Bu gün kimi dindirirsən, kimi danışdırırsan müxalifətdə cərəyan edən proseslərdən məlumatsız olduğunu deyəcək. Fikirlərini də onunla əsaslandıracaq ki, müxalifət partiyaları və onların sədrləri qaragüruh təbəqənin üzvləridir. Yəni hələ də meydan təfəkküründən, düşüncəsindən qurtula bilməyən məxluqlardır. Belə təbəqə üzvlərindən ciddi nəsə gözlənilmədiyindən düşərgədə baş verənlərə diqqət ayırmağa dəyməz. Bu, nöqteyi-nəzərdən də müxalifətin sosial bazasının nədən zəif olduğu məlum olur. Onların iclas və yığıncaqlarına da qatılanların sayının kifayət qədər az olmasının səbəbi də aydın olur. Amma maraqlıdır ki, müxalif başbilənlərini ictimai rəyin onlara olan mənfi münasibətinin heç də narahat etmədiyi görünməkdədir. Bu da onu deməyə əsas verir ki, biçarələr artıq acı taleləri ilə barışıblar. Məhz buna görə də, fəaliyyətlərini mətbuat müstəvisində qurmaqla, maliyyə imkanlarını genişləndirmək üçün dəstəyi də daha çox xarici fondlardan almağa çalışırlar.
Qubad İbadoğlu başqanlığa görə, qrant mafiyası olmaqdan imtina edərmi?
Fikir versək görərik ki, müxalifətyönümlü dağıdıcı qüvvələrin əksəriyyətinin xarici fondlarla bu və ya digər formada əlaqələri, əməkdaşlıq münasibətləri mövcuddur. Misal kimi, bu yaxınlarda "SOROS" fondu vasitəsilə AXCP və Müsavat funksionerlərinin rəhbərlik etdikləri QHT-lər ümumilikdə beş il ərzində 32 milyon dollar alıblar. Sonrakı mərhələdə üzə çıxan daha bir fakta görə Müsavat funksioneri Qubad İbadoğlu və AXCP yetkilisi Razi Nurullayev sahibi olduqları QHT vasitəsilə Norveç və Fransa fondlarından 10 il ərzində 12 milyon dollar qrant alıblar. Yəni bütün bu sadalanan faktlar müxalifət partiyalarının xarici anti-Azərbaycan mövqeli qüvvələrlə əməkdaşlıq əlaqələrinin olduğunu təsdiqləyir. Bu yerdə diqqətçəkən məqam ondan ibarətdir ki, Müsavat divanının üzvü, qrant dəllalı Qubad İbadoğlu durub-durub birdən açıqlama verib ki, Müsavat başqanı seçilərsə, İqtisadi Tədqiqatlar Mərkəzinə sədrlikdən imtina edəcək. Bir az şübhəli, həm də təəccüblü açıqlamadır. Çünki adi bir partiya başqanı olmaq istəyinə görə, böyük məbləğdə qrantlardan imtina edilə biləcəyi inandırıcı deyil. Heç bunu şərh edib, yəqin ki, münasibət bildirməyə də dəyməz. Onda sual yaranır, nədən Q.İbadoğlu bu cür açıqlama ilə çıxış edib? Eyforiyayamı qatılıb? Jurnalistlə söhbətdə həyəcanlımı olub? Təbii ki, bu sadaladıqlarımız yuxarıda qeyd olunan fikirlərimizə cavab ola bilməz. Çünki Q.İbadoğlu xarakterinə qoyulan suallarda fikirlər qəbuledilməzdir. Birmənalı mövqe isə ondan ibarətdir ki, Q.İbadoğlunun niyyəti başqan seçilmək deyil, rəqibi Arif Hacılını nokaut vəziyyətinə salmaqdır. Buna nə dərəcədə nail olunacağını isə zaman göstərəcək. Görünən isə odur ki, iddialı fikirlər və ultimativ mövqe Müsavatdaxili onsuz da gərgin olan vəziyyətin daha da ağırlaşmasına təkan olmaqdadır. Belə vəziyyətdə partiyanın qurultaya gedib çıxacağı belə, şübhəli görünür. Hər halda baş verən proseslər və gəlinən qənaət bunu deməyə əsas verir.
İ.ƏLİYEV