Radikal müxalifət düşərgəsində hökm sürən durğunluq və pərakəndəlik ilk növbədə belə qənaətə gəlməyə zəmin yaradır ki, düşərgənin düşdüyü böhranın əsas səbəbkarları məhz Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat partiyasıdır. Çünki bu partiyaların "liderləri" - Əli Kərimli və sabiq başqan İsa Qəmbər cütlüyü uzun zamanlardan bəri başlatdıqları çoxsaylı savaşlarını "Milli Şura" kontekstində axrıncı mərhələyə qədər çatdırdılar. Əslində, bu gözlənilən, ehtimal olunan hal idi və nə zamansa ox öz yayından çıxmalıydı.
FAKT GÖZ QABAĞINDADIR
Ancaq görünən məsələlərdən biri də sadə müxalifətçilərin öz "liderlərinin" qarşıdurmalarından usanmaları, bezmələridir və bu usanmaların nəticəsi olaraq sıravi üzvlər İsa Qəmbərdən üz döndərdilər. Bu AXCP sədri Əli Kərimlini də gözlyir. Bu səbəbdən, ənənəvi düşərgədə kütləvi istefaların başvermə davamiyyəti yenidən kütləviləşə bilər.
Necə deyərlər, fakt artıq göz qarşısındadır. Bu gün Müsavat başqanı ilə AXCP sədri yollarını birdəfəlik ayırıblar. Yəni onlar bundan sonra hansısa tədbirlərdə - piketlərdə, mitinqlərdə, aksiya və nümayişlərdə bir yerdə şəkil şəkdirməyəcəklər. Belə ki, hazırda İsa Qəmbərlə Əli Kərimlinin bir yerdə gediləsi yolları, ümumiyyətlə, qalmayıb. Haçalanmış yollar isə heç vaxt birləşməyib.
KÖHNƏ SSENARİ VƏ DƏYİŞMƏYƏN HİSSLƏR
Müsavat başqanı birlik oyunu ilə göstərdi ki, o, Əli Kərimlini aldatmağı bacarır. Nəticədə AXCP sədrinin İsa Qəmbərin başqanlıqdan kənarlaşmasından sonra siyasi gedişləri hər iki tərəf üçün itkilərlə müşayiət olundu. Beləliklə, AXCP-Müsavat qarşıdurması yüksələn xətlə davam edir, davam etdikcə də qarşı tərəflərin bir-birinə tərəf hazırladıqları başlıca plan və təfərrüatları üzə çıxır. Artıq sözügedən olaylardan bəlli olmağa başlayıb ki, AXCP sədri Əli Kərimli İsa Qəmbərə qarşı köhnəlmiş variantlı savaş metodları ilə deyil, yeni mübarizə üsullu planını reallaşdırmağa hazırlaşır. Daha dəqiq desək, hazırkı savaş daha öncəki savaşlardan elə də ciddi fərq təşkil etmir. Çünki ortada köhnə ssenari, tanış ittihamlar və dəyişilməyən antipatik hisslər görünməkdədir. Göründüyü kimi, AXCP-Müsavat qarşıdurması bu ərəfələrdə daha da şiddətlənməyə doğru inkişaf etməkdədir və bu inkişaf, əslində köhnəlmiş ənənəvi müxalifətin tənəzzülü anlamını təsdiq edir.