Bələdiyyə seçkilərinə az bir müddət qalsa da, ölkə müxalifətinin yalnız müəyyən hissəsi seçkilərə qatılmaq barədə qərar verib. Xüsusilə AXCP və Müsavat bələdiyyə seçkilərində iştirak etməkdə maraqlı görünmür. Bəs bunun səbəbi nədir və seçkilərdə iştiraka olan maraqsızlıq haradan qaynaqlanır? Bu sualın cavabı isə kifayət qədər bəsitdir. Məsələn, həmin sualın cavabını elə sualla da vermək mümkündür ki, bu gün Əli Kərimlinin yanında kim qalıb ki, hələ onun partiyasından namizəd də olsun? Son günlər orda qalan 3-5 adam da artıq istefa verib. Yəni bunlar özləri də yaxşı bilirlər ki, 1700 bələdiyyəyə namizəd vermək lazımdır. Bu, elə 1700 nəfər deməkdir. Əli Kərimlinin mitinqinə isə uzağı 500-600 nəfərdən artıq adam gəlmir. Bu zaman daha bir sual yaranır ki, əcəba, Əli Kərimli bu qədər insanı haradan axtarıb-tapacaq? Məhz bu amil deməyə əsas verir ki, nə Əli Kərimli, nə də İsa Qəmbər bələdiyyə seçkilərində iştirak etməkdə maraqlı deyillər.
Digət tərəfdən, son prezident seçkilərində də radikalların özləri etiraf edirdilər ki, məntəqələrə müşahidəçi verməyə namizəd tapa bilmirlər. Məgər bunun özü bir sübut, dəlil deyilmi? Yaxud bunların verdyi müşahidəçilər ümümi məntəqələr üzrə 10 faizdən artıq deyildi. Bu fakt da qeyd edilən fikirləri sübuta yetirmirmi? Bütün bunlar öz yerində...
Ancaq ortada digər bir məsələ də mövcuddur. Məsələn, seçkilərə qatılmağa cürət etməyən radikallar bir tərəfdən də Leyla Yunusu qəhrəman etməyə cəhd göstərirlər. Söz yox ki, bunun da səbəbləri var. İlk növbədə, onlar öz zəifliklərini və davamlı məğlubiyyətlərini gizlətməkdən ötrü birbaşa xarici təşkilatların tapşırıqlarını həyata keçirirlər. Özlərini onların yanında "ağıllı uşaq" kimi göstərirlər. Leyla Yunus isə 1992-ci ildən Azərbaycan dövlətinin əleyhinə olan bir insandır. O, bütün ömrünü buna sərf edib. Mərhum Əbülfəz Elçibəy prezident olduğu dövrdə xüsusi xidmət orqanlarının əməkdaşları müdafiə nazirliyində vəzifə sahibi olan həmin Leyla Yunusun gizli danışıqlarını tutmuşdular. Hələ o zaman Leyla Yunus xarici dövlətə casusluq edirdi. İndi bu adamı Əli Kərimli və onun kimilər "qəhrəman" sayır. O dövrün mətbuatını oxuduqda da görürük ki, Elçibəy bu satqın adam haqqında hansı fikirləri işlədib. Ona görə də bu gün Leyla Yunusu müdafiə edən Əli Kərimli beynəlxalq təşkilatlara xoş gəlmək üçün bu addımı atır. Onun üçün heç bir ölçü yoxdur. Və bu adam hakmiyyətə gəlmək üçün şeytanla da əməkdaşlığa hazırdır. Bu tendensiya həm Əli Kərimlidə, həm də onun ətrafında uzun illərdir ki, davam edir. Ancaq bunun da bir sonu olacaq əlbət...