dini baxışlı bir gənc o biri gəncə şirnikləndirici vədlər verərək, hətta saqqal əkdirmək üçün ona yardım ediləcəyini də deyirdi.

Təsir altına düşən həmin gənc gedib saqqal əkdirəcək, şalvarının ətəklərini də gödəldəcək, hətta ona "dərs keçən" sələfi kimi digərlərinə "Allaha bağlılıq" qismində "Allahu əkbər" deyərək insan başı kəsməyi də öyrədəcək. Beləliklə, daha bir terrorçu terror dünyasına qədəm basacaq.

Məhz bu kimi məsələlər bəlkə də gündə bir neçə dəfə təkrarlanır və təkrarlandıqca "saqqal əkdirənlərin" də sayı artır. Sabah isə mətbuatda öyrəşdiyimiz xəbərlər yayılır - Suriyada daha bir azərbaycanlı öldürüldü və ya İraqda İŞİD tərkibində döyüşən azərbaycanlılardan daha bir vəhşilik və s.

Bəlkə düşünməyin və qərara gəlməyin zamanı çatıb, cənablar?!

Digər xəbərlər