"Yıxılana balta vuran çox olar", "Gedənin arxasınca məzhəkə qoşarlar" və bu kimi atalar misallarına çox rast gəlmişik. Həmin misalların fərqinə varıb, mahiyyətini araşdırdıqda, ataların gözəl fikirlər söylədiyini təsdiqləməkdən başqa çarən qalmır. Bir daha təsdiq edirsən ki, çoxsaylı insanlar bu ibrətamiz misalların surətləri olurlar. Elə siyasi səhnədə hələ də cövlan edən Müsavat başqanı İsa Qəmbər də məzhəkə obyektinə çevrilən məxluqlardandır. Yəni ataların söylədikləri ibrətamiz misallar sanki İ.Qəmbər kimilər üçün deyilib. Müsavat başqanı İ.Qəmbərin qurultay sonrası siyasətdə heç kim olacağını dərk edən sıravi müsavatçılar, eləcə də cəbhəçilər onu hədəfə alıb ünvanına müxtəlif xarakterli ittihamlar səsləndirirlər. Tənqid və təhqir edib, şəxsiyyətini alçaldanlar da çox olur. Dünən satirik şair Mirzə Sakitin İsa Qəmbər haqqında yaydığı statusda başqanın həyat tərzini komik şəkildə cızması da deyilənlərin və yazılanların davamı sayıla bilər. Mətbuatda "Mirzə Sakit İsa Qəmbərə ilişdi" sərlövhəsi altında dərc olunan statusun məğzi ilə bağlı nəsə yazmaq fikrindən uzağam. Sadəcə onu qeyd edim ki, statusda İ.Qəmbər yararsız və düşük əbləh formasında təqdim olunur. Bunu isə İ.Qəmbərin siyasi fəaliyyətinə verilən əsl qiymət hesab etmək olar.
İsa Qəmbər prinsipə düşüb başqanlıqdan getməyəcək
Müsavat başqanı İsa Qəmbərin hər fürsətdə aşağılanması, tənqid və təhqir olunması siyasətdə son akkordlarını vurmasının təzahürü kimi də dəyərləndirmək olar. Düzdür, İ.Qəmbər müxtəlif şoular yaratmaqla siyasi fəaliyyətini uzatmağa çalışır. Yəni qurultayın vaxtını müxtəlif bəhanələrlə uzatmaqla başqanlıqda qalmağa səy göstərir. Bizimlə söhbətində ADP sədri Sərdar Cəlaloğlu da bildirdi ki, İ.Qəmbər sentyabrın 27-də keçirilməsi nəzərdə tutulan qurultayı təxirə salmağa çalışacaq: "İsa Qəmbərin hədəfi başqanlıqda qalmaqdır. Ona görə də, sentyabrın 27-də keçirilməsi planlaşdırılan Müsavatın qurultayı baş tutmayacaq".
Bəli, görünən odur ki, İ.Qəmbər başqanlıq kreslosundan ikiəlli yapışıb. Siyasətdə qalmaq üçün Müsavatdaxili yaxınlarının "İsa Qəmbər başqanlıqda qalsın" şouları ilə kifayətlənməyib, xaricdəki mənəvi dayaqlarının da "çağırışlarından" yararlanmağa çalışır. Türkiyə Ülgüləri Genal Başqanı Atilli Kayanın "Yaxşı olardı ki, İsa Qəmbər bu tezliklə siyasətdən getməsin. Müsavat başqanlığında qalmaqla fəaliyyətini davam etdirsin" söylədiyi fikirlərin İ.Qəmbər tərəfindən əvvəlcədən planlaşdırıldığı şübhəsizdir. Çünki Müsavat başqanının keçmiş müavini Sülhəddin Əkbər "Atilli Kaya razılaşdırılmadan fikir söyləyə bilməz" deməklə İsa Qəmbərin bostanına daş atmışdır.
Nüşabə Sadıxlıdan İsa Qəmbəri məsxərəyə qoyan açıqlama
Bütün bunların fonunda Müsavat başqanının müşaviri Nüşabə Sadıxlının da İsa Qəmbər haqqında "Yeni Müsavat" qəzetinin 29 avqust sayında açıqlama verməsi diqqətdən kənarda qala bilməz. N.Sadıxlı bildirir ki, İ.Qəmbərin başqanlıqdan getməsi inandırıcı olmadığından onun Müsavatda qalması üçün yeni vasitələr tapılmalıdır. Bu fikir onu təsdiq edir ki, İ.Qəmbər həqiqətən də, siyasət azarına tutulub. Digər tərəfdən onun Müsavat başqanlığı kreslosuna bağlılığı mövcuddur.
N.Sadıxlının fikirləri həm də onu təsdiq edir ki, İ.Qəmbər bir növ qırsaqqız olan məxluqlardandır. Onu zor gücünə Müsavat başqanlığından uzaqlaşdırmaq partiyanın parçalanması deməkdir. Proseslərin inkişafına əsasən demək olar ki, sonuncu versiya daha realdır. Yəni İ.Qəmbər başqanlıqdan getməyəcək və bu da nəticədə partiyanın parçalanmasına gətirib çıxaracaq.