Deyəndə ki, Müsavatın qurultay xəmiri hələ çox su aparacaq, bəziləri buna inanmırdı. Lakin görünən budur ki, bu xəmirin hələ bundan sonra da yüz tonlarla su aparacağı mütləqdir. Çünki artıq mətbuatda eks-başqan İsa Qəmbərin yenidən başqan olması ətrafında fikirlər səsləndirilir. Necə deyərlər, od olmayan yerdən tüstü çıxmaz. Bu tüstü də nətəhər çıxıbsa, müsavatçıların gözlərinə dolmağa başlayıb. Yoxsa ki, burada başqa cür düşünməyin də yeri yoxdur.
Arif Hacılı başqan seçilib. Başqanlığa namizəd olanlar isə seçilmədiklərinə görə iki ayaqlarını bir başmağa dirəyiblər. Arif Hacılı başqanlıqdan getməli, ya da ki, Müsavatda yenidən qurultay keçirilməlidir. Amma bunun da bir əmması var. Əmması da budur ki, dörd ildən artıq bir müddətdə qurultayını yubadan Müsavat partiyası hətta növbədənkənar qurultay keçirməyə qərar versə belə, yenə də bu proses dörd-beş il çəkəcək. Ona qədər də kim öldü, kim qaldı, Allah bilir...
İndi onu da deyirlər ki, qurultay-filan keçirmədən, İsa Qəmbər qayıtsın başqanlığını etsin. Daha Arif Hacılı bu vəzifəsinin öhdəsindən lazımınca gələ bilmir. Əgər gələ bilsəydi, kütləvi istefaların qarşısını almaqda acizlik göstərməzdi. İsa Qəmbərin başqan olmasını istəyən digər qruplar da iddia edirlər ki, eks-başqan geri qayıtmasa, Müsavat bur ucdan parçalanaraq, beş-altı müsavatcığaza dönəcək. Di gəl baş aç görüm, buradan necə baş açırsan?!
Hə, bu arada başqanlığa keçmiş namizəd Səxavət Əlisoy da İsa Qəmbərin başqanlıq postuna geri dönmək ehtimalına özünəməxsus şəkildə fikir bildirib. "Siyasi oyunbazlıq deyil ki, İsa Qəmbər yenidən başqanlığa qayıtsın"-deyən Əlisoy onu da bildirib ki, bəzi müsavatçılardan belə təklif gəlib: "Amma nizamnamə var və nizamnamə iki dəfədən artıq seçilməyə imkan vermir. İsa bəyin yenidən başqan olması siyasi oyunbazlıq olar".
Bəli, Müsavatda sular durulmur. Hələ üstəlik partiya reallıqda bir tayfa təşkilatına daha çox bənzəməyə başlayır. Məsələn, yeni başqam Arif Hacılının narazılara barışıq təklifi irəli sürməsi, qarşı tərəfin isə bu barışıq təkllifini rədd etməsi, əslində, vəziyyətin nə qədər kritik olmasından xəbər verir. Məhz Səxavət Əlisoy da bunu belə izah edib ki, Müsavat partiyası aşirət - yəni tayfa partiyası deyil. Amma fakt budur ki, Müsavat partiyası partiyaçılıqdan çıxaraq, tayfaçılıq təşkilatına çevrilməyə başlayıb. Əks halda Arif Hacılı istefa verərək, yenidən başqan seçkiləri keçirilməsi üçün zəmin yaradacaq addımlar atardı. Amma atmır. Niyəsini isə bilmək o qədər də çətin deyil. Çünki onun arxasında yenə də İsa Qəmbər amili dayanıb. Əgər İsa Qəmbər varsa, demək parçalanma da olacaq. Sonra da eks-başqan durub deyəcək ki, bəs gördünüz? Mən gedən kimi partiya parçalandı. Bax, məsələ də elə bundadır daaa!
O da əbəs yerə deyil ki, Səxavət Əlisoy partiyanın sonuncu qurultayını müsavatçılığa ləkə adlandırıb. Deyib ki, necə olursa- olsun, bu biabırçılıq ortadan qaldırılmalıdır: "VIII qurultay Müsavat tarixinə qara ləkədir. Bunu aradan qaldırmalıyıq, əgər bu baş verəcəksə, sakitik olacaq. Əks təqdirdə başqa şeylər də ola bilər".
Bax beləcə, hər şey yavaşca-yavaşca üzə çıxmağa başlayır. Hətta Müsavat qiyam ərəfəsində olan parlayacaq bomba təsəvvürünü yaratmaqdadır. Əgər bu partlayış baş verərsə, onda gəl gör Arif Hacılının halını. Bu partlayışın gücündən yeni başqanın Qax, Zaqatala tərəflərə qədər uçacağını da gözləmək olar. Gör ki, etirazçıların- Qubad İbadoğlunun, Səxavət Əlisoyun, o cümlədən, digər partiyadaxili inqilabçıların partlayış gücləri nə həddə çatıb. Allah axrını xeyir etsin...