Yıxılana balta çalmazlar, heç belə bir niyyətimiz də yoxdur. Bizim baltamız da, qılıncımız da qələmdir, daha doğrusu, klaviatura. Necə deyərlər, Allah klaviaturamıza qüvvət versin. Nizami Gəncəvi, Məhəmməd Füzuli də sağ olsa idi, indi onlar da klaviaturada yazardılar.
Üç gün bundan öncə bir jurnalist həbs olundu, dəqiq desək, reket jurnalistikanın tanınmış simalarından biri. Bu yol heç də uğurlu deyil, sonu bəllidir. İdarə müdirlərini, məmurları, sahibkarları aylıq "tasa" otuzdurmanın axırı belə də olmalı idi. O qədər sayt peyda olub ki, əlifbamızın bütün hərflərini başlığa düzüblər: Saytların yaradılmasına nəzarət edən mexanizm olmayana qədər, hələ bunların sayı bir o qədər də artacaq. 9 milyonluq xalqın qeydiyyatdan keçən 4 min yazılı mətbuatı, yüzlərlə elektron qəzeti var. Bax, dəhşət budur. Bu 4 mindən 5-10-u fəaliyyət göstərir, o biriləri də əgər kimlərsə girməyi bacarsalar, o zaman iki-üç ayda bir tirajlanır. Onu da satışa çıxarmırlar, elə nəmli divarları arasında qala-qala rəngini dəyişir.
Ağdama səfərimiz olmuşdu, bütün ciddi media nümayəndələri orada idi. Ağdamın nə qədər məmur ordusu varsa, hamısı üstümüzə şütüdü. Reket jurnalistlərdən çəkdikləri əziyyətləri bizlərə nəql etməyə başladılar. Onlar danışdıqca biz heyrət içində donurduq. Bu qədər əclaflıqmı olar!? Cəbhə xəttində yerləşən məktəbin qadın direktoruna, təhsil işçisinə zəng vurub onu 1 milyon 500 min manat yeyintidə ittiham edərək ondan 5 min manat pul tələb edən "jurnalist"də vicdan, qeyrətmi olar!? Bu məbləğ bütöv bir məktəbin 10 illik maaşından da çox eləyir. Əxlaqı yüngül qadınlara "jurnalist vəsiqəsi" verib onların vasitəsilə məmurlara şər atmaq bu qədərmi sevinc doğurur sizdə!? Rayonlarımızda, elə Bakının özündə də hər yüz nəfər taksi sürücüsündən onunda "jurnlsist vəsiqəsi" var. Danışdırsan, cibindən qazan qapağına oxşayan bir vəsiqə çıxarır ki, jurnalistəm.
Həmişə demişəm və yenə də deyirəm ki, insanları şantaj etməklə pul qazanan, özlərini "jurnalist" adlandıran fırıldaqçılar bizim kimi maaşa işləyən, sözün həqiqi mənasında mətbuatın bütün yükünü çiyinlərində daşıyan jurnalistlərin əlinə su tökməyə də yaramazlar. Bu dılğırların heç birinin ali təhsilləri də yoxdur, ali təhsili olnlar da ya zoologiyanı, ya kimyanı, ya da əczaçılığı bitiriblər. Şantajla, təhdidlə qazandığın pulu yemək çətindir. Buna əmin ol. Əxlaqsızlıqla qazanılan pul əxlaqsız yetişdirər. Sahibkarlar, kafe, restoran sahibləri, mətkəb direktorları, idarə müdirləri, baş həkimlər əlinizdən qan ağlayır. İnsanları ailəsi, şəxsi həyatı ilə şantaj etməyin səni hansı qapı qarşısında qoyacaqsa, bunu əvvəlcədən təxmin etməlisən. Sizlərin ucbatından indi bütün jurnalistlərə nifrət edirlər. Bir rayona gedib jurnalist olduğunu desən döşəmə taxtasını götürüb dalınca düşürlər. Əgər çata bilsələr 2 metrlik taxtanı düz axıra kimi... Bəs kimə görə? Hər yerindən duran sayt açır, internet televiziya açır, nə bilim aylıq 50 manata ofis tutub jurnalistikadan başqa hər şeylə məşğul olur.