PDF Oxu

Köşə

  • 1 598

Müsavatın divanı tab gətirməyəcək

Müsavatın divanı tab gətirməyəcək

Söhbət məişət əşyası, yaxud da yumşaq mebelə aid olan divandan getmir. Söhbət Müsavatın "divanı"ndan gedir. Yəni Müsavat partiyasının divanı belə getsə, təşkilat daxilində cərəyan edən ziddiyyətli proseslərə, qarşılıqlı ittihamlara tab gərirə bilməyib, çökəcək. Özü də tam heyəti ilə bir yerdə. Hətta o divanın çökəcəyi tarixi də bəllidir - fevralın 2-də! Fevralin 2-də narazı müsavatçıların rəhbəri Qubad İbadoğlu və partiyanın qadınlar birliyinin sədri Ellada Məmmədli həmin gün, necə deyərlər, məhşər ayağına çağırılıblar. Çünki onların hər ikisi həm də Demokratiya və Rifah Hərəkatının (ADR) təşkilat komitəsində yer alıblar. İbadoğlu onun sədri, Məmmədli isə üzvüdür. Beləliklə, nə baş verəcək divanda?

Birinci o olacaq ki, partiyanın rəhbər heyəti başda Arif Hacılı, Gülağa Aslanlı, Mustafa Hacıbəyli, Səxavət Soltanlı və s. olmaqla yapışacaqlar bunların yaxasından və soruşacaqlar ki, nəyə görə Müsavatı parçalayırsınız? Bunlar da qayıdıb deyəcəklər ki, partiyanı biz deyil, elə sizlər parçaladınız! Özü də İsa Qəmbərin təhriki, təlimatı və planları sayəsində. Bax, onda Müsavat divanının ayaqları bir dəvə "cırt" eləyib, azca laxlayacaq.

Sonra partiya rəhbərliyi onları partiyadan uzaqlaşdırdıqları Səxavət Əlisoy, Hüseyn Məlik, eləcə də partiyada saxlanılmasına baxmayaraq, bu qurumun legitim olmadığını iddia edən Vurğun Əyyub timsalında xəyanətkar adlandıraraq, onları partiyadan çıxaracaq. Bax, onda Müsavatın divanı bu dəfə bərkdən "cırrrttt" eləyib, tamamilə yerə dəyəcək. Özü də zıppıltıyla!

Divanın çökməsinin, yıxılmasının, büdrəməsinin və sıradan çıxmasının səbəbi isə daha bir məsələyə gedib çıxır. Məsələn, bayaq da qeyd edildiyi kimi, ADR hərəkatı yaradılır və orada keçmiş müsavatçılarla yanaşı, hələ də partiyada fəaliyyət göstərənlər də var. Üstəlik, digər müxalifət partiyalarından da oraya qoşulanlar mövcuddur. Onlar, əslində, ənənəvi müxalifətçilik amilini kökündən silib atmaq və yeni sivil müxalifətçilik amilini gündəmə çıxarmaq, yaratmaq istəyirlər. Bu isə ənənəvi müxalifətçilərin xeyrinə deyil. Çünki ADR rayonlarda Müsavatın bir sıra təşkilatlarında təşkilatlanma işləri aparıb. Hətta rayon müsavatçıları Qubad İbadoğlunun tərəfinə keçərək, Müsavatın yerlərdəki təşkilatlarının fəaliyyətinə son belə qoyublar. Bütün bunlar isə söz yox ki, partiya rəhbərliyinin, necə deyərlər, "çestinə" dəyir və nəticədə həmin olay divanda müzakirəyə çıxarılır. Bu müzakirələr başlamamış isə artıq partiyanın divanı laxlamaqla nəyin-nə olduğunu göstərir. Ona görə də tam əminliklə belə nəticə hasil olur ki, Müsavatın divanı buna tab gətirməyəcək. Gözləyək fevralın 2-ni...

Digər xəbərlər