PDF Oxu

Köşə

  • 1 793

Facebookun baş redaktorunu axtaran partiya sədri

Facebookun baş redaktorunu axtaran partiya sədri

Müxalif partiya sədrlərindən birinə zəng vurub bir məsələyə münasibətini öyrənmək istəyirdim. Məsələ də bu idi ki, həmin bu adamı facebookda qrupların birində ağ yuyub qara sərmişdilər, haqqında heç kimə bəlli olmayan məlumatlar da yaymışdılar. Zəng etdim və sosial şəbəkələrdə haqqında müzakirə olunan məlumatın nə dərəcədə doğru olub-olmadığını soruşdum. Düz, bir həftə başımı xarab elədi, gecə saat ikidə, üçdə də zəng edib ağlına gələni danışırdı. Məndən son tələbi bu olmuşdu: "O facebookun baş redaktorunu tap, ya mənim nömrəmi ona ver, ya da onun nömrəsini mənə. Ona başa salacam ki, mən kiməm. Bəlkə pul istəyir... Əllidən-yüzdən verib sildirim o yazıları..." Qısası, mən bu partiya sədrinə facebookun sosial şəbəkə olduğunu, baş redaktorunun olmadığını başa sala bilmədim. Nəticədə məndən incidi.

Üstündən bir müddət vaxt keçmişdi, eşitdim bu adam indi də Azercelli məhkəməyə verməyə hazırlaşır. Sən demə, telefonla SMS yazmağı yenicə öyrənən bu adam elə bilirmiş ki, SMS yazanda balansından pul (kontur) çıxılmır. Gecə-gündüz də SMS yazırmış (hər kimə yazırmışsa özü bilər), bir gün yazdığı SMS getməyib və əsəbləşib. Buna da izah ediblər ki, balansında pul bitib. Elə həngamə də bundan sonra başlayıb.

Dünən məni iki-üç saat davam edən dəli bir gülüş tutmuşdu. Özümdən getmişdim. Televiziyalarda eşitdiyim reklam çarxı xəyalən aparmışdı məni: "70 qəpiyə mətbəx mebeli burada, gəlin aparın, su qiymətinə... Hamı bilir ki, hər gün 70 qəpikdən söhbət gedir. Almağa gedəndə də əlinə bir dənə ayaqlarına üzüm ağacına oxşayan dəlmə-deşik bir stol verib yola salırlar. Di gəl, bir il canın çıxsın ödə. Bu firmanın öhdəsindən ancaq elə bayaq haqqında danışdığım partiya sədri gələ bilər. Gedib yaxasında yapışacaq ki, 70 qəpik demisən, ver gedim. Yoxsa qanımı üstünüzə tökərəm.

Abituriyentərin də sənəd qəbulu başlayıb. Bundan öz məqsədləri üçün istifadə edən o qədər fırıldaqçı meydana çıxıb ki, indi abituriyentlər qəbul imtahanında uğur qazanmaq üçün kitab oxumurlar, dərman axtarırlar. Artıq bu dərmanların reklamı da başlayıb. Guya bu dərmanlar həyəcanı öldürürmüş, içib imtahana girirsən və heç bir həyəcanın da olmur, nəticədə uğur qazanırsan. Yaxşı biznesdir, elə deyilmi? İndi bəzilərinin başı daldan qabağa işlədiyinə görə dərman almağa başlayacaq. İşdən çıxandan sonra mənim alıb gətirməyimi xahiş edən qonşular, qohumlar da var.

P.S. Necə deyərlər, belə adamların ağlı sərçədə olsa idi, sərçə dal-dala uçardı.

Digər xəbərlər