PDF Oxu

Köşə

  • 2 443

Bizdən onlara Allahdan şəfa diləmək qalır...

Bizdən onlara Allahdan şəfa diləmək qalır...

Beynəlxalq aləmdə müxalifət yetkililərinin xarici ölkə səfirləri ilə görüşmələri, fikir mübadiləsi aparmaları haradasa məntiqəuyğunluq kimi qəbul edilir. Bu məntiqəuyğunluğun nüvəsi isə həmin müxalif dairələrin (yəni xarici ölkələrin müxalifəti-R.) həqiqi mənada real, anti-dövlətçilik meyarlarından uzaq müxalifətin yürütdüyü konstruktiv siyasətidir. Belə ki, bu cür konstruktiv siyasəti olan müxalifət partiyaları, eyni zamanda, hakimiyyət dairələri ilə dialoq, kompromis danışıqlarına da gedərək dövlətin, xalqın mənəviyyatına zərbə vurmurlar. Xüsusilə, vurğulamaq mümkündür ki, Qərb siyasi dairələrində radikal, ultraradikal meyilli qüvvələrə heç də normal gözlə baxılmır. Bu isə, bir daha onu deməyə əsas verir ki, bütün mənalarda, radikalizm, ultrasağçılıq, ya da bu kimi digər siyasi baxışlar, əslində, heç bir dövlətdə siyasi maraq kimi dəstəklənmir. Burada hər kəs əmindir ki, bəyənilməyən bu tipli siyasi baxışlar nəticə etibarilə anarxiyaya tərəf istiqamət götürmüş dağıdıcılıq timsalıdır.

Lakin burada "Azərbaycan müxalifəti" adlandırılan, ictimai rəyə sırıdılan "siyasi dairələr" barədə də nəsə söyləməmək olmur. Çünki bütün məqamlarda onların fəaliyyət sistemlərindəki "balans" dövlətçilik maraqlarına qətiyyən uyğunlaşdırılmayıb. Bu barədə kifayət qədər deyilib də, yazılıb da... Ona görə də Azərbaycanda fəaliyyət göstərən xarici (əsasən, Qərb-R.) səfirliklərinin diplomatları, hətta səfirlərin özlərinin ölkənin radikal müxalifəti ilə görüşlər keçirməsi anlaşılmaz (əslində, anlaşılan-R.) olaraq qalır.

Məsələn, zaman-zaman Qərəbin ölkəmizdəki səfirləri AXCP sədri Əli Kərimli və digər müxalifət liderləri ilə görüşür. Bu kimi xəbərlər "Azadlıq" qəzetinin ən kəlləsində verilir. Hətta sonra vurğulanır ki, Azərbaycan və hər hansı Qərb ölkəsi arasındakı münasibətlər və s. məsələlər ətrafında fikir mübadilələri aparılıb (?!).

Maraqlıdır, məgər bu boyda Azərbaycan hakimiyyəti, ölkənin rəsmi siyasi dairələri ilə Azərbaycan və Qərb münasibətləri barədə danışmaq, fikir mübadilələri aparmaq mümkün deyilmi? Əlbəttə ki, mümkündür. Sadəcə, bunun digər gözəgörünməyən tərəfləri var. Həmin tərəflərdən ən ümdəsi, ilk növbədə, Qərb səfirliklərinin və səfirlərin tez-tez ölkəmizin daxili işlərinə müdaxilə etməsidir. Çünki səfirliyin etimadnaməsində göstərilməyib ki, səfir mütləq gedib radikal müxalifət sədri ilə iki ölkə arasında fikir mübadilələri aparsın. Çünki nə səfirlərin, nə də ki, AXCP və s. sədrlərinin bunda nə haqqı, nə də ki, səlahiyyəti var.

Qaldı ki, ölkədaxili məsələlərin araşdırılmasına, burada da Qərb səfirlikləri həddini aşır. Hər halda, o gedib öz ölkəsində yaşanan milli azlıqların başına açılan siyasi haqsızlıqlar barədə məsələlərini araşdırsın. Çünki səfirin "siyasi məhbuslar"dan çox, Avropada milli azlıqların taleləri maraqlandırsa, daha yaxşı olar. Ona görə də onların zaman-zaman "Avropa İttifaqı məhbusların azad olunmasında israrlıdır" ifadələrini işlətməsi məntiqəuyğunsuzluq kimi dəyərləndirilməlidir!

Hələ bu da azmış kimi, ölkə qanunvericiliyimizdə nəzərdə tutulan müddəalara da, açıq desək, burunlarını daxili işlərimizə soxan mister səfrlərin bir az da irəli gedərək, "bu problemin bütün Avropanın, diqqətində olduğunu" ifadə etməsi sadəcə təəssüf doğurur. Lakin bu təəssüfün ardınca bir fikri də doğurur: - "siyasi məhbus"ların taleyi Qərb səfirliklərinin diqqətində olsa nə olacaq, olmasa nə olacaq? Belə ki, bütün mənalarda, Azərbaycanın daxili siyasətinə qarışan müəyyən səfirlər, həqiqətən də, radikal müxalifətin yoluxucu xəstəliyinə düçar olub. Çünki məntiqsizliyi göz qarşısındadır. Vay olsun o səfirlərin halına ki, bu cür xəstəliyə tez-tez yoluxurlar. Bizdən isə Allahdan onlara (Qərb ölkələri səfirlərinə-R.) şəfa diləmək qalır...

P.S: Öz aramızdır, bu gün Emil Hüseynlini ciddi-cəhdlə otaqlarında gizlədən İsveçrə səfirliyi də yaman ağ eləyir, haaa!

Digər xəbərlər