Və ya iqtidarın qətiyyətli mövqeyi "Azadlığ"ı niyə narahat edir?
Sirr deyil ki, post-sovet ölkələri sırasında Azərbaycan dövləti, ölkə iqtidarı öz müstəqil siyasəti ilə digərlərindən daha çox fərqlənməkdədir. Bu baxımdan, hesab etmək mümkündür ki, Azərbaycanın müstəqil, qətiyyətli siyasət yürütməsi həm xaricdə bizi gözü götürməyənlərin, həm də həmin qüvvələrin ölkədaxili nökərlərinin ciddi narahatlığına səbəb olur. Məhz bu aksiomaya da əsaslanaraq ilk növbədə qənaətə gəlmək mümkündür ki, müstəqil siyasət yürüdən iqtidarın kimsədən asılı olmaması ölkədə özlərini müxalifət hesab edən radikal kəsimi qıcıqlandırır. Daha dəqiq desək, onların Qərbdəki ağalarının rəngi qızaran kimi, bunların da rəngləri bozarmağa başlayır. Bu isə elə-belə baş vermir. Yəni qızarma və bozarmaların arxasında bir sıra məsələlərin dayanması şübhəsizdir.
Məsələn, AXCP-nin orqanı kimi və daha çox Əli Kərimlinin gizli baş redaktoru kimi tanınan "Azadlıq" qəzeti iqtidarın apardığı müstəqil siyasətə kölgə salmağa cəhdlər göstərir. Məsələn, adıçəkilən mətbu orqanda iddia edilir ki, guya hakimiyyət Qərb ölkələrindən zorla tərif tələb edir. Əslində, radikal müxalifətin bu tipli iddiaları yeni deyil. Çünki radikalları reallıqda öz pərdəarxası məqamlarını ictimai rəydən gizlətmək üçün belə iddialarla çıxış edirlər. Məsələn, siyasətlə bağlı olan istənilən sağlam düşüncəli şəxsə bəllidir ki, radikal müxalifət, xüsusilə, AXCP və ona məxsus "Azadlıq" qəzeti seçkilər ərəfəsində və başqa siyasi proseslər astanasında gözünü xalqa deyil, məhz Qərbə doğru dikməyə başlayır. Çünki Əli Kərimlinin özü də yaxşı bilir ki, nə onun, nə də AXCP-nin filialı kimi adlanan "Milli Şura"nın heç bir sosial bazası, elektoratı yoxdur. Buna misal kimi son günlər baş verən kütləvi istefaları da göstərmək mümkündür. Belə olan təqdirdə bütün ümidlərini Qərbin qaranlıq siyasi dairələrinə dikən radikallar xalqın adından sui-istifadə edərək, guya Qərbə yalmanmaqlarını da xalqın tələbi kimi təqdim edirlər. Yəni məsələ bu qədər bəsitdir!
Başqa tərəfdən, "Azadlıq" qəzeti iddia edir ki, guya Azərbaycan hakimiyyəti öz müqəddəratını həll edən, demokratik dəyişikliyə nail olan xalqların uğuruna kölgə salmaq siyasəti yeridir və bu mənada Ukraynada baş verənlər də hakimiyyətin narahatlığına səbəb olub. Belə ki, hakimiyyət sözçüləri Ukraynada keçirilən seçkilərə Qərbin müsbət rəy verməsinə qısqanclıqla yanaşır və Azərbaycana qarşı da eyni münasibətin göstərilməsini istəyir. Əslində, tamamilə yanlış və uğursuz olan bu "analitikada" daha bir məqam özünü tam çılpaqlığı ilə əks etdirir. Çünki Ukraynadakı kimi, Azərbaycanda da şəffaf, demokratik standartlara cavab verən seçkilər keçirilib və Qərb ölkələrindən olan seçki nümayəndələri bu faktı rəsmən bəyan ediblər. Digər tərəfdən, Azərbaycan heç vaxt Qərb qarşısında yürüdülən demokratik siyasətə görə tələblər qoymayıb. Çünki bayaq da qeyd edildiyi kimi, Qərbin hər hansı qurumunun ölkəmiz haqqında müsbət və ya mənfi rəy formalaşdırması müstəqil Azərbaycanın yürütdüyü qətiyyətli siyasətə təsir edə bilməz. O cümlədən, Azərbaycanın hər hansı təşkilat tərəfindən tərifə, ya da tənqidə ehtiyacı olmayıb, bundan sonra da olmayacaq.
Bu arada daha bir amilə nəzər salmaq yerinə düşərdi. Bu gün Qərb tərəfindən Azərbaycana qarşı ikili standartların yürüdlməsi də kimsəyə sirr deyil. Ona görə də hər dəqiqə Ukrayna hadisələrini (hansı ki, bu gün Ukraynada problemlər hələ də çözülməmiş qalır, parlament seçkilərindən sonra ciddi qanun pozuntularının olması haqqında məlumatlar səsləndirilir, Maydan hərəkatı parçalanır) ictimai rəyin açıq desək, gözünə soxmağa çalışan AXCP və "Milli Şura" rəhbərliyi, bu qurumların şəxsiləşdirilmiş "Azadlıq" adlı qəzeti nədənsə, ümummilli məsələlər barədə heç vaxt mövzu qabartmamaqla yanaşı, daim həmin vasitə ilə Qərb qarşısında yalmanırlar. Lakin belə yalmanmaların da sonu nəticəsiz qalıb. Çünki nəticə versəydi, özünü radikal müxalifətin "anası" kimi təqdim edən Əli Kərimli 20 ildən artıq bir müddətdə düşərgədə var-gəl etməzdi. Həmçinin, reallıq budur ki, əgər Qərb ikili standartları həqiqətən də təsir gücünə malik olsaydı, bu illər ərzində nəyəsə nail olmağa imkan tapardı. Ancaq Azərbaycan hakimiyyətinin, ölkə iqtidarının qətiyyəti heç vaxt radikal müxalifət kimi Qərb qarşısında acizlik göstərməyib. Məhz güclü və qətiyyətli siyasət Qərbin Azərbaycana qarşı təzyiq rıçaqlarını hər zaman məğlubiyyətə məruz qoyub. Qərbə yalmanan radikal müxalifəti məğlub etdiyi kimi...