Bir sıra siyasi ekspertlərin fikrincə, "Milli Şura"nın yaradılması üçün ölkədən kənarda yazılan ssenari kifayət qədər zəif olub. Hətta deyərdik ki, "Milli Şura" süqut edən bir yoxluğa bənzəyir. Çünki dağıdıcı müxalifətin əksər simalarının toplaşdığı o boyda "birlik" heç bir il yaşaya bilmədi. Hərçənd ki, Rüstəm İbrahimbəyovun "Milli Şura" ssenarisinin uğurlu olacağını, məhz bu ssenarinin icrasından sonra qaz vurub qazan dolduracaqlarını gözləyənlər var idi. Hətta AXCP sədri Əli Kərimli and - aman edirdi ki, biz Rüstəm İbrahimbəyovun bayrağı altında, Cəmil Həsənlinin ətrafına toplaşmaqla qısa bir zamanda xalqın böyük etimadını qazanacağıq. Amma nə Rüstəm İbrahimbəyovun bayrağı oldu, nə də Cəmil Həsənlinin ətrafına toplaşan. Ona görə də müsavatçılar rişxənd edirlər ki, Cəmil Həsənlinin seçkidə 3-4 faiz səs toplamasından sonra AXCP-nin qazı alındı".
İndi mətbuat sual edir ki, "Milli Şura" nə üçün belə tezliklə süqut etdi? Səsləndirilən versiyaların hamısı inandırıcıdır. Məsələn, qəzetlər yazırlar ki, "Milli Şura" layihəsini jurnalistlərin sayəsində tanıtmağa nail olan R.İbrahimbəyov sonradan fərqli yol tutmuşdu. Əksər müxalifətçilərin ümidlərini ona bağladığı zaman məşhur ssenarist düşərgə mənsublarının görüşünə gəlmək əvəzinə, Gürcüstanda kino çəkilişi ilə məşğul olduğunu söyləmişdi. Bunu eşidən müxalif qüvvələr onu görmək üçün Gürcüstana getdilər. Məhz həmin görüşdən sonra "Milli Şura"nın çarxı geriyə işləməyə başladı. Əslində, o çarx irəli işləyəndə də elə geriyə gedirdi. Tbilisidə, bir erməninin ocağı başında reallaşdırılan həmin görüşdən sonra " Milli Şura"nın təsis konfransında vahid namizədin müəyyən edilməsi ətrafında qurumda aparılan diskussiyalardan doğan qarşıdurmalar bir az da genişləndi. Bu versiya onu göstərir ki, qurumun məhvinin təməli bilavasitə Rüstəm İbrahimbəyov tərəfindən qoyulmuşdur.
Başqa bir versiyada isə bildirilir ki, qurumun daxilində vahid namizədlə bağlı qarşılıqlı kompromat savaşına girişən qüvvələr, nəhayət ki, sessiyaların birində yekdilliklə Rüstəm İbrahimbəyovu prezidentliyə namizəd kimi irəli sürmüşdülər. Bu isə qalmaqallı proseslərin açıq müstəviyə keçməsinə səbəb olmuşdu. Amma İbrahimbəyovun özü vahid namizəd statusu qismində Azərbaycana gəlməsi barədə mətbuata çox ziddiyyətli açıqlamalar verirdi. Onun müəmmalı addımları müxalifət tərəfindən proqnozlaşdırılmamış da deyildi. Müsavat başqanı İsa Qəmbərin "İbrahimbəyovun Azərbaycana gəlməmək ehtimalını nəzərə alıb, Müsavat Partiyasının seçkilərdə ayrıca namizədlə iştirak etmək haqqında qərarını qüvvədə saxlayırıq"- deməsi müxalifətin Rüstəm İbrahimbəyova olan inamının göstəricisi kimi də qiymətləndirilirdi.
Əslində bu qurumun üzvlüyündən istefa verənlər tamamilə haqlı idilər. Çünki Rüstəm İbrahimbəyov onlara qarşı qeyri-səmimi olmuş, daha doğrusu öz dostlarını dəfələrlə aldatmışdı. Özü də məhz Eldar Namazovun əli və dili ilə. Bütün bu yalan və qeyri- səmimi addımlara, üstəlik İbrahimbəyovun seçki ərəfəsində də ölkəyə gəlməməsinə baxmayaraq Əli Kərimli və Eldar Namazov seçkidəki məğlubiyyətdən sonra utanmadan İbrahimbəyovu "Milli Şura"nın "fəxri sədri " postuna seçmək təşəbbüsündə bulundular. Bu addıma İsa Qəmbərin etirazı "Milli Şura"da daxili siyasi gərginliyi daha da artırdı və nəticədə Müsavat partiyası qurumdan çıxdığını bəyan etdi. Beləliklə də AXCP-Müsavat münasibətləri açıq düşmənçilik müstəvisinə qədəm qoydu.
Nəticəsi isə bəllidir. Artıq bu gün "Milli Şura" layihəsinin tamamilə iflasa uğraması günün reallığıdır. Belə olan halda yenidən "Milli Şura"nın sessiyasının keçirilməsinə canfəşanlıq etməyin nə mənası. Ancaq neyləyəsən, burda olanların bir ağıllısı varki, deyə ay... bundan sonra nə etmək istəyirsiniz? Msələ ondadır ki, bu sözü demək istəyən başlar da yoxdur. Onda get ürəyin nə qədər istəyirsə, suqut edən yoxluqda eşələn.