Hansı ölkədəsə bir müxalifətin parlament, ya da prezident seçkilərində qələbə qazanması bizim müxalifətçiləri dərhal qıcıqlandırmağa başladı. Hətta qaşındırmağa. Hətta hakim partiya - YAP-dan bildiriləndə ki, bizim müxalifət bir himə bənddir, radikal düşərgədən buna elə reaksiya göstərirlər ki, gəl görəsən. Küçələrə tökülüb qışqır-bağır salan kim, mətbuatda palaz-palaz açıqlamalar verən kim və s.
Hətta deyilənlərə görə, radikal müxalifətçilər bu il keçiriləcək parlament seçkilərindəki məğlubiyyətlərini indidən dərk edərək, parlament seçkilərindən sonrakı beş-on nəfərlik mitinqlərinə şüarlar da hazırlayıblar. Orada təmsil olunan bir nəfər isə deyir ki, "Parlament buraxılsın", "Yeni parlament seçkiləri" tələbi ilə yürüş-mitinq keçirmək üçün yazılan şüarlar orda-burda "podvallarda" hazır vəziyyətdə saxlanılmaqdadır. Köhnə təfəkkürlərindən ayıla bilməyən, bundan sonra da ayılmayacaq radikalların marşrutları da hazırlanıb. Özü də bu marşut düz ABŞ Dövlət Departamentində cızılıb. Beləliklə, indidən məğlub olacaqlarını bilən radikalların seçkisonrası mitinq-yürüş marşrutları bu cürdir - Parlament prospekti boyunca parlamentə doğru yürümək və Milli Məclisin qarşısındasa yekə bir mitinq keçirmək. Təbii ki, beş-on nəfərlə...
Əvvəlki vaxtlarda olduğu kimi, müxalifət "öldü var, döndü yox" deyib, ABŞ Dövlət Departamentinin təklif etdiyi bu meydanı tələb etmir. İşdi-şayət, paytaxt rəhbərliyi başqa bir marşrut təklif etsə, müxalifət bunu "dəyərləndirəcək". Başqa marşrut da olsa-olsa, yəqin ki, ya 20-ci sahədəki sürücülük məktəbinin meydanı ola bilər, ya da "Məhsul" stadionu...
İndi "axecepeçilərin", "milli şuraçıların" daha nə bilim nəçilərin yeni parlament seçkiləri tələb etməsi prosesi yoxdur. Daha dəqiq desək, həmin prosesə hazırlıqlar gedir. Ancaq məğlub olacaqlarını bilə-bilə ortada araqarışdıranlıqla məşğul olacaqlarını indidən sərgiləyən radikallar bir məsələyə görə də həvəsə gəliblər. Pul almaq, qrant qazanmaq, xaricə qaçıb, siyasi sığınacaq almaq və s. həvəsi. Öz aramızdır, Azərbaycan müxalifəti başqa ölkələrin müxalifətçilərinin elədiklərini təkrarlamaqda pərgardırlar. Tutaq ki, hansısa ölkənin müxalifətçiləri əllərinə bir dənə gül alıb meydanda olanda, bizimkilər iri buket bağladıb, aksiyaya çıxırlar. Yaxud başqa ölkə müxalifətçiləri əyinlərinə hansısa rəngdə futbolka geyinən kimi, həmin rəng bizim müxalifətçilərin ən çox xoşladığı rəng olur, dükan-bazarda o rəngdə köynək tapılmır. İndi də görək kimi təqlid edəcəklər. Axı onlar bunun, bayaq da dediyim kimi, pərgari-ustadıdırlar!
P.S. Amma fikirləşmirlər ki, başqa ölkələrin müxalifətçiləri nəyə nail olurlarsa, birliyin sayəsində nail olurlar. Qazanılan qələbələrdə birliklərin rolu danılmazdır. Bizimkilərsə birliklə bağlı heç kəsi təkrarlamaq istəmirlər, heç bu niyyətdə belə deyillər. Məgər fakt göz önündə deyilmi?