PDF Oxu

Köşə

  • 1 695

Ştefan Füle müxalifətyönlü qəzetlərə pul paylayır

Ştefan Füle müxalifətyönlü qəzetlərə pul paylayır

Deyirəm bu müxalifət və müxalifətin təsiri altında olan QHT rəhbərləri çox avam və fərsiz məxluqlardır. Ondan ötrü ki, bu şəxslər tez təsir altına düşürlər, sözəbaxan olurlar. Siyasi ekspertlər qeyd edirlər ki, bunun səbəbi həmin QHT rəhbərlərinin ələbaxımlı olmalarıdır. Yəni maliyyə yardımı almaq səbəbindən onun bunu xüsusilə də xarici maraqlı qüvvələrin inhisarında olan fondların icraçıları rolunda çıxış edirlər. Bədbəxtçilik ondan ibarətdir ki, müxalifətyönlü QHT-lər külli miqdarda maliyyə yardımları alsalar da, onlara çatan ancaq qəpik-quruş olur. Araşdırmalara əsasən, demək olar ki, vəsaitin böyük hissəsi dağıdıcı müxalifət partiya rəhbərlərinə çatır. Sual yarana bilər: nədən QHT-lər özlərini müxalifət partiyalarından asılı vəziyyətə qoyurlar? Digər tərəfdən, niyə ayrılan vəsaitin böyük hissəsini könüllü şəkildə İsa Qəmbərə, Əli Kərimliyə və digərlərinə verirlər? Cavabları çox sadə və aydındır. Leyla Yunus, Arif Yunus, İntiqam Əliyev, İlqar Nəsibov və digərləri İ.Qəmbər və Ə.Kərimlinin timsalında özlərinə arxa-dayaq, himayədar tapmağa çalışırlar. Fikir verin, L.Yunus Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyinə görə həbs olunduqdan sonra, hay-küy qaldırıb, müxtəlif formatda müdafiə komitəsi yaradanlar sırasında Ə.Kərimli və İ.Qəmbər birincilərdən oldular. Hətta AXCP sədri Ə.Kərimlinin dozası bir qədər artıq olduğundan mitinq keçirmək iddiası ilə çıxış edib.

Ştefan Füle-David Kramer dəyişməz simalardır

Hadisələrin inkişafı onu deməyə əsas verir ki, qondarma hüquq müdafiəçilərinin müəyyən cinayətləri ilə əlaqədar olaraq saxlanılmalarından yalnız ölkə müxalifəti deyil, bir növ ilana ağu verən xarici kərtənkələlər də narahat oldular. Bunu onların ağına-bozuna baxmadan sərsəm bəyanatları da təsdiqləyir. Deyək ki, "Freedom House"nin insan hüquqları təşkilatının prezidenti David Kramer Ə.Kərimli və İ.Qəmbərsayağı dar düşüncə tərzi ortaya qoymaqla, bir növ bədnam ünsürlərdən olduğunu ortaya qoyub. Bu məxluq iddia edib ki, guya "hüquq müdafiəçilərinin" həbs olunması Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin pozulması deməkdir. Bu bədbəxt öhdəliklərin nədən ibarət olduğunu bilməsə də, pafoslu, həm də iddialı fikirlər söyləməsi onun L.Yunus, İntiqam Əliyev və digərləri ilə təkzib olunması qeyri-mümkün olan münasibətləri olduğunu göstərir. Xatırladaq ki, dəfələrlə "Freedom Hause" Azərbaycanla bağlı qərəzli, həm də şər-böhtan xarakterli hesabatlar yayır. İndi məlum olur ki, həmin hesabatların hazırlanmasında yunusların da böyük "zəhməti" olub. İşverənlərin ifşa olunaraq məsuliyyətə cəlb olunması, təbii ki, D.Kramerin Azərbaycanla bağlı bazarının bağlanmasından xəbər verir. Bu baxımdan D.Kramer ağlına deyil, ağzına gələn bəyanatlarla çıxış etməklə "dostuna" mənəvi dəstək olmağa çalışır.

Azərbaycanda səfərdə olarkən Avropa İttifaqı genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Ştefan Fülenin də gizli şəkildə müxalifətyönlü QHT rəhbərləri ilə görüş keçirməsi torbada pişiyin olmasını göstərir. Məlum olur ki, cənab Ş.Füle də L.Yunusun və digərlərinin həbsindən qarınağrısı keçirənlərdəndir. Amma bir məsələni qeyd etmək lazımdır ki, Ş.Fülenin müxalifətyönlü QHT rəhbərləri ilə qapalı görüş keçirməsinə seyrçi kimi yanaşılmamalıdır. Çünki bu cür məsələlərin yaranması arzuolunmaz nəticələrin baş verməsinə gətirib çıxara bilər. Ən azı sağlam düşüncəli vətəndaş cəmiyyəti institutları arasında ciddi narazılıq, həm də narahatlıq yarana bilər. Heç bir halda əcnəbi qonağın Azərbaycan vətəndaşları ilə gizli görüş keçirib onlara müəyyən təlimatlar verməsi yolverilməzdir. Bu hal şəffaflığın aradan qaldırılması ilə yanaşı, beynəlxalq hüquq prinsiplərinə ziddir. Düşünürəm ki, bununla bağlı Azərbaycanın müvafiq qurumları Avropa İttifaqının rəhbərliyinə ən azı narazılıq məktubu ünvanlamalıdır. Nəticəsinin necə olacağını bildirməkdən asılı olmayaraq, Azərbaycanın milli və dövlətçilik maraqlarından çıxış edən QHT-lərin narazılıqlarını sakitləşdirmiş olar.

Digər xəbərlər