ADP-nin sədri Sərdar Cəlaloğlu o günləri mətbuatda elə bir qəşəng və əsrarəngiz çıxış edib ki, adamın ürəyinə lap yağ kimi yayılır. Düzdür, bu adam siyasətçidir və hər zaman siyasi motivlərdə fikir bildirir. Ancaq budəfəki çıxışı siyasətdən daha çox şou xarakterinə bənzəyib. Əslində, müxalifətdə baş verən olayları incələdikcə, həqiqətən də orada siyasətdən başqa hər şeyi və hər zadı görürsən, eləcə də şounu...
Hətta Əli Kərimli qatığa mavi desə...
Nə isə, uzatmayaraq, keçirəm mətləbə. ADP sədri partiyasına yaxın mətbu orqana verdiyi müsahibəsində AXCP sədri Əli Kərimlini "primadonna" adlandırıb. Özü də bu primadonna məsələsini o qədər maraqlı əsaslandırıb ki, şəxsən mənə - həmin müsahibəni oxuyan tərəfə bircə "BRAVO, SƏRDAR BƏY!" demək qalır. Məsələn, Sərdar bəy deyib ki, AXCP sədri və onun qulbeçələri iştirak etdikləri, içində olduqları hər şeyin düzgün olduğunu, qalanların yanlışlığını müdafiə edirlər. Məgər səhv deyir, qardaş?! Bu gün Əli Kərimli desə ki, qatıq qaradır, demək, başda Fuad Qəhrəmanlı, Nurəddin Məmmədli, Əbülfəz Qurbanlı, Gözəl Bayramlı, ələlxüsus və ələlxüsus Natiq Ədilov (Güləhməd kişinin oğlunu deyirəm-R.) da deyəcəklər ki, bə nədi, nə bilmişdiniz a camaat, qatıq elə qaradır ki, qaradır! Hətta Əli Kərimli qatığa çox sevdiyi rəngi olan mavi desə belə, dünən ona qara deyənlər fkirlərini dəyişib deyəcəklər ki, qatıq mavidir!!!
Amma di gəl bunlara anlat ki, əşşi, a rəngi seçə bilməyən zatlar, axı qatıq ağdır! Yoox, kimə deyirsən ki?! O saat sənə xəyanətkar damğasını yapışdırıb deyəcəklər ki, sən Ə.Kərimlinin dediyini demədiyinə görə, xəyanətkarın ən yekəsisən...
İndi a qardaş, Sərdar bəy də bunu demək istəyib daaa. Demək istəyib ki, Ə.Kərimli səhnəmizin primadonnası İlhamə xanım kimi istədiyi əşyaya, canlıya, hətta manısa ad qoyduğu kimi, AXCP sədri də öz adlarını qoyur. Bu gün hansı müğənninin "duxu" çatır ki, İlhamə xanımın qoyduğu ada "protiv" getsin? Heç kimin! Eləcə də AXCP-də eyni hal yaşanır.
Rauf Arifoğlunun amputasiya ideyasını cərrah Sərdar Cəlaloğlu reallaşdırsın!
Eh, hələ bu harasıdır ki, bu gün köşəmdə "BRAVO, SƏRDAR BƏY!" deyirəmsə, sabahları bu BRAVONU "Yeni Müsavat"ın baş yazarı Rauf Arifoğluya da deyəcəyəm. Özü də tam səmimi şəkildə. Necə ki, Sərdar bəy haqqında da tam səmimi yazıram. Rauf bəy də bu yandan durub deyib ki, Əli Kərimli Azərbaycan siyasətinin qara yarasıdır. Onu amputasiya edib kəsmək lazımdır. Düz deyib də kişinin oğlu! Düz sözə, nə deyə bilərsən axı, ay qardaş, ay əmmoğlu, ay "bırat"?!
Üstəlik deyib ki, Əli Kərimli haqqında bu günə qədər nə qədər müsbət fikir səsləndiribsə, onların hamısını geri götürür. Düz edir götürür. Amma gərək o zamanlardan azacıq da olsa anlayardı ki, bu qara yara olan, amputasiya kimi kəsliməli olan Əli Kərimli nə qədər iyrənc, zərərverici və lazımsız varlıqdır. Ancaq dədələrimiz də yaxşı deyib ki, ziyanın yarısından da geri dönməyin özü bir xeyirdir. Ona görə də Sərdar bəyin Əli Kərimliyə PRİMADONNA, Rauf Arifoğlunun isə həmin ünsürə AMPUTASİYA OLUNMALI QARA YARA adını qoyması tam yerindədir.
Həəə, tam yadımdan çıxmamış onu da qeyd edim ki, əslində, Sərdar bəylə Rauf bəyin sözlərinin üst-üstə düşməsi ilə digər məqamlar da üst-üstə düşür. Məsəlçün, bildiyimiz qədər Sərdar Cəlaloğlu həm də həkim cərrahdır. Ona görə də bir məsləhət - BƏLKƏ ƏLİ KƏRİMLİNİN AZƏRBAYCAN SİYASƏTİNDƏN AMPUTASİYASINI MƏHZ CƏRRAH SƏRDAR BƏY REALLAŞDIRSIN? NECƏDÜ???