PDF Oxu

Köşə

  • 2 208

REZİN "ŞLANQ" DƏRSİ VƏ "QƏNAƏTBƏXŞ" OLMAYAN HAL

REZİN "ŞLANQ" DƏRSİ VƏ "QƏNAƏTBƏXŞ" OLMAYAN HAL

Son zamanlar bizlər cəmiyyətin bir hissəsi olaraq, ölkənin müxtəlif orta məktəblərində müəllimlər tərəfindən şagirdlərin amansızlıqla döyülməsi faktları ilə qarşı-qarşıya qalırıq. Bu kimi faktlarla qarşı-qarşıya qalmaq isə söz yox ki, cəmiyyətimizi dərindən düşündürür. Daha çox isə, hələ məktəbə getməsi baxımından yaşı çatmayan valideynləri ciddi şəkildə düşündürür. Düşündürür ki, axı mənim də uşağım sabah məktəbə gedəcək və həmin məktəbdə müəllim tərəfindən hər hansı bir şəkildə zorakılığa məruz qalacaq.

Lakin əslində, belə hallar yalnız Azərbaycanda baş vermir və istər MDB məkanında, istərsə də Qərb ölkələrində də şagirdlərin döyülmə halları kifayət qədərdir. Hətta deyə bilərik ki, həmin məkanlarda belə hallar daha çox baş verir. Eyni zamanda, Qərb ölkələrində şagirdlərin öz müəllimləri tərəfindən döyülməsi faktı ilə bağlı məşğul olan xüsusi təşkilatlar da mövcuddur ki, onlar istər hüquqi, istərsə də sosial baxımdan, bu problemin həlli istiqamətində mütəmadi işlər aparırlar.

Söz yox ki, Azərbaycanda da belə təşkilatlar var və öz işlərinin öhdəsindən tam olmasa da, müəyyən dərəcədə gəlməyi bacarırlar. Ancaq fakt budur ki, problemin köklü şəkildə həllinə hələ də nail oluna bilinməyib. Əslində, məni bu köşəni yazmağa vadar edən yaxın günlərdə bir idman müəlliminin azyaşlı şagirdə qarşı göstərdiyi xüsusi amansızlığıdır. Yəqin ki, həmin məsələ haqqında bir çoxları məlumatlıdır. Müəllimin şagirdinin üstünə şər ataraq, onu avtomobilinin üzərinə tüpürdüyünü iddia etməsi, sonradan isə otağına aparıb azyaşlını "şlanqla" döyməsi və...

Həmin məktəbin direktorunun əzazil müəllimi işdən azad edərək, öz işini bitmiş hesab etməsi, üstəlik bu kimi halları QƏNAƏTBƏXŞ (?!-R.) hesab etməməsi şəxsən məndə belə bir təəssürat oyatdı. Belə qənaətə gəldim ki, əgər müəllim şagirdini döyürsə, bu, qənaətbəxş deyil. Əcəba, qənaətbəxş nədir axı?! Gərək müəllim həmin şagirdi "şlanqla" deyil, daha "yumşaq" vasitə ilə döyməliydi? Məsələn, NAQİLLƏ??!! Yaxud bütün bunların yerinə YUMRUĞU ilə??!! Axı həmin müəllim idman müəllimi idi. O, balacaya bir güləş fəndi işlədə, ya da karate fəndi ilə təpik ata, bu da olmsa, şahmat fiqurunu götürüb başına çırpmalıydı!!! Bax onda, idman müəllimini işdən çıxaran məktəb direktoru "QƏNAƏTBƏXŞ" deyil, "QƏNAƏTLİ" ifadəsini işlədə bilərdi...

Təəssüf ki, bu gün məktəb direktorları kamera qarşısına çıxdıqları zaman elə bil ilin yekunları ilə bağlı hesabat verənlər kimi, iclas leksionunda bülbül kimi ötürlər. Elə bilirlər ki, yaxşı danışırlar. Ancaq fikirləşmirlər ki...

Təəssüf ki, məktəblərdə - xüsusilə, şəhərdən bir az uzaq məsafədə yeləşən məktəblərdə eyni hal bir neçə ayda dəfələrlə baş verir. Düzdür, şagirdlərin dərsə davamiyyəti, intizam qaydalarına riayəti baxımından qayda-qanunları pozmalarında valideynlərin də az günahları olmur. Yəni məktəbə qədər şagirdlər evlərində, ailələrində təlim-tərbiyə alırlar. Təbii ki, aldıqları tərbiyənin nəticəsini cəmiyyət içində, ictimai yerlərdə sərgiləyirlər. Ancaq unutmaq lazım deyil ki, tərbiyə döyülməklə, qəddarlıqla verilmir. Əgər bir uşağın tərbiyəsi ailəsində kifayət qədər verilmirsə, bunun pedaqoji üsulları da mövcuddur və müəllim bu üsuldan istifadə edərək, sivil şəkildə öz təlim-tərbiyəsini verməyə borcludur. Ancaq rezin "ŞLANQ" dərsi verərək, bunu "QƏNAƏTBƏXŞ" olmayan hal kimi qiymətləndirməklə deyil...

P.S. Öz aramızdır, əgər bir məktəbin müəllimi döyülmə faktını "qənaətbəxş" hal kimi qəbul etmirsə, demək, onun rəhbərlik etdiyi təhsil müəssisəsinin müəllimi də belə olmayıdı.

Digər xəbərlər