Hələ prezident seçkisi yenicə başa çatmışdı. Onda AXCP sədri Əli Kərimli özünə və özükimilərinə məxsus olan "Azadlığ"a verdiyi müsahibəsində demişdi ki, "bizi daxildən parçalamaq istəyənlər olacaq". Həmin vaxt guya öngörücülük etmək istəyən Əli Kərimli sən demə elə öz planını işə salmağa başlayırmış. Məsələn, bu gün müxalifətin parçalanmasında xüsusi rolu olan AXCP sədri hələ onda öz törədəcəklərini bəri başdan hakimiyyətin üzərinə atmağa başlamışdı. Yəni dağıdıcı müxalifəti daxildən parçalayacaq siyasi qüvvə iqtidarın boynunda qalacaqıymış. Fəqət bu siyasi kələkbazın oyunu keçmədi. Çünki sağlam düşüncəyə malik olan istənilən kəs yaxşı bilir ki, iqtidarın belə cılız müxalifətlə əlləşməyə nə vaxtı var, nə də ki marağı. Bəli, əgər müxalifət həqiqətən də normal, elektorata və resurslara malik müxalifət olsaydı, başqa məsələ. Ancaq belə bir müxalifət yoxdur axı.
Digər tərəfdən, Əli Kərimli bir zamanlar həmin bəyanatları səsləndirərkən, həm də onu unudub ki, əslində, iqtidarın bu ölkədə gördüyü və görəcəyi işlər tamamilə başqa istiqamətdədir. Yəni "cəbhə" başbiləni Azərbaycanın maraqlarını İrana, Qərbə və erməni qardaş-bacılarına satarkən, bu günün və bundan sonra hər zamanın iqtidarı ölkənin, dövlətçiliyin mənafeyini ən yüksək səviyyədə qoruyaraq, xalqının qaydına qalıb. "Cəbhə" sədri isə açıb ağzını və car çəkir ki, yox ey, "bizi daxildən parçalayacaqlar".
Digər tərəfdən, hər səhər banlamağa adət etmiş xoruzlar kimi gah bu, gah da bu ki, buna bənzər bəyanatlar verən Kərimli yaxşı bilir ki, onun ümidləri puç olduqca, ortaya siyasi maxinasiyalar qoymaq lazımdır. Lazımdır ki, öz məğlubiyyətini başqalarının üzərinə atmaqdan ötrü, kimisə günahlandırsın. Bu baxımdan, "cəbhə" şefi üçün bundan "səmərəli" yol yoxdur. Ona görə də "daxili parçalanma" deyərkən, ətrafında fırlanan mehriban düşmənlərini deyil, məhz iqtidarı görür. Yadından çıxarır ki, bu gün də, dünən də müxalifəti daxildən parçalayanlar onun özü ilə bahəm, Müsavat başqanı İsa Qəmbərdir və başqa korlanmış həm də korlaşmış, müxalifət "liderləridir".
Digər yandan, dönə-dönə "hakimiyyəti zəbt ediblər, siyasi mədəniyyətləri yoxdur" kimi pafoslu ifadələr işlədən Əli Kərimli əvvəlcə öz mədəniyyəti barədə az-çox düşünməlidir. Məsələn, xatırlamalıdır ki, onun təmsil olunduğu partiyanın qərarı ilə Qarabağ cəbhəsi buraxılaraq, Bakıda hakimiyyət savaşına start verilib. Bundan sonra isə həmin hakimiyyətin "mədəniyyəti" yavaş-yavaş üzə çıxıb. Məlum olub ki, bunların nəinki şəxsi, heç siyasi mədəniyyətləri mövcud olmayıb. Və həmin "mədəniyyət" dəfələrlə AXCP-yə "Azadlıq"da, elə partiyanın özündə ifşa edilib. Necə deyərlər, kapitan necədirsə, gəmisi də o cürdür. Yəni Əli Kərimlinin partiyasında "inkişaf" edən "mədəniyyət" ən yaxşı halda nəyin üzərində cərəyan etdiyini də özü yaxşı bilir. Bunun üçün sadəcə faktlara və yenə də faktlara müraciət etmək lazımdır. Faktlar isə nə qədər istəsən var!
Sonda isə yazımda Əli Kərimlinin ən çox işlətdiyi ifadəyə nəzər salmaq istərdim. "Azərbaycanda indikindən çox fərqli situasiya yaradacağıq" deyən "cəbhə" sədri həmin ifadəsi ilə öz kirli daxilində parçalanmış, parçalanaraq üzə fışqırmış, o cümlədən qıcqırmış "arzularını" dilinə götürüb. Bu gün Azərbaycanda dağıdıcı müxalifəti rədd edənlərin böyük əksəriyyəti də sadə xalq nümayəndələri, sadə vətəndaşlardır. Bu gün Azərbaycandakı situasiya bütün sahələrin inkişafıdır, tərəqqisidir, əhalinin güzəranının yaxşılaşdırılmasıdır, yeni-yeni iş yerlərinin açılmasıdır, Avropaya milli ideyayla, təfəkkürlə, mədəniyyətlə inteqrasiyadır, demokratik plüralizmin artmasıdır, ölkəyə investisiyaların qoyulmasıdır, ölkəmizin xarici dövlətlərə sərmayələr yatırmasıdır, hətta xarici dövlətlərə borclar verməsidir və s. Məhz bu kimi situasiyanı öz gözləri ilə görə bilməkdən məhrum olan Əli Kərimli hakimiyyət yanğısı ilə proseslərə xələl gətirməyi düşünür. Ona görə də deyir ki, "hakimiyyətə gəlsək, (Allah etməmiş - R.) fərqli situasiya yaradacağıq".
Bunu da belə başa düşmək mümkündür: Azərbaycanın işğal altında olmayan torpaqları ermənilərə satılacaq, ölkədə separatçılılar at oynadacaq, dövlətin büdcəsi çapılıb-talanacaq, Azərbaycan vassal dövlətlərin oyuncaq ölkəsinə çevriləcək və s. Budur Kərimlinin "fərqli situasiya" yaradıcılığı. Amma o, bunu görməyəcək. Çünki görməyə taqəti də qalmayacaq. Hətta pasport alıb, Qərbdəki havadarlarının qucaqlarına sığınsa da, özündə güc tapa bilməyəcək. Çünki özünün də etiraf etdiyi kimi- o və partiyası DAXİLDƏN PARÇALANACAQ.